Anadan naxçıvanlı doğulmamısansa…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Milli Məclisin deputatı Siyavuş Novruzovun keçmiş milli təhlükəsizlik nazirı Eldar Mahmudov haqqında açıqlamasından sonra məndə oxuyacağınınza ümid etdiyim bu  yazını yazmaq gərəyi yarandı.

Nə dedi, Siyavuş Novruzov? Dedi ki, heç kim mollalıq eləməsin, prezident bizim bildiyimizdən çox bilir və ən doğrusunu edir.

Əslində Azərbaycanda mollalıq etmək də asan məsələ deyil. Niyəsini hamı bildiyindən, keçək əsas məsələyə…

…Eldar Mahmudov olayı və onun ətrafında gedən proseslərlə biz bir daha o  əsrarəngiz mənzərə ilə qarşı-qarşıya qaldıq. Bəli, əziz oxucu, Azərbaycan adlı bir ölkə illərdir əslən naxçıvanlı olan məmur və deputatların sınaq poliqonuna çevrilib.

Fikir verdinizsə, prosesin bütün iştirakçıları – tifağı dağılan da, onun istintaqını aparan da, istintaqa cəlb olunanlar da, nəhayət, bu və ya başqa  şəkildə adı hallananların hamısı məlum regionun nümayəndələridir.  Yeganə çatışmayan bütün bu baş verənlərə münasibət bildirmək idi, onu da… naxçıvanlı deputat Siyavuş Novruzov üzərinə götürdü. Simvolik şəkildə desək, məclisə hamının səbirsizlikə gözlədiyi aş (plov – X.A.) da gəldi.

…Azərbaycan təkcə Naxçıvandan ibarət deyil və ola da bilməz. Unutmaq lazım deyil ki, fərq ən azı 8,5 milyonun 442 minə olan nisbətinə bərabərdir. Bu 8,5 milyonun içindən olimpiya və dünya çempionları, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş alim və qələm adamları çıxsa da,  ölkəni yönətmək üçün seçim mütləq 442 mindən edilir. Gəlmiş-keçmiş sərkərdələrimizi, dövlət xadimlərimizi, alimlərimizi, şairlərimizi xatırlayın, hərəsi bir regiondan idi… Kimisi Gəncədən, kimisi Bakıdan, kimisi Şamaxıdan, kimisi Lənkərandan idi və s. Bu gün Cahangir Zeynalov kimi nəhəng teatr xadimi, Cavanşir Quliyev kimi bəstəkar xaricdə yaşayıb-yaradırlar. Bəlkə də bir çoxlarınız bilmir, dünyanın gəlmiş-keşmiş… ən güclü 50 riyaziyyatçısından biri  azərbaycanlı alim təxminən 20 ilə yaxındır ki, “mədəni şəkildə” Vətənində işləməkdən məhrum edilib, ABŞ və Türkiyə universitetləri arasında “var-gəl” edir.  Oxşar nümunələr o qədər ki, saymaqla qurtarmaz…

…Eldar Mahmudovun bioqrafiyası ilə tanış olduqca dəhşətə gəlməmək mümkün deyil. Ixtisasca maliyyəçi olan bu şəxs, 2004-cü ildə Milli Təhlükəsizlik naziri təyin olunanadək,  iqtisadi cinayətlərə qarşı idarədə büro rəisi işləyib. El dilində desək, “obaxees” olub . Bu vəzifənin SSRI-də və  Sovet Azərbaycanında nə demək olduğunu yalnız o dövrdə yaşayanlar bilir. Digər respublikalardan fərqli olaraq, bizdə bu vəzifə ictimai iaşə və ticarət müəssisələrinin qənimi anlamına gəlirdi.

Şübhəsizdir ki, Eldar Mahmudovun bu vəzifəyə gətirilməsində həlledici faktor onun naxçıvanlı olması və əlbəttə,  dayıoğlu-bibioğlularının yuxarılarda çox önəmli postlar tutması olub.

…Məlum oldu ki, onun vəzifədə olduğu 11 il ərzində işi-gücü ancaq “obaxaees”lik, loru dildə desək, quldurluq olub. O da məlum oldu ki, bu illər ərzində o da bir çox qohum-əqrəbasını yüksək vəzifələrə gətirərək, onların da oxşar işlərlə məşğul olmasına şərait yaradırmış.

Şəxsən mən bu fikirdəyəm ki, futbol… qapalı bir oyun olsaydı, onu televiziya ilə göstərməsəydilər, hesab tabloda əks olunmasaydı, yığmamızın ilk 11-nin ən azı 9-u  naxçıvanlı olardı.

Futboldan söz düşmüşkən, hazırda bütün ölkə AFFA prezidenti, əslən naxçıvanlı Rövnəq Abdullayevin bu idman növü haqqında primitiv dünyagörüşünün yaranmasını gözləyir. Uğurlar bundan sonra gələcək…

Elə bilməyin ki, bu xəstəlikdən əziyyət çəkən qeyri-naxçıvanlılardır. Əlbbətə yox.

Yazımı əslən Ordubaddan olan qonşum, heyrətamiz insani keyfiyyətləri olan, kiçik biznesmen Cahangirin kədərli faciəsi ilə bitirmək istəyirəm.

Intihar qərarını  bir neçə ay ertələsəydi..,  bu günlərdə 50 yaşı tamam olacaqdı. Heç bir günahı olmadan, təxminən 4 ay  MTN-in zirzəmisində saxlanılandan sonra evini girov qoyub, 100 min manat müqabilində ev dustaqlığına çıxır. Yenidən borca girib, Gəncə məhkəməsində bəraət almağa(!) çalışan  (hakim naxçıvanlı imiş… – X.Ə.) Cahangirin borcu getdikcə artmağa başlayır.

Paralel olaraq pulu və faizini ödəyə bilmədiyinə görə evi ilə vidalaşmağa məcbur edilir. Öz yaxınlarının da vəfasızlığını görən Cahangir intihar etmək qərarına gəlir. Əvvəlcə anasıgildə damarlarını kəsir. Onu ölməyə qoymurlar, xəstəxanaya götürürlər. Palatada ayılan Cahangir özünü 5-ci mərtəbənin pəncərəsindən yerə atır…

Ali savadlı, atası uzun illər məktəb direktoru olmuş Cahangir nə dövlətə xəyanət etmişdi, nə də hansısa bir cinayət törətmişdi. Ondan 100 min manat istəyirdilər, zavallının  isə  o pulu verməyə imkanı yox idi…

Allah rəhmət eləsin!!!