Əsədin Moskvaya qəfil səfərinin pərdəarxası

assad-putin-moscow2015

Sülhəddin Əkbər: «Putin Əsədlə üzbəüz otruraraq Suriyanın gələcəyi ilə bağlı məsələləri müzakirə etmək istəyib»

Suriyanın dövlət başçısı Bəşər Əsəd 5 ildən sonra ilk dəfə xarici səfərə gedib. O, 1 günlük Moskvada olub və Rusiya prezidenti Vladimir Putinlə görüşərək ölkəsindəki hərbi əməliyyatlar barədə müzakirə aparıb.

Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata deyib ki, Əsəd Moskvaya oktyabrın 20-si axşam gəlib. Mətbuat katibinin sözlərinə görə, Əsədin Putinlə görüşündə Rusiya hökumətinin yüksək vəzifəli başqa nümayəndələri də iştirak edib. Peskov müzakirələrin kifayət qədər uzun çəkdiyini deyib.

Mətbuat katibi Əsədin gələcək taleyinin gündəmə gəlib-gəlmədiyi haqda sualı cavabsız buraxıb. Peskov Əsədin ölkəsinə qayıdıb-qayıtmadığı haqda da məlumat verməyib.

Bəşər Əsədin administrasiyasından isə bildirilib ki, o, qısa səfədən sonra Dəməşqə qayıdıb.

“Suriyada keçmiş SSRI respublikalarından 4 min şəxs vuruşur”

“Ölkənizdə baş verən dramatik situasiyaya baxmayaraq, bizim xahişimizi nəzərə alıb Rusiyaya gəldiyinizə görə təşəkkür edirəm”.

Bu sözləri Əsədi qəbul edən Putin onunla görüşü zamanı deyib. Rusiya prezidenti bildirib ki, Suriya terrora qarşı mübarizədə son zamanlar müsbət nəticələr əldə edib: “Beynəlxalq terrorun regionda vəziyyəti gərginləşdirmək cəhdələri bir çox dövlətlərdə ciddi qorxu yaradıb. Bu, bizi də narahat edir. Təəssüf ki, hökumət qoşunlarına qarşı döyüşənlər arasında keçmiş SSRI respublikalarından olan 4 min şəxs da var. Biz imkan verə bilmərik ki, onlar öz döyüş təcrübələri və ideoloji baxışları ilə Rusiya ərazisində peyda olsunlar”.

Putinin sözlərinə görə, Suriyadakı böhran bütün siyasi qüvvələrin, etnik və dini qrupların iştirakı ilə uzunmüddətli siyasi proses nəticəsində həll edilməlidir. ÿ

Bəşər Əsəd öz növbəsində deyib ki, Rusiyanın atdığı addım böhranın daha faciəli ssenari ilə inkişafının qarşısını alıb:ÿ”Əgər sizin addımlarınız olmasaydı, terror daha böyük məkanı əhatə edərək geniş ərazilərə yayılacaqdı”.

Əsəd qeyd edib ki, istənilən hərbi əməliyyat gələcək üçün siyasi addımları ehtiva edir.ÿ”Bizim üçün əsas hədəf suriyalıların öz ölkələrinin gələcəyini necə görmələridir. Terror böhranın siyasi həlli ilə tənzimlənməsində real əngəldir. Təkcə rəhbərlik deyil, bütün xalq öz dövlətinin taleyinin həllində iştirak etməlidir”,- deyə Əsəd vurğulayıb.

Bəs bu qəfil səfərin məqsədi nədir? Bu səfər region üçün nə vəd edir? Bu səfər Rusiya ilə Qərbin razılığa gəlməsinin nəticəsi sayıla bilərmi?

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Suriyada baş verənlər beynəlxalq aləmin gündəmindədir. Rusiyanın hərbi əməliyyatlara qoşulmasının regionda durumu tamamilə dəyişdiyini deyən S.Əkbər vurğuladı ki, hərbi əməliyyatların intensivləşməsi əslində danışıqlar prosesində başlanğıcdır: “Hər kəs danışıqlar prosesində əli güclü oturmaq istəyir. Əsədin Moskvaya səfəri çox ciddi danışıqlardan xəbər verir. Görünür, Rusiya prezidenti Əsədlə üzbəüz otruraraq Suriyanın gələcəyi ilə bağlı məsələləri müzakirə etmək istəyib. Yaxın zamanlar ABŞ-la Rusiya arasında danışıqlar olmalıdır. Bu görüşdə eyni zamanda Türkiyə, Səudiyyə Ərəbistanı və Iran da iştirak etməlidir. Məncə bu, görüşə hazırlıqdan xəbər verir”.

S.Əkbər onu da vurğuladı ki, hazırda Suriyada keçid dövrünün formalaşdırılmasına çalışılır. Bu keçid dövrünün isə Əsədsiz və ya Əsədlə olacağı ciddi müzakirə olunur: “Sentyabrın 3-nə qədər ABŞ və onun müttəfiqləri regionda üstünlük təşkil edirdisə, Rusiya və Iranın proseslərə müdaxiləsindən sonra Əsəd hakimiyyəti müəyyən dərəcədə güclənib. Amma bunun proseslərə həlledici təsir göstərəcəyini düşünmürəm”.

Xəyal