Həbs edilən MTN-çilərdən 5-nin adı bilindi; Keçmiş nazirin ilginc cinayətləri üzə çıxdı

eldar-mahmudov-ve-koEldar Mahmudovun mühüm vəzifə tutan qohumu işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs olunan 7 zabitindən 5-ni adı və vəzifəsi bəlli olub. Trend-in yaydığı məlumata görə, həbs olunanlar arasında MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik Ilqar Əliyev, Transmilli Iqtisadi Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu şəxslər Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham olunur.

Eldar Mahmudov komandasının biznes şəbəkəsi

Bu arada MTN-in həbs edilmiş rəhbər heyəti, onların biznes şəbəkəsi, vəzifədə olan yaxın qohumları ilə bağlı maraqlı məlumatlar yayılıb. Moderator.az-ın yaydığı həmin məlumatları təqdim edirik:

  1. Sabiq nazir general-polkovnik Eldar Mahmudovun qohumları – Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon Idarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş Idarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi).

Eldar Mahmudovun biznes şəbəkəsi – “AG Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OIL”, “Anar OIL”, “Caguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “Indigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri.

  1. MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun qohumları – Rafiq Hümbətov (bacısı oğlu, MTN Xəzər Rayon Idarəsinin rəisi), eləcə də bir neçə digər əməkdaş.

Akif Çovdarovun biznes şəbəkəsi – Bakı şəhəri Nərimanov rayonunda Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesinin monopoliyası, Bakı şəhərində çox sayda marşrut avtobusları, apteklər, geyim mağazaları.

  1. MTN-in Kadrlar Baş Idarəsinin sabiq rəisi general-mayor Əlimusa Əliyevin qohumları – Aqil Məmmədov (kürəkəni, Kəşfiyyat Baş Idarəsinin Avstriya Respublikasında səfir müavini), bir çox rayon rəisləri.
  2. Əlimusa Əliyevin biznes şəbəkəsi – Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar və restoranlar, notarius məntəqələri.
  3. MTN-in Istintaq Baş Idarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin qohumları – həmin baş idarədə bir çox müstəntiqlər və bir çox rayon rəisləri.

Mövlan Şıxəliyevin biznes şəbəkəsi – Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri.

  1. MTN-in Nazir Xidmətinin sabiq rəisi general-mayor Fərhad Vahabovun qohumları – bir neçə rayon rəisi.

Fərhad Vahabovun biznes şəbəkəsi – Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butikləri.

  1. MTN-in Kadrlar Baş Idarəsinin sabiq rəis müavini polkovnik Tehran Babatovun qohumları – bir neçə rayon rəisi və çox sayda digər əməkdaşlar.

Tehran Babatovun biznes şəbəkəsi – Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları.

MTN-in “Moskva” univermağında “10-luq” qızıl əməliyyatı

Sayta daxil olan başqa bir özəl məlumata görə isə bir neçə ay öncə MTN “ayıboğanlar”ı Bakının ən məhşur ticarət məkanlarından olan “Moskva” univermağında əməliyyat keçiriblər. Əməliyyat zamanı onlarla adam istintaqa, yersiz get-gəllərə cəlb olunub və onların əksəriyyətindən külli miqdarda pul aldıqdan sonra sərbəst buraxıblar.

Sən demə, nazirlik əməkdaşları saxta “onluq” qızıl izinə düşüblərmiş və buna görə də adıçəkilən ticarət mərkəzindəki əksər “polka” sahibləri məhşər ayağına çəkilərək incidilib. Baş verənlərdən müfəssəl məlumatlı olan mənbənin bildirdiyinə görə MTN – çilərin nə qədər saxta onluq qızıl tapdıqlarını kimsə bilməsə də həmin əməliyyat zamanı külli miqdarda rüşvət alındığı barədə hamının xəbəri olub. Amma bu günədək hamı “susmaq qızıldır” məsəlinə riayət edərək başına gələni açıb ağartmaq istəməyib. Indi isə necə deyərlər, çərxi – fələk tərsinə dövran etdiyinə görə danışmağa başlayıblar…

MTN şefi “Sədərək” və “Binə” ticarət mərkəzlərindəki sahibkarları necə talayıb?

Eldar Mahmudov haqqında daha bir şok məlumat Binə və Sədərək Ticarət Mərkəzlərində çalışan sahibkarların soyulması ilə bağlıdır. Moderator.az-a məlumat verən mənbə bildirib ki, “Sədərək” və “Binə” ticarət mərkəzlərində ticarətlə məşğul olan 6 şəxsin Eldar Mahmudovun təşəbbüsü ilə qanunsuz yerə həbs edilib və onların hər birindən 50-100 min manat məbləğində pul alındıqdan sonra azad olunub: “Sədərək” və “Binə” ticarət mərkəzləri Eldar Mahmudov və komandasının daimi “oylaq yerlərindən” biri olub. Sözügedən ticarət mərkəzlərində çox az adam tapmaq olar ki, sabiq nazirin qanunsuzluğunun qurbanı olmasın. Bu şəxslərdən altısının üzləşdiyi qanunsuzluq isə öz miqyası və amansızlığı ilə daha çox diqqət çəkir”.

Mənbənin sözlərinə görə, “Sədərək” və “Binə” ticarət mərkəzlərində çalışan sahibkarlardan 6-sı hələ 2014-cü ildə Eladr Mahmudovun zavalına gəlib və işə gəldikdən bir neçə saat sonra özlərini MTN-nin zirzəmisində görüblər:

“2014-cü ildə ”Sədərək” və “Binə” ticarət mərkəzlərində çalışan 6 sahibkar birdən-birə MTN əməkdaşları tərəfindən həsb edilərək MTN-nin zirzəmisinə gətirildi. Bu şəxslər Babayev Balaşirin Ağaşirin oğlu, Əliyev Elvar Layiq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Əhmədov Elman Mustafa oğlu, Cəfərov Etibar Vahid oğlu, Teymurov Natiq Şahmar oğlu idi. Onlara qarşı bir neçə maddə irəli sürüldü ki, bunlardan da biri qaçaqmalçılıq idi. Sahibkarlar ilk əvvəl bunun bir anlaşılmazlıq olduğunu güman edərək bütün qanuni tələblərə riayyət etdiklərini, satdıqları hər bir məhsulun əlaqədar dövlət qurumunda qeydiyyata alındığını bildirdi və bunu təsdiq edən sənədləri MTN əməkdaşlarına təqdim etdi. Lakin qısa zamandan sonra bəlli oldu ki, əslində sahibkarları MTN-ə gətirilməsində yeganə məqsəd onların uzun illər ərzində min bir zəhmətlə qazandıqları pulu əllərindən almaqdır”.

Mənbənin sözlərinə görə, MTN zirzəmisində sahibkarlara elan edilir ki, onlar azadlıqlarını təmin etmək üçün 50-100 min manat məbləğində pul ödəməlidirlər: “MTN əməkdaşları bildirir ki, əgər bu pul qısa müddər ərzində ödənməzsə, o zaman həmin şəxslər ən ağır maddələrlə təqsirləndirilərək uzunmüddətli həbsə məruz qalacaqdır.

Eldar Mahmudovun komandası 6 sahibkarın saxlanmasına hüquqi don geyindirmək və pul verməyəcəkləri təqdirdə onların həbsini reallaşdırmaq məqsədi ilə bu şəxslərin Qaradağ Rayon Məhkəməsinə çıxarılmasına da nail olur. 3 ay müddətində MTN zirzəmisində qalan sahibkarlar burada fiziki-mənəvi işgəncələrə, təhqir və zorakılığa məruz qalır. Vəziyyətdən çıxış yolu tapa bilməyən, haqq səslərini heç hara çatdıra bilməyən sahibkarların hər biri sonda tələb olunan pulu ödəməyə razı olur. Yalnız bundan sonra həmin sahibkarlar azad edilir və onlara “artıq-əskik danışmamaqla” bağlı göstəriş verilir. Bildirilir ki, kimsə onlardan pul alınması ilə bağlı nə isə danışsa, o zaman həmişəlik olaraq MTN zirzəmisinin “qonağı” olacaq”.

Məlumatlı mənbə Eldar Mahmudovun həbsindən sonra sözügedən sahibkarların MTN generallarınn cinayətini araşdıran istintaq qrupuna ifadə verməyə hazırlaşdığını bildirib: “MTN-də həyata keçirilən həbslərdən sonra yüzlələr sahibkar kimi adıçəkilən 6 sahibkar da, istintaq qrupuna müraciət edərək 2014-cü ildə onlardan alnan vəsaitin geri qaytarılmasını tələb etməyə hazırlaşır. Sahibkarlar bununla yanaşı 3 ay ərzində MTN zirzəmisində məruz qaldıqları fiziki-mənəvi işgəncələr, həbsdə olduqlari üçün biznes fəaliyyəti ilə məşğul ola bilmədikləri üçün üzləşdikləri maddi itkilərə görə də kompensasiya tələb edirlər. Sahibkarlar ümid edir ki, onların müraciəti ciddi şəkildə araşdırılacaq və onlardan alınan pulların geri qaytarılması təmin olunacaq”.

Eldar Mahmudovun rəis qohumu işdən çıxarıldı

Eldar Mahmudovun qohumu olan Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin (BTRIB) rəhbəri Beytulla Hüseynov da vəzifəsindən azad olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Trend”ə bildiriblər ki, Beytulla Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.

Bəzi məlumatlara görə, Beytulla Hüseynov artıq saxlanılıb.

MTN-dən Hilal Əsədovla bağlı qəribə açıqlama

Milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovla bağlı yayılan məlumatlara isə MTN tərəfindən qəribə açıqlama verilib. Nazirlikdən ANS PRESS-ə bildirilib ki, Hilal Əsədovun vəzifəsindən azad olunaması ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

“Hilal Əsədov barədə yayılan bütün xəbərlər cəfəngiyatdır. O, hazırda Milli Təhlükəsizlik Nazirliyində iş başındadır. Mətbuatda onun işdən azad olunması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır”, – deyə nazirliyinin açıqlamasında bildirilir.

Nazirliyin bu açıqlaması təəccüb doğurmaya bilməz. Çünki ölkə başçısı Ilham Əliyev ötən gün milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyinatla bağlı sərəncam verib. Indi bu vəzifəni Penitensiar Xidmətin keçmiş rəhbəri Mədət Quliyev daşıyır. Deməli, Hilal Əsədov artıq milli təhlükəsizlik nazirinin birinci müavini deyil. Hər halda bir vəzifəni iki nəfər icra etmir. Belədə Hilal Əsədovun MTN-də hansı işin başında olduğu sual doğurur.

MTN-ə bağlı “reketlər” də istintaqa cəlb oluna bilər

Mətbuat Şurasının “Reket jurnalistikaya” qarşı Mübarizə Komissiyasının üzv, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də “MTN işi” ilə bağlı maraqlı açıqlamalar verib. O, Modern.az-a bildirib ki, 5-6 il əvvəlbir neçə qəzetin adının reket mətbuat orqanları siyahısına daxil edilməsinə baxmayaraq, fəaliyyətlərini israrlı davam etdirirdilər:

“Mətbuat Şurasında bu məsələləri müzakirə edərkən reket adlandırdığımız bir çox mətbuat orqanına hər hansı yolla təsir etmək mümkün olmurdu. Hətta ictimai qınaq, Mətbuat Şurasının ən yüksək səviyyələrdə təsirləri bu adamları öz yolundan çəkindirmirdi.

Ictimaiyyətdə də belə fikir yaranırdı ki, bu tipli reket mətbuatın arxasında hansısa güclü dayaqlar durur. Azərbaycanda medianın kimlərə bağlı olması, hansı medianın kimlərlə əlaqəli olması asan görünən məsələdir və bunu dərindən araşdırmağa ehtiyac yoxdur. Onlar elə yerlərə bağlı idilər, elə informasiyalar dərc edirdilər ki, hətta Azərbaycanın ən nüfuzlu nazirlərinə, dövlət adamlarına qarşı o qədər məxfi, məlum olmayan informasiyaları ard-arda dərc edirdilər.

Nəticədə o dəqiqə biz şübhələnirdik ki, bunun hansısa xüsusi xidmət orqanlarındakı adamlarla əlaqələri ola bilər”.

Rəşad Məcid qeyd edib ki, həmin reket mətbuat orqanları bu dərəcədə cəsarətli, məxfi məlumatları əldə edə biləcək statusda deyil və heç kim tanımır: “Bəzən hətta bunu xüsusi xidmət orqnalarının əməkdaşları ilə bağlayırdılar və biz təəssüf edirdik ki, niyə bu qədər nüfuzlu qurum olan və hər zaman öz gizliliyi, saflığı ilə seçilən milli təhlükəsizlik orqanlarının hansısa yüksək rütbəli məmurları bu cür cılız işlərlə məşğuldurlar, hansısa məmurları şantac etmək üçün bu cür primitv və istedadsız qəzet adamlarını, ”jurnalistləri” vasitə seçirdilər.

Bu qəzetlərin, redaktorların, jurnalistlərin toxunulmazlığı onların arxasındakı qüvvələrin mövcudluğundan xəbər verirdi. O qüvvələr hesabına bu qəzetləri nə bağlamaq mümkün olurdu, nə də onlara hansısa təsir imkanı mümkün idi. Indi bu məsələ yenidən gündəmə gəlibsə, bir neçə qəzetin MTN-nin həbs olunan generalları ilə əlaqəli olması üzə çıxacaq.

Nəticədə Azərbaycanda ayrı-ayrı iş adamlarının, hətta məmurların bu cür yolla şantac edilməsi məsələləri də araşdırılacaq”.