Bəşər Əsəd gizli şəkildə Moskvaya getdi VİDEO

“Ölkənizdə baş verən dramatik situasiyaya baxmayaraq, bizim xahişimizi nəzərə alıb Rusiyaya gəldiyinizə görə, təşəkkür edirəm”.

Bu sözləri Moskvaya gəlmiş Suriya prezidenti Bəşər Əsədi qəbul edən Putin onunla görüşü zamanı deyib.

Rusiya prezidenti bildirib ki, Suriya terrora qarşı mübarizədə son zamanlar müsbət nəticələr əldə edib:“Beynəlxalq terrorun regionda vəziyyəti gərginləşdirmək cəhdələri bir çox dövlətlərdə ciddi qorxu yaradıb. Bu, bizi də narahat edir. Təəssüf ki, hökümət qoşunlarına qarşı döyüşənlər arasında keçmiş SSRİ respublikalarından olan 4 min şəxs da var. Biz imkan verə bilmərik ki, onlar öz döyüş təcrübələri və ideoloji baxışları ilə Rusiya ərazisində peyda olsunlar”.

Putinin sözlərinə görə, Suriyadakı böhran bütün siyasi qüvvələrin, etnik və dini qrupların iştirakı ilə uzunmüddətli siyasi proses nəticəsində həll edilməlidir.

Bəşər Əsəd öz növbəsində deyib ki, Rusiyanın atdığı addım böhranın daha faciəli ssenari ilə inkişafının qarşısını alıb: “Əgər sizin addımlarınız olmasaydı, terror daha böyük məkanı əhatə edərək geniş ərazilərə yayılacaqdı”.

Əsəd qeyd edib ki, istənilən hərbi əməliyat gələcək üçün siyasi addımları ehtiva edir. “Bizim üçün əsas hədəf suriyalıların öz ölkələrinin gələcəyini necə görmələridir. Terror böhranın siyasi həlli ilə tənzimlənməsində real əngəldir. Təkcə rəhbərlik deyil, bütün xalq öz dövlətinin taleyinin həllində iştirak etməlidir”,- deyə Əsəd vurğulayıb (strateq.az).

***

Suriyanın dövlət başçısı Bəşər Əsəd 5 ildən sonra ilk dəfə xarici səfərə gedib. O, 1 günlük Moskvada olub və Rusiya prezidenti Vladimir Putinlə görüşərək ölkəsindəki hərbi əməliyyatlar barədə müzakirə aparıb.

Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata deyib ki, Əsəd Moskvaya oktyabrın 20-i axşam gəlib. Mətbuat katibinin sözlərinə görə, Əsədin Putinlə görüşündə Rusiya hökumətinin yüksək vəzifəli başqa nümayəndələri də iştirak edib. Peskov müzakirələrin kifayət qədər uzun çəkdiyini deyib.

Mətbuat katibi Əsədin gələcək taleyinin gündəmə gəlib-gəlmədiyi haqda sualı cavabsız buraxıb. Peskov Əsədin ölkəsinə qayıdıb-qayıtmadığı haqda da məlumat verməyib.

Bəşər Əsədin administrasiyasından isə bildirilib ki, o, qısa səfədən sonra Dəməşqə qayıdıb.

azadliq.info