Arif və Leyla Yunusun məhkəməsi yenə təxirə salındı VİDEO

leylayunus-arifyunus2

Vəkilin qeydlərinə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi

Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Leyla və Arif Yunusun apelyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. Əvvəlki prosesdəə yeni qoşulan vəkil Elçin Sadıqov protokollarla tanış olmaq üçün vaxt istəmişdi. Dünənki proses zamanı hakim qeyd edib ki, vəkil protokola qeydlər edib. Qeydlərə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Buna görə də proses qeyri-müəyyən vaxta təxirə salındı. Məhkəmə prosesində səfirliklərin və ictimaiyyətin nümayəndələri, o sıradan AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli iştirak edib.

Məhkəmədə iştirak etmiş siyasi liderlər prosesdən sonra açıqlama verərək Leyla xanımın səhhətindən ciddi narahat olduqlarını bildiriblər.

Milli Şuranın sədri Cəmil Həsənli: “Bilirsiz, bu prosesdə Leyla xanım həyatını itirə bilər. Onun vəziyyəti çox ağırdır. Bu, açıq-aydın görünürdü. Bu prosesdə birinci növbədə Leyla xanıma və Arif Yunusa çox böyük haqsızlıq olunub. Bunun qanunla, hüquqla heç bir əlaqəsi yoxdur. Onlar siyasi mülahizələrlə həbs olunublar. Ümumiyyətlə, belə halda Leyla xanımı həbsdə saxlamaq olmaz. Onun xəstəliyi kifayət qədər ağır xəstəlikdir. Bu halda onu həbsdə saxlamaq Azərbaycan Konstitusiyasına, qanunlarına, Azərbaycanın qoşulduğu Beynəlxalq konvensiyalara tamamilə ziddir. Onların yeganə cinayəti bu ölkənin namuslu vətəndaşı olmalarıdır. Onlar üzərinə düşən görəvi layiqincə yerinə yetirən adamlardır. Çox təəssüf edirəm ki, belə insanlar hakimiyyətin represiyalarına məruz qalıblar”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məhkəmə prosesinin yubadılmasına münasibətini belə ifadə edib: “Heç bir normal məhkəmə baxışından söhbət gedə bilməz. Minlərlə azərbaycanlının hüqlarını qoruduğuna, Azərbaycan hökumətini dünya miqyasında ifşa edib bütün əməllərini dünyaya çatdırdığına görə açıq-aşkar Leyla xanımdan qisas alırlar. Onu faktiki bizim gözümüzün qabağında məhv edirlər. Bu məhkəmə deyil. Bu adddımlar adamın cinayət əməlini sübut eləmək cəhdi deyil, onsuz da burda heç bir cinayətdən söhbət gedə bilməz. Burda açıq-aşkar ağır xəstə olduqlarını bildikləri adamın məhkəmə prosesini uzada-uzada onun həyatına təhlükə yaratmaq istəyirlər. Leyla xanımın həyatına təhlükə çox böyükdür. Azərbaycan Hakimiyyəti bilməlidir ki, Leyla xanımın həyatına görə məsuliyyət daşıyır”.

azadlıq.info