Məqsəd sülhməramlıdırsa, buna uyğun siyasət yürüdülməlidir
Xəbər verildiyi kimi, Iran Həştərxan və Bakı dəniz limanlarına hərbi gəmilər göndərib. Iran müdafiə sahəsində əlaqələri genişləndirmək üçün Xəzərdə Rusiya HDD ilə təlimləri davam etdirməyə hazır olduğunu bildirib.
Oktyabrın 18-də FARS agentliyinə müsahibəsində Iran HDQ-nin kapitanı Əhməd Reza Bakeri üç Iran hərbi gəmisinin Həştərxana doğru hərəkətə başladığını bildirib. O deyib ki, “Davamand” eskadra mina gəmisindən, “Coshan” və “Peykan” raket daşıyıcılarından ibarət donanma Rusiyaya gedəcək. Bakeri bildirib ki, Rusiyadan başqa, müdafiə sahəsində əlaqələrin genişləndirilməsi və donanmanın şəxsi heyətinin və silahların qiymətləndirilməsi məqsədilə Azərbaycana da Iran gəmiləri göndərilib.
Xatırladaq ki, avqustun 11-də Iranın “Davamand” raket eskadra mina gəmisi və RF HDD-nin gəmiləri artıq Iranın Ənzəli limanı yaxınlığında birgə təlimlər keçirib.
Azərbaycan və Rusiya HDD-nin donanmaları da bir neçə birgə təlim keçiriblər.
Politoloq Elxan Şahinoğlu söyləyir ki, Rusiya və Iran Xəzərin hərbisizləşdirilməsini irəli sürdükləri halda, bu qaydanı özləri pozurlar. Politoloqun fikrincə, onlar hərbi təlimlərin sayını artırmaqla bu ideyanın əksinə getdiklərini nümayiş etdirirlər: “Rusiyanın bu yaxınlarda Suriyaya məhz Xəzərdən raket zərbələri endirməsi məsələsi narahatedicidir. Halbuki bu əməliyyatı Xəzərdən deyil, Aralıq dənizindən də həyata keçirmək olardı. Iran da sanki bu prosesə qoşulub və Rusiya ilə arasında Xəzərlə bağlı bir müttəfiqlik yaranıb. Rusiya Ermənistanın strateji müttəfiqidir və bu gün Suriyada hərbi əməliyyatlar həyata keçirirsə və bunu müttəfiq olmasıyla izah edirsə, sabah başqa müttəfiqi olan Ermənistanı da Xəzərdən müdafiə etmək haqda düşünə bilər və bunu həyata da keçirə bilər. Bu baxımdan hərbi təlimlər məsələsinə Azərbaycan hakimiyyəti rəsmi reaksiya verməli və bunu araşdırmalıdır. Onların diqqətinə çatdırılmalıdır ki, məqsəd sülh təlimləridirsə, buna uyğun da siyasət yürüdülməlidir. Çünki Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzərdə belə genişmiqyaslı hərbi təlimlər keçirməyib”.
Nigar