Türkiyənin Avropa Birliyinə üzvlüyü Azərbaycana nə vəd edir?

fuad-qehremanli-enyeniFuad Qəhrəmanlı: «Türkiyənin AB-yə üzvlüyü Brüsselin rəsmi Bakıya təsir imkanlarını artıracaq»

Almaniyanın Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesinə yardım edəcəyini bildirməsi maraq doğurur. Türkiyəyə səfəri zamanı Almaniya kansleri Angela Merkelin açıqlamaları Türkiyə-AB münasibətlərində yeni səhfə açır. Merkelin sözlərinə görə, prosesin detalları müzakirə olunacaq. Bir qədər əvvəl məlumat verilirdi ki, Avropa Birliyi miqrant axını ilə mübarizədə yardımın əvəzinə Türkiyəyə 3 milyard avro təklif edə, viza rejimini sadələşdirə və üzvlüklə bağlı danışıqlara başlaya bilər.

Bundan əlavə, AB liderlərinin sammitində AB və Türkiyə liderləri miqrasiya böhranının həllində birgə hərəkət planı ilə bağlı razılığa gəliblər. Bəs Türkiyənin AB perspektivi Azərbaycan qarşısında hansı imkanları açır? Azərbaycanın yaxın müttəfiqinin AB-yə üzvlüyü ölkəmizə necə təsir edə bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Merkelin bu bəyanatı Türkiyə qarşısında açılan kifayət qədər ciddi imkanlardan xəbər verir. Türkiyənin AB-yə üzvlüyünün indiyə qədər Almaniya və Fransanın əngəllədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, AB-ın aparıcı ölkəsi olan Almaniyanın mövqeyinin dəyişməsi, Türkiyəyə təşkilata üzvlüklə bağlı dəstək verəcəyini bəyan etməsi artıq üzvlüklə bağlı əhəmiyyətli mərhələnin keçilməsi deməkdir: “Bu dəstək müəyyən mənada Türkiyə üçün Avropa Birliyinin qapılarını açır. Merkelin bəyanatı bu məsələyə müsbət yanaşmayan digər Avropa ölkələrinin də mövqeyini təsir edəcək. Ona görə də bu məsələyə təkcə Almaniyanın mövqeyi kimi baxılmamalıdır. Gözləmək olar ki, digər Avropa ölkələri də bundan sonra yaxın gələcəkdə Türkiyənin üzvlüyünə tərfdar olacaqlar”.

Türkiyənin AB-yə üzvlüyünün Azərbaycana nə vəd etdiyinə gəldikdə isə F.Qəhrəmanlı bildirdi ki, Türkiyə ilə Azərbaycan strateji partnyorlardır. Iki ölkə arasında siyasi, təhlükəsizlik, mədəni baxımdan kifayət qədər sıx bağların olduğunu deyən AXCP yetkilisi qeyd etdi ki, Türkiyənin AB üzvü kimi çıxış etməsi Azərbaycanın da AB-yə inteqrasiyasında stimullaşdırıcı təsir edəcək: “Bu proses başlayacağı təqdirdə Türkiyə Azərbaycanla münasibətlərini Avropa Birliyinin üzvü kimi quracaq. Türkiyə də maraqlı olacaq ki, Azərbaycan Avropa Birliyinə inteqrasiya etsin. Nəticədə Türkiyə Avropa Birliyindəki imkanlardan bu istiqamətdə istifadə etməyə çalışacaq”.

Azərbaycan hakimiyyətinin Assosiasiya Sazişini imzalamaqdan imtina etdiyini xatırladan F.Qəhrəmanlı bildirdi ki, Azərbaycanın indiki hakimiyyəti AB-yə inteqrasiyada maraqlı deyil. “Belə olan təqdirdə Türkiyənin Avropa Birliyinə daxil olması ilə təşkilatın Azərbaycan üzərində təsir imkanları artmış olacaq. Eyni zamanda bu artıq Avropa Birliyinin mövqeyinin Şərqə doğru genişlənməsi, bu qrumun regionumuzda təsir imkanlarının artmasına yol açacaq. Nəticədə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasına təsir göstərən faktorlar güclənəcək. Türkiyənin Avropa Birliyinə daxil olması Brüsselin həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan rəsmi Bakıya təsir imkanlarının artmasına şərait yaradacaq”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal