Rusiya “İŞİD”lə manipulyasiya edir

 

kremlRahim Hacıyev: «Rusiya «İŞİD» təhlükəsi adı altında Azərbaycanı öz çətiri altına almaq istəyir»

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində “Islam Dövləti” (IŞID) təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb.

Putin bildirib ki, hazırda IŞID sıralarında keçmiş SSRI respublikalarından 5 minə yaxın döyüşçü var və onlar geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.

Virtualaz.org-unÿxəbərinə görə, lenta.ru bu mövzudan çıxış edərək “Islam Dövləti” sıralarında döyüşənlərin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana qarşı nə dərəcədə təhdid olduğuna dair məqalə ilə çıxış edib.

Məqalədə qeyd olunur ki, Gürcüstanın Pankisi dərəsi çeçen müharibəsi zamanı ekstremistlərin sığınacağına çevrilib, qonşu Azərbaycanda isə dini ekstremistlərin sayı sürətlə artır: “Regiona Suriyada döyüş təcrübəsi qazanmış yeni ekstremistlərin gəlişi sabitliyi içəridən sarsıda və Rusiyaya problemlər yarada bilər”.

Məqalədə qeyd olunur ki, müxtəlif məlumatlara görə  Suriyada olan Azərbaycan vətəndaşlarının sayı 400-dən 1000-ə qədərdir. Hətta Suriyada əlahiddə “Azərbaycan batalyonu” da var.

Bildirlir ki, Yaxın Şərqdə sünni-şiə qarşıdurmasının dərinləşməsi də Azərbaycan üçün təhlükədir. Bu, ölkədə sünni azlığı ilə şiə çoxluq arasında münasibətlərin pisləşməsinə gətirib çıxara bilər. Verilən məlumatda bildirilir ki,

Azərbaycan terror qruplaşmaların tərkibində döyüşənlərin ölkəyə geri qayıtmasını əngəlləmək üçün tədbirlər görür, belələri yaxalananda 20 il həbsə məhkum edilə bilər.

Lakin “Islam Dövləti” bu regionu hərbi ekspansiya obyekti kimi deyil, canlı qüvvə mənbəyi kimi nəzərdən keçirir. Yəni Suriyadan qayıdanlarla yanaşı ölkə daxilindəki IŞID tərəfdarları da ciddi təhlükə mənbəyidir.

rahim-yeni

Məsələni şərh edən politoloq Rahim Hacıyev bir neçə gün öncə Qazaxıstanda MDB dövlət başçılarının sammitində müəyyən sənədlər qəbul olunduğunu xatırladır. Sənədlərin birində isə terrorla mübarizə adı altında MBD dövlətlərinin müəyyən strukturlarının yaradılması nəzərdə  tutulurdu. Söhbət də ilk növbədə “IŞID”dən gedir:

“Biz bu məsələyə dərhal münasibət bildirərək qeyd etmişdik ki, müxtəlif adlar altında MDB dövlətlərinin daha sıx inteqrasiyasına çalışan Putin artıq ”IŞID” təhlükəsini əsas gətirərək MDB-yə daxil olan dövlətlərin müəyyən platformalar əsasında birləşməsini təmin etməyə çalışır. Xüsusi qeyd eləmək lazımdır ki, son illər ərzində Putinin hətta keçmiş Sovet Ittifaqını bərpa etməsi məsələsi də ortaya çıxıb.  Putinin keçmiş sovetlər ittifaqını daha sıx birləşdirməyə çalışması onu bərpa etmək cəhdi kimi də qiymətləndirilib. Bəlli olduğu kimi, Rusiya iqtisadi cəhətdən zəifdir və xüsusilə də son dövrlər baş verən hadisələr, sanksiyalar, neftin qiymətinin düşməsi onun iqtisadi vəziyyətini hədsiz dərəcədə pisləşdirib. Amma Putin MDB dövlətlərinin daha sıx inteqrasiyasına nail olmaq cəhdindən əl çəkmir və “IŞID”lə mübarizə adı altında bu platforma əsasında onların əməkdaşlığını təmin etmək yolu tutub. Təbii ki, bütün bunlar Rusiyanın rəhbərliyi altında olacaq. Əslində, Rusiya bu dövlətləri özünə daha ciddi şəkildə bağlamaq fikrindədir. Təəccüblü deyil ki, Azərbaycanda “IŞID” təhlükəsi barədə yazı dərhal, sammitdən bir neçə gün sonra Rusiyanın lenta.ru saytında çıxıb. Bu, sifarişli bir yazıdır. Rusiya “IŞID” təhlükəsi adı altında Azərbaycanı da öz çətiri altına almaq istəyir. Müəyyən strukturlar yaratmaq və onların fəaliyyətini təmin etmək. Başlıca məqsəd məhz Azərbaycanı da öz təsiri altına salmaqdır. Lenta.ru-da çıxan yazı əslində, bunun bir göstəricisidir”.

R.Hacıyev söyləyir ki, “IŞID” təhlükəsi mövcud olsa da, bizimçün Rusiyanın elan etdiyi və istədiyi kimi böyük təhlükə həddində deyil. Təhlükənin mövcudluğu nəzəri olsa da mümkündür, lakin Rusiyanı maraqlandıran başlıca məsələ Azərbaycanı da bu platformada özünə daha çox yaxınlaşdırmaq və MDB ölkələrinin daha sıx inteqrasiyasına nail olmaqla onları sadəcə olaraq öz təsiri altında saxlamaqdır.

Nigar