Nazir oğlunun şirkəti əlindən alınıb?

ziya-anar_memmedovlarAnar Məmmədova məxsus «M.Trans» MMC-nin Afaq Bəşirqızının oğluna verildiyi bildirilir; Ziya Məmmədov isə dünəndən işə çıxıb

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri – “M.Trans” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.

Bu barədə “Azərfaks”a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən “M Trans” MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.

Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir. Mənbə bildirib ki, sözügedən MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları – qardaşı və baçısı oğlanları rəhbərlik edib. Indi “M Trans”ın başına xalq artistinin oğlunun keçməsi şirkət işçilərinin də təəccübünə səbəb olub.

S.Təhməzovun nəqliyyatçı olmadığını deyən mənbə onun polis orqanlarında çalışdığına dair məlumatlar dolaşdığını bildirib və əlavə edib ki, bu təyinatın konkret olaraq Məmmədovlara aidiyyətinin olub-olmadığı məlum deyil. Mənbənin sözlərinə görə, “M Trans” MMC-nin fəaliyyəti hazırda araşdırma predmeti olduğundan S.Təhməzovun şirkətə rəhbərlik etməsinin Məmmədovların iradəsinə söykənmədiyini də ehtimal etmək olar: “Bu barədə konkret nəsə demək çətindir. Çünki hazırda nəqliyyat sistemində çox qarışıq bir vəziyyət yaranıb”.

“M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580H-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

“M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün “M-Trans” MMC-yə müvafiq lisenziyalar verilib.

2005-ci ildən isə “M-Trans” MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, Iran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yanaşı, Ucar, Ağsu, Quba və sairə rayonlarındakı avtovağzallar da “M Trans” MMC-nin nəzarətindədir.

Nəqliyyat Nazirliyindən baku.ws-ə bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

Bu arada Qafqazinfo.az saytı məlumat yayıb ki, Nəqliyyat Nazirliyində Ziya Məmmədovun iştirakı olmadan toplantı keçirilib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumatın əsassız olduğunu deyib. “Nəqliyyat naziri Ziya Məmmədov məzuniyyətdən sonra artıq işə çıxıb və hazırda kabinetində iş başındadır”,- deyə o, “Azadlıq”a bildirib.

Onun sözlərinə görə, Ziya Məmmədovun məzuniyyəti oktyabrın 23-də başa çatır. Buna baxmayaraq o işə gələrək müəyyən tapşırıqlarını verib. Qurumun sözçüsü əvvəlki illərdə də nazirin vaxtından əvvəl məzuniyyətdən qayıtması hallarının olduğunu qeyd etdi. Namiq Həsənov dünən nazirlikdə hər hansı toplantının keçmədiyini də bildirib.