«Azərenerji»də maaşların gecikdirilməsi «Azərişıq»dan asılıdır»
Energetika naziri Natiq Əliyev “Azərenerji” ASC-də maaşların gecikdirilməsi məsələsinə aydınlıq gətirib. Oxu.az-ın məlumatına görə, nazir bildirib ki, adıçəkilən qurumun maaşlarının verilməsi məsələsi “Azərişıq”dan asılıdır: “Bilirsiz, ”Azərenerji”nin fəaliyyəti ondan ibarətdir ki, elektrik enerjisinin vəsaitləri vaxtı-vaxtında ona gəlib çatmır. Onun yığımları hələ də “Azərişıq”dan asılıdır”.
Natiq Əliyev daha sonra deyib ki, “Azərişıq” elektrik enerjisinin pulunu yığır, sonra isə bunu “Azərenerji”yə köçürür. “Azərenerji” isə bu vəsaitləri işçilərin maaşına, nəqliyyat və digər xərclərə istifadə edir. “Bu, zəncirvari bir məsələdir. ”Azərişıq” vaxtı-vaxtında, tam şəkildə “Azərenerji”yə pulunu ödəyirsə, burda heç bir problem olmur, ancaq yenə deyirəm, gecikmələr olur”, – deyə Natiq Əliyev əlavə edib.
“Bu ümumi qaydada olan məsələdir, yəqin ki, öz aramızda bunu həll edəcəyik”. Bu sözləri isə “Report”a açıqlamasında “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev “Azərişıq”ın “Azərenerci”yə olan borcu ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Borcun məbləğini açıqlamayan Etibar Pirverdiyev “Azərenerji”nin Türkiyə enerji bazarına girməsindən xəbərsiz olduğunu deyib.
Etibar Pirverdiyev onu da qeyd edib ki, “Azərenerji” yeganə qurumdur ki, götürdüyü kreditləri özü qaytarır. Işçilərin maaşının gecikməsinə aydınlıq gətirən ASC rəhbəri bunun bir sıra səbəblərdən asılı olduğunu deyib: “Bir sıra səhələrdə yubanmalar oldu, ona görə də maaşlar bir aya qədər gecikdi”.
Etibar Pirverdiyev təmsil etdiyi qurumun vergi borcların əsas hissəsinin ötən illərdən qaldığını deyib: “Biz hər il birbaşa olaraq Vergilər Nazirliyinə 150 mln. Manata qədər pul ödəyirik. Hələ mən sosial vergiləri buna aid eləmirəm. Borcların çoxu kolxoz-sovxoz dövründən qalıb. Hər il də onun üzərinə 36 faiz əlavə borc gəlir”.