«Bəzən dövlət başçılarının xarici kəşfiyyatla əlaqələri ortaya çıxır»
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir. Azərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı səfiri olmuş diplomat Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi ilə bağlı ilginc açıqlama yayıb.
O, facebook səhifəsində Mahmudovun “vurulma” səbəblərinə dair mülahizələrini və məlumatlarını paylaşıb. Səfir iddia edir ki, bu, Mahmudovun ölkə başçısının qəzəbinə tuş gəldiyi ilk hal deyil. Bir dəfə də o, biznes strukturlardan birindən şantajla çox böyük məbləğ alıb və onu lazım olduğu üzrə “ümumi katyol”a çatdırmayıb. Bu barədə Ilham Əliyev xəbər tutanda o, vəzifəsini itirməyin bir addımlığında olub. Lakin tutduğu əmələ görə böyük məbləğdə cərimə ödəyərək vəziyyətdən çıxa bilib. Keçmiş səfirin yazdığına görə, həmin vaxt Mahmudovun vəziyyətdən çıxmasına onun ailəsinin prezidentin ailəsi ilə yaxın münasibətləri dəÿ təsir göstərib.
Arif Məmmədov iddia edir ki, Mahmudov həqiqətən də Beynəlxalq Bankdan böyük məbləğdə pul götürüb və pulların əhəmiyyətli hissəsi yoxa çıxıb. Müəyyən edilmiş vaxtda o, götürdüyü vəsaiti qaytara bilməyib. Bundan başqa, götürülən pullar Mahmudovun başqa bir qohumu Çingiz Əsədullayevin rəhbərlik etdiyi “Azəriqazbank” üzərindən üçüncü ölkələrə ötürülüb.
Keçmiş səfirin yazdığına görə, Mahmudov Israil kəşfiyyatı ilə güclü şəxsi əlaqələr yaradıb. Bu isə Moskvanı narahat etməyə bilməzdi. A.Məmmədov güman edir ki, Moskva keçmiş nazirlə bağlı hansısa ciddi kompromat əldə edib və onu Astanada prezidentlərin görüşündə Ilham Əliyevə çatdırıb.
E.Mahmudovun Israil kəşfiyyatı ilə əlaqələrin dərinləşməsi üzündən postundan olduğu versiyasına təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayılın mövqeyini öyrəndik. I.Ismayıl bildirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın fəaliyyəti nəticəsində bəzən hətta dövlət başçıları əməkdaşlığa cəlb edilir: “Bəzən dövlət başçılarının xarici kəşfiyyatla əlaqəsi olub və bu üzə çıxıb. Bu mümkündür. Belə faktlar bir sıra Afrika ölkələrində və Avropada meydana çıxıb. Amma Israil kəşfiyyatı ilə Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlığı var idi və bu, zaman-zaman üzə çıxırdı. Hətta etiraflar da olunurdu ki, iki ölkənin kəşfiyyat orqanları arasında əlaqələr var. Islam radikalçılarına qarşı Israil ilə informasiya mübadiləsi olurdu. Amma nazirin Azərbaycanın dövlət maraqlarının ziddinə olaraq Israil kəşfiyyatına işləməsi ciddi ittihamdır. Bu, dövlətə xəyanət deməkdir. Mən məsələnin bu həddə çatmağına inanmıram”.
I.Ismayıl onu da bildirdi ki, təxminən iki aydır ki, E.Mahmudovun işdən azad olunacağı ilə bağlı xəbərlər dolaşırdı. “Bir neçə ay idi söhbət gedirdi ki, Eldar Mahmudov işdən çıxarılacaq. Səbəb kimi də tamam başqa məqamlar qeyd olunurdu. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərəm. Amma Israil kəşfiyyatı ilə əlaqənin olması kimi ittiham isə iki ay müzakirə olunmur. Bu fakt bilinən kimi məsələyə reaksiya verilir. Burada başqa səbəblərin olduğu hiss olunur, nəinki dövlətə xəyanət və başqa məqamlar”, deyə I.Ismayıl vurğuladı.
Xəyal