Seçkilərə çox az vaxt qalıb. Hazırkı mənzərə onu deməyə əsas verir ki, 1 noyabr seçkiləri “rəhmətə gedib”. Bu acınacaqlı reallığı hakimiyyət də başa düşür və buna görə də müxtəlif vasitələrlə seçki fəallığı yaratmaq istəyirlər.
Bu mənada prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun gənclərə çağırışı xüsusilə diqqət çəkəndir: “İnanıram ki, gənclər təşkilatları gənclərin seçkilərdə iştirakı ilə bağlı iş aparacaqlar. Prezident İlham Əliyev də deyib ki, bizə məsuliyyətli gənclik lazımdır. Sadəcə gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik”-deyə Əli Həsənov bildirib.
Əvvəla onu qeyd edək ki, gənclərdən belə bir xidmət gözləmək absurddur. Çünki, “ölmüş” seçkini diriltmək gənclərin səlahiyyətində deyil. Əgər beynəlxalq aləm, ölkədəki real müxalifət seçkini boykot edibsə, 500-ə yaxın şəxs namizədlikdən imtina edibsə, təbliğat-təşviqat üçün bütün imkanlar qapadılıbsa, gənclər nə edə bilər? Birdə ki, bu ölkənin istənilən gənci Azərbaycandakı “seçki ənənəsi” ni gözəl bilir. Təhsil haqlarını azlatmaq, tələbə yataqxanaları tikmək, yüksək təqaüd vermək, işlə təminat məsələləri gündəmə gələndə, gənclərin taleyi heç kimi maraqlandırmır. Amma təyinatlı deputatlara legitimlik qazandırmaq məsələsi ortaya çıxanda, gənclər dəyərli vətəndaşa çevrilir.
Digər tərəfdən Əli Həsənov “gördüklərinizi təbliğ edin, başqa heç nə istəmirik” söyləyir. Məsələ burasındadır ki, bu ölkədə gördüklərin təbliğ edənlər şərlənərək həbs olunub. Ölkədəki korrupsiyanı, monopoliyanı, təhsilsizliyi, məmur özbaşınalığını, saxtakarlığı təbliğ edənlər, “vətən xaini” kimi təqdim edilir, şantaj olunur, məhrumiyyətlərə düçar olur.
Konkret seçkilərə gəlincə, vəziyyət daha acınacaqlıdı. İstənilən gənc topa bülletenlərdən, “korusel” lərdən, seçkidən əvvəl hazır olan siyahılardan xəbərdardı. Üstəlik, gənclər bilir ki, ATƏT seçki müşahidəçiliyindən imtina edib, Avropa Parlamenti boykot çağırışı edib, real müxalifət seçkidə iştirak etmir və.s Bütün bunlardan sonra isə məlum olur ki, meşəbəyi və köməkçisi, rəngsaz, dülgər, tərbiyəçi, satıcı süni rəqabət görüntüsü üçün namizədliklərini irəli sürüblər. Yəni, gənclər gördüklərini təbliğ etsələr, bu hakimiyyətin daha çox ifşa olunmasına xidmət edəcək.
Bəli, ölkə gənci hər gün mətbuatdan xəbər tutur ki, filan nazirin milyonluq şirkəti, media-holdinqi, dünyanın müxtəlif yerlərində biznes imperiyası var. Xəbər tutur ki, ölkəyə gətirilən banandan tutmuş, quru südə qədər bütün məhsullar hansısa məmurun inhisarındadır. Həmin gənc görür ki, ölkənin tanınmış, vicdanlı ictimai-siyasi xadimləri şərlənərək həbs olunub.
Cənab Həsənov, doğurdanmı siz bunu istəyirsiz?
Axı, düşünmək qabiliyyəti olan hər bir gənc büdcəmizin 5 milyard azaldığını, ixracın 47 faiz aşağı düşdüyünü, xarici borcumuzun 25 milyarda çatdığını, 2.5 milyon vətəndaşın kredit faizləri altında əzildiyini, demokratik dünya ilə münasibətlərin korlandığını görür.
Son olaraq isə ölkə gəncləri Milli Təhlükəsizlik Nazirliyinin hansı vəziyyətdə olduğunu, bir istefanın üzə çıxardığı gerçəkləri gördü.
Bir sözlə, Əli Həsənovla tam razıyıq və onun tapşırığına əməl etmək lazımdı. Yəni, gənclər gördüklərini təbliğ etməlidir. Amma Əli Həsənov da söz versin ki, gördüyünü təbliğ edənləri şərləyib həbsə atmayacaqlar.