Ötən saylarımızda Qobustandakı qapalı həbsxanada ömürlük cəza çəkən Vüqar Əliyevin açlıq aksiyası keçirməsi ilə bağlı məlumat vermişdik. Bu barədə redaksiyamıza bir neçə gün əvvəl onunla görüşdə olmuş valideynləri bildirmişdilər. Məhbusun anası Məlahət İsmayılova bildirmişdi ki, Vüqar bütün səlahiyyətli adamlardan bu haqsızlığın aradan qaldırılması üçün kömək istəyib. Amma şikayətinə baxan yoxdur. Bu adam 12 il yarımdır ki, Aslan Aslanovun sifarişilə zülm altındadır. Bu zülmün bir sonu olmalıdır axı… Ona görə də Vüqar deyir ya bu ədalətsizliyə son qoyulsun, ya da ölüm qurtarım. Vüqar oktyabrın 3-dən aclığa başlayıb, ayın 4-də bu barədə həm həbsxananın rəisinə, həm də həkiminə yazılı şəkildə məlumat verib.
Bu gün redaksiyamıza məhbusun atası İbrahim İsmayılov zəng edərək, oğlunun hələ də açlığı davam etdirdiyini bildirib. Bu barədə Vüqarın məhbus yoldaşları zəng edərək xəbər veriblər. Onun sağlamlığından ciddi narahatlıqlarını dilə gətiriblər.
İbrahim İsmayılov məsələ ilə bağlı Ombusman aparatında olduğunu bildirdi. Oradan ona “bu haqda onlara heç bir məlumatın verilməməsi” cavabını veriblər. Ədliyyə Nazirliyindən isə məhbusun atasına Vüqarın aclıq keçirməsi ilə bağlı rəsmi müraciət etməməsini bildiriblər.
Xatırladırıq ki, Vüqar Əliyev nişanlısı ilə birlikdə Şəmkir rayonunun İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək 2002-ci ildən omürlük həbsə məhkum olunub . O bu qətldə özünü günahkar saymaraq ona verilən ağır cəzanın götürülməsi barədə dəfələrlə müraciət edib. Müddətsiz aclıq aksiyasına başlamasını da bununla əlaqələndirib.