Prezidentin telefon danışıqları kimə lazımdır?

qanimatzahid-yeniİsmət Abbasov, Kərəm Həsənov, Heydər Əsədov və başqaları…

Qənimət Zahid

Niyə bu proseslər indi baş verir? Bəs nə vaxt baş verməli idi ki?! Pul azalır, cənablar. Başlıca səbəb budur!

Keçək daha ətraflı izaha.

Əlbəttə, Eldar Mahmudovun istefaya göndərilməsi, həm də tamamilə gözlənilmədən və qalmaqallı şəkildə istefaya göndərilməsi sensasiyalı xəbərdir. Amma lütfən, bundan sonra bu cür xəbərləri sensasiya kimi qarşılamayaq. Hakimiyyət komandası tikiş yerlərindən sökülməkdədir, üstəlik, axı, bu tikişlər çox kobud və yöntəmsiz tikişlərdir.

Mən xatırlayıram ki, Eldar Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsinə təyin ediləndən bir müddət sonra onun hansısa yöndəmsiz bəyanatlarına cavab olaraq “Azadlıq” qəzetində bir səhifəlik bir yazı yazdım. Adını dəqiq xatırlamıram, amma məzmun etibarı ilə “yeni milli təhlükəsizlik nazirinə, generala tövsiyələr” idi. O zaman YAP mətbuatı özünün marginal isterikası ilə məni öz aləmində, top atəşinə tutmuşdu və YAP jurnalistikası hesab edirdi ki, mənim Eldar Mahmudova tövsiyə verməyə kompetensiyam çatmır. Mən isə hesab edirdim ki, mənim buna kompetensiyam da, hazırlığım da, milli təhlükəsizlik mülahizələri baxımından məsuliyyətim də Eldar Mahmudovun bütün uyğun göstəricilərindən yuxarıda olduğu üçün çatır. Ola bilsin, kimlərsə bunu qeyri-təvazökarlıq adlandıracaqlar, amma əmin olun, YAP hakimiyyətinin bütün dövlət idarələrinə səpələdiyi, yerləşdirdiyi kadrlar azərbaycanlıların potensial kadr bazasının heç bir siyahısına layiq deyil.

Onun evinin bünövrəsinə 5 milyonluq beton sərf edilib

MTN-dən başlayaq. Indi bəzi mütəxəssislərin rəyi açıq şəkildə mətbuata çıxarılır və bildirilir ki, “Eldar Mahmudov Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini rüşvət yuvasına, korrupsiya oylağına çevirmişdi”. Buradan belə bir nəticə çıxarmaq olar ki, Eldar Mahmudov rüşvət və korrupsiya məsələsinə görə işdən çıxarılıb. Bu, yanlış nəticədir. Adam içinə çıxarılası qənaət deyil. Ona görə ki, prezident Ilham Əliyev bu və hətta bundan bir qədər aşağı ranqlar üzrə heç kimi rüşvət və korrupsiyaya görə işdən çıxarmır. Rüşvət məsələlərinə görə məktəb direktorunu-zadı işdən çıxararlar, naziri yox. Çünki nazirlər, zatən, bu rüşvət və korrupsiya proseslərini mərkəzləşdirmək, idarə etmək missiyası ilə vəzifələrə təyin edilirlər. Hələ 5 il bundan əvvəl, “Azadlıq” qəzetində dərc edilən bir manşet xəbərində göstərilirdi ki, Eldar Mahmudovun Badamdar qəsəbəsində tikdirdiyi villanın yalnız bünövrə-dayaq hissəsində 5 milyon manatlıq beton işi görülüb. Manatın manat olduğu zamanlar idi…

İlham Əliyevin hansı siyasi qərarları?..

Ölkədə hamı “Ziya Məmmədov” fenomeni üzrə xəbər axtarırdı. Uzağı, Elmar Məmmədyarovun. Amma “Azərbaycan Saatı”nın son bölümündə biz qeyd etdik ki, söhbət Ziya Məmmədovun personasından getmir. Söhbət oliqarxların bir sinif olaraq ləğv edilməsindən gedir. Ona görə yox ki, onlar ölkə iqtisadiyyatının inkişafına mane olurlar, yaxud Ilham Əliyevin hansısa siyasi qərarlarına təsir edə bilirlər. Belə şeylər yoxdur. Oliqarxlar hakimiyyətə, konkret olaraq, Ilham Əliyevə baha başa gəlirlər. Ona görə də, indi, pul təsərrüfatının məhdudlaşdığı bu zamanlarda onlardan xilas olmaq lazım gəlir. Ziya Məmmədovun da, başqalarının da sıradan çıxarılmasına ilk növbədə, bu baxımdan yanaşmaq lazımdır.

Dövlətçilik” versiyası nə deməkdir?

Eldar Mahmudovun işdən çıxarılması və sonrakı taleyi ilə bağlı ziddiyyətli xəbərlərə yazılan şərhlərlə tanış olduqca məni gülmək tutur. Şərhçilər prezidentin bu qərarına ciddi rəng vermək üçün dəridən-qabıqdan çıxırlar. Söhbət yalnız Ilham Əliyevin bu qərarını əsaslandırmaq üçün işdən çıxarılan məmurun “dalınca bir qara daş” kampaniyasının aparılmasından getmir. Söhbət ondan gedir ki, guya ortalıqda hansısa dövlət mənafeləri varmış və Eldar Mahmudov da həmin mənafeləri bir kənara tullayıb öz şəxsi maraqlarını güdürmüş, buna görə də prezidentin qəzəbinə gəlib. Paho! Belə çıxır ki, Azərbaycanda dövlət aparatı saat kimi işləyirmiş və Eldar Mahmudov bu saatın əqrəblərindən birinə çöp uzadıb!

Gedin özünüzə.

Azərbaycanda dövlət aparatının hansı günə salındığı və hansı məramlara qulluq etdiyini kim bilmir ki?!

Usubovun idarəsinə birləşdirmək və başqa Usubov tapmaq

MTN Antiterror Mərkəzi illərdir ki, mahiyyətcə terrora dəxli olmayan siyasi müxalifətə qarşı mənəvi-fiziki terror əməliyyatları təşkil etməklə məşğuldur. Bu əməliyyatlar ən yüksək səviyyədə sanksiyalaşdırılır, Ilqar Əliyevin kabinetində isə improvizə edilirdi.

MTN neçə illərdir ki, çətənə kolları qırmaq işini sahə müvəkkillərinin əlindən almışdı. Milli Təhlükəsizlik Nazirliyi uzun illərdir polis manerası ilə (mən polisin hansısa xüsusi aşağı kateqoriyaya aid olduğunu iddia etmirəm, sadəcə, MTN-nin DİN olmadığını vurğulamaq istəyirəm) fəaliyyət göstərirdi və adama təəccüblü gəlirdi ki, bu iki bir-birini təkrarlayan idarəyə nə ehtiyac vardı? Və indi də o fikirdəyəm ki, Azərbaycan kimi balaca ölkədə bu iki idarəyə ehtiyac yoxdur, onları birləşdirmək və cənab Usubovun da yerinə bir başqasını təyin etmək lazımdır. Həənd, məndə olan məlumata görə, Daxili İşlər Nazirliyinin ətrafında da bu “qohum” nazirliyin üzərindən keçən fırtınanın əlamətləri görünməkdədir. Baxmayaraq ki, cənab Usubov Əliyev xanədanına çox böyük sədaqətlə xidmət edən kadrlardan biridir, hətta onu da urvatlı şəkildə təqaüdə yollayacaqlarına əmin deyiləm.

Ölkədə dövlət idarəçiliyi klassik qaydaları inkar edən, yeni qaydalara isə heç bir aidiyyəti olmayan bir şəkil alıb. Belə də olmalı idi, çünki prezidentdən tutmuş üzü aşağı bütün dövlət məmurları şəxsi biznesin hüdudlarını yığıb-yığışdıra bilmirlərsə, dövlət kimin nə vecinədir?

Dövlət həmin çevrələrdə yalnız “var-dövlət” anlamında anlaşılır. Başqa heç bir anlam ifadə etmir.

Eldar Mahmudov və Türkel Azərtürk

Nazir tələsik qovulub və yerinə kadr da müəyyən edilmədən tələsik qovulub. Sanki, birdən-birə bəlli olub ki, Mahmudov bu neçə illər ərzində Ştirlitsin işini görürmüş və buna görə də dərhal vəzifəsindən kənara atılaraq nəzarət altına alınıb.

Guya, hansısa xüsusi əhəmiyyətli dövlət işlərindən söhbət gedirmiş. Inanan daşa dönsün. Və daşa dönmədən əvvəl, bir başqa ipucu verən informasiya da yayılmış. Eldar Mahmudov prezidentin və başqa yüksək vəzifəli dövlət məmurlarının telefon danışıqlarını izləyirmiş, izlətdirirmiş. Biz də elə düşünürdük ki, bunlar yalnız müxalifətçi gənclərin facebook profillərini oğurlamaqla məşğul imişlər. Sən demə, daha ciddi işlər görürmüşlər. Məsələn, deyək ki, Türkel Azərtürkün qardaşının facebook profilini qırdıqları gün, Ilham Əliyevin hansısa ofşor zonasında əmlakın idarəetməsi menecerlərdindən biri ilə telefon söhbətini də qeydə alırmışlar.

Pəstaha isə bundadır ki, bu telefon söhbətləri kimə lazım imiş? Başqa bir dövlətin kəşfiyyat orqanına? Qətiyyən yox. O halda Eldar Mahmudovu dərhal bandotdel götürərdi.

Bəlkə, hakimiyyət daxilində olan hansısa qruplardan birinə?

Bu söhbətləri kim sifariş edə bilərdi?

İndi hakimiyyət daxilində hansı qruplar var ki?

Ramiz Mehdiyevə bu söhbətlər gərək deyil. O, canı ilə əlləşir və hətta bu ağrılar da olmasa, Mehdiyevin uzunömürlülüyünün sirri bundadır ki, o, padşah(lar)ın rəva gördüyündən artıq işlərə burun soxmayıb. Padşahların dəruni söhbətlərini bilmək isə onu 70 ildən o yana yaşatmazdı. Sirr onun ürəyini partladıb öldürərdi.

Kəmaləddin Heydərova da lazım deyil. Mənim eşitdiyimə görə, o, lap qədim zamanlarda belə təşəbbüslərin ağrılarını yaşamış adamdır. Bəlkə də, doğru deyil, amma cəmiyyətdə bu söhbətlər gəzirsə, onun da qulağı bütün normal qulaqlardan biri (ikisi) kimi həmin danışıqları eşitməmiş olmaz. Yəni Kəmaləddin Heydərova da prezidenti dinlətdirmək lazım deyil. Ramil Usubova dünəndən lazım deyil, çünki bir daxili işlər naziri kimi, bütün kompromatlar və başqalarının dinləmə– eşitmə orqanlarına qədər gedib çatmayan xəbərlər onun rəhbərlik etdiyi idarəyə toplanır.

Hakimiyyət daxilində hansı qrup qaldı?

Məsələn, indiki kənd təsərrüfatı nazirinin adı nədir? Ya Ismət Abbasovdur, ya da Heydər Əsədov, eləmi? Onların da heç biri o risqin sahibi ola bilməzlər ki, prezidentin telefon danışıqlarını Eldar Mahmudova sifariş etsinlər. Əvəzində, axı, nəsə vermək lazımdır. Bu işlər bir kisə kartofun müqabilində icra edilmir.

Hakimiyyət daxilində elə bir əzəmətli qrup olmalıdır ki, Eldar Mahmudov bu cəsarətli addımı atsın və həmin əzəmətli qrupa da bu informasiyalar lazım olsun.

Altından xətt çəkərək bir daha bildirirəm: hakimiyyət daxilindəki əzəmətli qrupa Ilham Əliyevin təsəvvür edilən, birbaşa ağla gəlməyən dövlət işləri ilə bağlı telefon danışıqları lazım ola bilməz. Əgər belə bir qrup varsa, həmin qrup Ilham Əliyevin telefon danışıqlarından başqa bütün başqa söhbətlərinə, qərarlarına çıxış imkanı olan bir qrupdur. Yəni təsəvvür edilən dövlət işləri də onların informasiya və müdaxilə zonasındadır. Yalnız telefon danışıqlarından başqa! Bunu da əldə etdikdən sonra, hər şey qaydasına düşürmü? Ola bilər.

Prezident də adi bir insandır. Onun da “privat”ları ola bilər. Bu privatları öyrənmək Kərəm Həsənova lazımdırmı? Lazım deyil. Kərəm Həsənova desən ki, gəl, sənə prezidentin özəl həyatı barədə bir xəbər verim, yerindəcə ürəyi partlayar və ölər (Şişirdilmiş təsəvvür kimi də qəbul edə bilərsiz).

Can yonqarı”

Bu versiya təsadüfən ortalığa atılmayıbsa, deməli, prezidentin telefon danışıqları “dövlətçilik” mülahizələri ilə sifariş edilməyib. Rahat olun, dövlətimizin başı üstündəki buludlar o qədər də qara deyil. Burada şəxsi, qeyri-siyasi motivlər daha çox ola bilər.

Bir başqa səbəb isə elə ciddi versiyaların arasında qalır. Bu, Cahangir Hacıyevin saxlanılması ilə bağlıdır. Yəni pul söhbəti. “Adı puldursa, pulun, leyk özü can yonqarıdır. Vermək olmur qohuma, qardaşa, dindaşa, ətə…” Bu, Mirzə Ələkbər Sabirin bir şeirindən bir parçadır…

Bu can yonqarları Ilham Əliyevin hakimiyyətinin yapışqanıdır. Bu baxımdan, bu hakimiyyəti “apilka” hökumət də adlandırmaq olar. Yonqarlardan və yapışqandan başqa heç bir ideya məzmunu olmayan bir hökumət.

Siz də deyirsiniz ki, ciddi mətləblər var. Hardadır, o ciddi mətləblər? Beynəlxalq Bankda?..