Hər il tükənən hövsələ və vergisi artan sahibkar

sahveled_cobanogluŞahvələd Çobanoğlu

“Sahibkarları boğurlar, soyurlar, incidirlər”- deyərkən çoxları düşündü ki, bu, Ilham Əliyevin ilk belə çıxışıdır. Çünki oktyabrın 12-də söylədiyi çıxışında Ilham Əliyev hövsələsinin tükəndiyini demiş, günahkarların cəzalandırılacağını bildirmişdi.

– Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər.

– Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.

Indi gəlin 2015-ci ildən geriyə qayıdaq. Internetdə axtarış verin və görəcəksiniz ki, hər il Ilham Əliyev eyni məzmunlu çıxışlar edib. Məsələn, 2013-cü ili götürək:

– Sahibkarlığın inkişafı dövlət siyasətidir və icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır.

Axtardıqca şahid olacaqsınız ki, sahibkarları incidənlərin cəzalandırılacağı hər il deyilib. Amma cəza-zad olmayıb. Zatən axtarış etmədən də çoxlarınız bu çıxışları xatırlayırsınız. Düzdür, builki çıxışın dozası yüksəkdir, daha emosionaldır, daha əhatəlidir, daha əmin görünə bilər. Bunun da səbəbi aydındır – ötən illərin bahalı neft təntənəsini, arxayınlığını nəzərə alsaq, indiki fərqi və emosiyanı anlamaq çətin olmur.

Bütün bunlarla yanaşı, heç olmasa bu il dəyişiklik gözləyən, buna azacıq ümidi qalan sahibkarlar Ilham Əliyevin çıxışından bir həftə keçməmiş bəd xəbər aldılar. Vergilər artırılır.

“Sahibkarları boğurlar, soyurlar, incidirlər” cümləsinə daha bir hissə əlavə etmək olar. Sahibkarların vergiləri artırılır. Bu da sahibkarların müdafiəsi…

Sadələşdirilmiş verginin 2 faiz artırılması vergilərin 50 faiz artırılması deməkdir. Kimin ağlına gəlib ki, vergi sadələşdirilmiş adlanırsa, onu istədiyin kimi qaldırmaq olar. Bu, gəlirdən vergi deyil. Qazandın, ya qazanmadın, dövriyyənin ümumi həcmindən tutulan vergidir və nəzəriyyəyə görə, əksər hallarda sahibkarın ziyanınadır. Onun üstünlükləri də var, amma sərfəli olmayan ciddi cəhətləri də var. Sadəcə, vergi soyğunçularından canını daha sadə qurtarmaq üçün sahibkarlar, dövriyyəsi imkan verdikdə, onu seçirlər. Sadələşdirilmiş vergi bizdə daha çox incidilmənin sayəsində üz tutulan vergiödəyiciliyi növüdür.

Ən başlıcası odur ki, vergi faizinin artırılması yığılan vergiləri artırmayacaq, çünki bu məsələ çətin durumda olan bir çox kiçik sahibkarların çökməsi prosesinə təsir edəcək və ümumilikdə qanuni vergi yığımı artmayacaq. Yəni vergiödəyiciləri azalır…

Ümumilikdə isə, bu cür inzibati yollarla büdcəni doldurub, böhranı gizlətmək mümkün deyil. Qeyri-neft sektorunun inkişafından çox danışılsa da, buna “cəza” hədələri ilə nail olmağın təcrübəsi yoxdur. Ciddi iqtisadi dəyişikliklər, hətta səmərəli dəyişikliklər də belə bu arzunu reallaşdırmayacaq. Çünki iqtisadi inkişaf həm də siyasi azadlıqlara bağlıdır. Müasir dövrün vacib tələbidir: söz azadlığı, ədalət məhkəməsi olmadan köklü iqtisadi dönüş yaratmaq mümkün deyil.

Baxın, adamlar qaçır buradan – müstəqilliyinin istisinə qızınmadığı ölkədən. Pullu da, pulsuz da qaçır. Nə inkişaf olacaq bu halda?