Eldar Mahmudovun sənə nə pisliyi dəyib, Zahid Oruc?

xaqani-aliyev-yeniXaqani Əliyev

Milli Təhlükəsizlik nazirinin işdən azad edilməsi aşağıda göstərəcəyim səbəblərə görə şəxsən mənə o qədər də maraqlı gəlmədi. Lakin elə sabahısı günü ölkənin ən “ağıllı və savadlı” (yazıq Vətən – X.Ə) deputatlarından biri Zahid Orucun ona qarşı hücuma keçməsi məni fikrimdən daşındırdı. Yəqin ki, yazı çap olunan gun, yəni bu gün Zahid Oruca digər digərləri də qoşulacaq. Bu günə qədər Eldar Mahmudov gələndə ayağa qalxan, onunla görüşəndən sonra “bir ay əlini yumayan”ların (!)  ittihamlarından ağız deyəni qulaq eşitməyəcək. Məlum olacaq ki, onlar 11 ildir ki, bu nifrəti ürəklərində gəzdirirmişlər, sadəcə əlverişli məqam tapılmırmış ki, ürəklərini boşaltsınlar.

Əslində məsələ çox bəsitdir, yıxılana balta çalmaq illərdir Azərbaycanda adətdən peşəyə çevrilib.

…Bu günkü Azərbaycanı xarakterizə edərkən, xəyalımda… su içməyə enən maral sürüsü canlanır. Əlbəttə ki, oradakı timsahın varlığından xəbərsiz bir sürü…

Bu nəinki sadə vətəndaş, hətta iqtidardakılar üçün də keçərlidir. Özü də istisnasız olaraq. Hər kəsi ovlaya biləcək bir timsah var. Onlar da mütləq bir gün  öz nəfsi ucbatından tələyə düşəcəklər. Hələlik mübarizə öz aralarında gedir…

Bu gün  Eldar Mahmudov gedir, sabah Ziya Məmmədov gedəcək. Nə vaxtsa, idman və gənclər naziri Azad Rəhimov gedərsə, mütləq Milli Məclisin müvafiq komissiyasından bir deputat ortaya çıxıb nazir haqqında bildiyi hər şeyi danışacaq – gündə bir neçə min manat hesab verməyindən tutmuş, illər öncə tutduğu bir qəbahətə qədər…

Yazını bura qədər oxuyan hörmətli oxuculardan bəziləri haqlı olaraq, mənim sabiq nazirə hansısa simpatiyam olduğunu düşünə bilər. Odur ki, fürsətdən istifadə edib, “Azadlıq” qəzetinin 20 oktyabr 2013 – cü il tarixində dərc edilmiş ” Ştirlits ləqəbli, “kəkilli” və bəstəboy MTN agenti” yazımdan bir neçə sitatla onların yaddaşını təzələmək  elə bilirəm, yerinə düşərdi, buyurun…

  1. “Yadınızdadırsa, bir-iki il bundan əvvəl, özünü Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşı kimi qələmə verən şəxs(adını çəkmirik – X.Ə.) həbs olundu. Adam 3 il ərzində asanlıqla sahibkarlardan milyonlar qopara bilmişdi. Fırıldaqçı öz yerində, amma gəlin razılaşaq ki, “od olmayan yerdən tüstü də çıxmaz”…
  2. …Iki-üç il bundan qabaq, uzun müddət görmədiyim dostumla bunu qeyd etməyi qərara aldıq. Görüş təsadüfi olduğu üçün ilk qarşımıza çıxan məkanı seçdik.

Məhşur bir bəstəkarımızın adını daşıyan metro stansiyası (bəstəkarın adını qəsdən çəkmirəm, mövzumuzun tələbi belədir – X.Ə.) yaxınlığında yerləşən bu restorana daxil olduq. Dostumun bizə yaxınlaşan ofisianta “geydirmə içki” xəbərdarlığından sonra gənc oğlan hədə və arxayınçılıq elementləri ilə dolu bir tərzdə – “narahat olmayın, bura Eldar Mahmudovun restoranıdır”, dedi…

Bu gün milli təhlükəsizlik əməkdaşları restorandan tutmuş bazarlara qədər, ictimaiyyətin gur olduğu obyektlərin ya sahibidirlər, ya da açıq şəkildə himayə edirlər.

  1. Xarici görünüşü ömür boyu yaddan çıxmayacaq bir adamın MTN-da çalışması “qarğa məndə qoz var”dan başqa bir şey deyil. Yəni “ətrafına bax, kəkilli gözə dəymirsə, diversiyanı rahat şəkildə həyata keçir”…

Bütün bunları mənim kimi Zahid Oruc da bilirdi, lakin nazir vəzifədə olduğu üçün bunları nəinki söyləməyə, hətta pıçıldamağa belə  cəsarəti catmazdı. Bəli əziz oxucu, İlham Əliyev mənim iki il əvvəl tənqid etdiyim, Zahid Orucun isə  on il təriflədiyi bir naziri işdən çıxarır. Bundan sonra  Zahid Oruc yenidən deputat seçilirsə, bu artıq anormallıqdır.  Sizi inandırıram ki, bir gün Zahid Oruc və digər deputatlar Əliyevlər hakimiyyətini məndən də kəskin tənqid edəcəklər. Azmı gördük, belələrini…

…Əslində bu yazdıqlarım hamısı  üçün də keçərlidir. Bu gün restoranı, gecə barı, yaxud şadlıq evi olmayan generalları barmaqla saymaq olar.

Sumqayıtın girəcəyindəki “Borçalı”  restoranının giriş qapısı üzərinə prokurorluq orqanlarının aid olan xəncərli, ay – ulduzlu simvolu görənlərin duruxub qalmasını öz gözlərimlə görmüşəm. Təsəvvür edirsiniz, yeməkdən sonra sizi sorgu – sual edirlər ki, bu pulu haradan qazanmısınız?.

“Şuşa” restoran – şadlıq evi kompleksində xeyir iş edənlər  “haqq – hesab” zamanı qarşılarında polis geyimli şəxsləri görəndə əvvəl çaşıb qalırlar, hər şeyi anlayandan sonra sakitləşirlər…

Heç təsadüfi deyil ki,  Azərbaycanda nazir işdən çıxarılanda  insanları maraqlandıran “onun torbasının necə və kim tərəfindən  tikilməsi” olur.

Yəni işin “professional tərəfi” müzakirə belə edilmir…