Ekspertlərin fikrincə, MTN rəhbərinin işdən çıxarılmasına səbəb Beynəlxalq Bankın işi və ya hakim ailə üz lərinin dinlənilməsi ola bilər
Ölkə başçısı Ilham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı imzaladığı sərəncam bir sıra suallar doğurmamış deyil. E.Mahmudovun işdən çıxarılmasının səbəbi barədə hələ ki, rəsmi izahat olmasa da, bununla bağlı bir neçə versiya irəli sürülür. Versiyalardan biri Beynəlxalq Bankla bağlı baş verənlərdir. Belə ki, Mahmudov Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevlə qudadır. C.Hacıyev isə Beynəlxalq Bankda dəyəri milyardlarla ölçülən maliyyə fırıldağına yol vermək ittihamı ilə “vurulub”. Bu işə görə çoxlu sayda iş adamı (bankdan kredit götürənlər) xeyli vaxtdır hüquq mühafizə orqanlarının çək-çeviri altındadır.
“MDB sammitindən dərhal sonra verilən sərəncam”
Bütün hallarda MTN şefinin “vurulması” hakimiyyət daxilində intriqaların şiddətləndiyini və qruplar arası savaşın pikə qalxdığını göstərir.
Başqa bir versiya kimi MTN-nin bir neçə yüksək çinli məmuru və hakim ailəyə daxil olan şəxslərin telefon danışığının dinlənilməsi göstərilir. Yəni E.Mahmudov vəzifə səlahiyyətlərini aşdığı üçün hədəfə gəlib.
I.Əliyevin sərəncamı imzaladığı tarixə də diqqət çəkilir. Belə ki, bu sərəncam dövlət başçısının MDB-nin dövlət başçıları ilə görüşdən qayıtdıqdan dərhal sonra imzalanıb. Sammitdə I.Əliyevin Rusiya prezidenti ilə görüşündə belə bu məsələyə toxunula biləcəyi ehtimalları irəli sürülür.
Bəs ekspertlər bu barədə nə düşünür? MTN rəhbərinin işdən azad olunması nəylə bağlı ola bilər?
Şahin Hacıyev: “Narazılığa səbəb Beynəlxalq Bankda baş verənlər də ola bilər”
“Turan” informasiya agentliyinin redaktoru, şərhçi Şahin Hacıyevin fikrincə, ölkə başçısı həmişə bu qurumun işini yüksək qiymətləndirirdi, xüsusi qeyd edirdi, əgər onun başçısını işdən çıxarırsa, bu, tamamilə ciddi səbəblərin olmasına işarədir: “Burada hansı səbəb var? Bunu birmənalı demək çətindir. Amma görünən odur ki, narazılıq var. Məncə, narazılığa səbəb Beynəlxalq Bankda baş verənlər də ola bilər. Nazirliyi də ittiham etmək olar ki, hara baxırdı, bank bir milyard manatı ona-buna paylayıb, sonra da geri heç nə qaytarılmadı. Səbəbin biri bu ola bilər. Başqa səbəb də mümkündür”.
Zərdüşt Əlizadə: “Hakimiyyət komandanı dəyişməklə nəyəsə nail olmaq istəyir”
Politoloq Zərdüşt Əlizadə isə bildirdi ki, hakimiyyət səmərəli iqtisadiyyat qura bilməyib, iqtisadiyyat neft-qaz gəlirləri üzərindədir, indi neft ucuzlaşır, çıxış yolu axtarırlar. Z.Əlizadənin sözlərinə görə, hakimiyyət komandanı dəyişməklə nəyəsə nail olmaq istəyir: “Komandanı dəyişmək lazımdır, adamların uzun müddət vəzifədə oturması düzgün deyil. Ancaq siyasəti dəyişməsə, heç bir xeyri olmayacaq” (“Azadlıq” radiosu).
Rəsul Quliyev: “Xəfiyyə idarəsinin başçısı bir neçə halda işdən azad edilə bilər”
Eks-spiker Rəsul Quliyev “Moderator.az”a açıqlamasında bildirib ki, xəfiyyə idarəsinin başçısı bir neçə halda işdən azad edilə bilər. Məsələn, ölkədə böyük insan təlafatı ilə qurtaran terror aktı mümkün olanda. Və ya xarici kəşfiyyata qulluq edən birisinin Prezident Aparatı və ya Müdafiə Nazirliyində uzun müddət işləməsi müəyyənləşərsə. R.Quliyevin sözlərinə görə, bu qəbildən olan hadisələr baş verərsə, o, işdən azad edilə bilər, bu tədbirin səbəbini hamı başa düşər və əlavə fərziyələrə ehtiyac qalmaz: “Bir halda da o işdən azad edilə bilər. Məsələn, prezidentin və onun icazə vermədiyi ətrafının telefon danışıqlarına qulaq asılsa, atdıqları addımlar izlənilsə, prezidentin qəzəbinə düçar ola bilər və o, əgər emosional adamdırsa, onu o dəqiqə işdən çıxarar. Yəni belə bir iş baş veribsə, oturuşmuş adam tez qərar qəbul etməz, özünü bilməməzliyə vurub bu işin nə məqsədlə görüldüyün öyrənməyə çalışar.
Xəfiyyə rəisinin azad edilməsi kadr reformasının başlamasından qəti şəkildə xəbər vermir. Kadr reforması korrupsiya və rüşvətin qarşısını almaq məqsədi ilə aparılacaqsa, bu dramanın əsas qəhrəmanları Polis başqanı və Baş prokurordan başlamaq lazım idi, MTN-dən yox. Çünki korrupsiya, rüşvət piramidasında MTN ortadadır, ondan qabaqda Prezident Aparatı, çoxsaylı Polis, Prokurorluq dayanıb. Proseslərin nə üçün belə getdiyini və onun parlament seçkilərinə ziyanı və ya xeyiri olub-olmaması barədə fikir söyləmək düzgün deyil. Çünki parlament seçkilərinin heç bir baş vermiş və ya baş verəcək hadisələrlə əlaqəsi yoxdur”.
R.Quliyevə görə, kadr reforması etmək üçün ilk növbədə nə istədiyini bilməlisən: “Məsələn, vergi nazirinin zoru, polisin repressiyası ilə camaatdan büdcəyə bac-xəracla pul toplamaq istəyirsənsə, bu vəzifələri tutanları ya kənarlaşdırmalısan, ya da yerlərinə daha amansız qan içənləri gətirməlisən, ancaq bu yolla büdcə heç vaxt dola bilməz, camaat ayağa qalxa bilər. Əgər iqtisadiyyatı liberallaşdırmaqdan başlamaq istəyirsənsə, ilk növbədə makroiqtisadiyatdan başı çıxan və büdcəyə nəzarətdə heç kimlə, hətta prezidentlə kompromisə getməyən adam tapıb maliyyə naziri qoymalısan. Mərkəzi Banka heç bir hökumət orqanına, o cümlədən prezidentə qulaq asmayan müstəqil status verməlisən və sair”.
Sülhəddin Əkbər: “Görünür, Ilham Əliyevi qəzəbləndirən çox konkret informasiya olub”
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qəzetimizə açıqlamasında bildirdi ki, belə bir dəyişikliyin baş verə biləcəyi barədə onda bir neçə ay öncə məlumat var idi. Sadəcə olaraq bu qərarın məhz seçkiyə 2 həftədən az qalmış, MDB-nin sammitindən dərhal sonra atılması maraq doğurur: “Ilham Əliyevin bu qərarı MDB-nin sammitindən dərhal sonra atması onu göstərir ki, görünür, dövlət başçısını qəzəbləndirən çox konkret informasiya var. Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasında mətbuatda səslənən versiyalar da səbəb ola bilər. Burada həm Beynəlxalq Bankın işini, həm də telefon danışıqlarının dinlənilməsini göstərmək olar. Dövlət başçısını qəzəbləndirən informasiyalar olmasaydı, seçkiyə az müddət qalmış bu addım atılmazdı”.
S.Əkbər hesab edir ki, E.Mahmudovun vəzifədən uzaqlaşdırılma niyyəti bir neçə ay əvvəl var idisə, bu addımın məhz hazırda atılması ondan xəbər verir ki, bu qərarı tezləşdirən hadisə baş verib.
Xəyal