AXCP Ali Məclisi və Rəyasət Heyəti yenidən formalaşdı

4yanvar-axcpalimeclisOktyabrın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultaydan sonra Ali Məclisinin ilk iclasını keçirib. Məclisin gündəliyində bir məsələ – təşkilati məsələ olub.

Prosedura uyğun olaraq, Ali Məclisin 1/3 tərkiblə üzvlərinin seçkisi, Ali Məclis rəhbərliyinin formalaşması və Rəyasət Heyəti üzvlərinin seçilməsi ardıcıllıqla gündəliyi təşkil edib.

Məlumat verilib ki, iclasda 65 Ali Məclis üzvündən 53-ü iştirak edir, iclasın keçirilməsi üçün yetərsay var.

Ali Məclis rəhbərliyinin seçilməsinə qədər iclasın sədrini müəyyənləşdirmək üçün açıq səsvermə keçirilib. Məclis üzvləri yekdilliklə bu vəzifəni partiya sədri Əli Kərimliyə həvalə edib.

Əli Kərimli xatırladıb ki, qaydaya görə partiya sədrinin müavinləri avtomatik olaraq Ali Məclisin üzvü olurlar. Buna görə də əvvəlcə sədr müavinləri ilə bağlı məsələni səsverməyə çıxarmaq lazımdır.

Partiya sədri əvvəlki müavinlərinin – Nurəddin Məmmədli, Gözəl Bayramlı, Kamil Vəli Nərimanoğlu, Seymur Həzi və Fuad Qəhrəmanlının yenidən müavin təyin edilməsi haqda sərəncamlar verdiyini bildirib və onların təsdiqlənməsini səsverməyə çıxarıb. Ali Məclis üzvləri onların hər birinin təyinatını yekdilliklə bəyənib. Bununla da 5 sədr müavini eyni zamanda 1/3 tərkibdən Ali Məclisin üzvləri seçiliblər.

Daha sonra 1/3 tərkibdən qalan 17 yerə Məclis üzvlərinin seçkisi keçirilib. 17 yerə qarşı 30 nəfərin namizdəliyi qeydə alınıb və səsvermənin gizli keçirilməsinə qərar verilib. Səsvermənin nəticəsində bəlli olub ki, 30 namizəddən yalnız 14-ü tələb olunan 50+1 səs toplayıb. Məclis boş qalan 3 yerə təkrar seçki keçirməyə lüzum görməyib və belə qərara gəlib ki, bu məsələyə növbəti sessiyada baxılsın.

1/3 tərkibdən seçkilərlə Ali Məclis üzvlərinin sayı 19 nəfər (5+14) artaraq 84 nəfərə çatıb.

Sonra Ali Məclisin rəhbərliyi formalaşıb. Açıq səsvermə yolu ilə Həsən Kərimov Ali Məclisin sədri, Elmira Muradəliyeva və İradə Əliyeva Məclis sədrinin müavinləri, Eldar Hüseynov isə Məclisin katibi seçiliblər.

Daha sonra AXCP Ali Məclisinin Rəyasət Heyətinə seçkilər keçirilib. Məclis açıq səsvermə ilə Rəyasət Heyətinin 25 nəfərdən ibarət olmasına qərar verib. Partiya sədrinin müavinləri və Ali Məclisin rəhbərliyi avtomatik həm də Rəyasət Heyətinə seçilmiş sayıldığı üçün qalan 16 yerə namizədlər irəli sürülüb. Lakin 16 yerə qarşı 15 nəfərin namizədliyi təklif olunub və Məclis açıq səsvermə keçirilməsinə qərar verib. İrəli sürülən namizədlərin hər birinə Məclis etimad göstərib. Beləliklə, AXCP Rəyasət Heyəti 24 nəfərdən ibarət formalaşıb, bir yer isə vakant qalıb. Rəyasət Heyətinə seçilənlər arasında hazırda siyasi məhbus həyatı yaşayan Seymur Həzi, Asif Yusifli və Məmməd İbrahimli, tanınmış kənd təsərrüfatı mütəxəssisi, bir müddət əvvəl hakimiyyətin AXCP-yə qarşı təzyiqlərinə cavab kimi bəyanat verərək bu partiyaya keçən Vahid Məhərrəmov, eləcə də partiyanın gənclər elitasından Aqil Məhərrəmov və Emil Səlimov da var.