Uzun illər ərzində sahibkarlardan qanunsuz milyonlar yığılıb
Artıq kənardan hər hansı müdaxiləyə ehtiyac yoxdur. Hakimiyyət açıq şəkildə etiraf edir ki, bu ölkə qeyri-ciddi qaydalarla idarə olunur. Dünənə qədər “ölkədə şəffaflıq hökm sürür”, “sahibkarlara qayğı göstərilir” təbliğatı aparanlar, Nazirlər Kabinetinin məlum iclasından sonra etiraflara başlayıblar.
Ölkə başçısı qanunsuz yoxlamalar aparıldığını, sahibkarlardan həddindən artıq lisenziya tələb edildiyini söylədikdən sonra bütün qurumlar bu problemlərin həqiqətən də olduğunu və bununla mübarizə aparmağın vacibliyini başa düşüblər. Təbii ki, prezidentin bu etirafları yaranmış böhrandan doğur və daxili auditoriyaya “mən yaxşıyam, ətrafım pis” mesajı vermək məqsədi güdür. Sadəcə olaraq indiki vəziyyət sübut etdi ki, bu ölkədə heç bir qurum şəffaf fəaliyyət göstərmir və ölkə başçısı nə vaxt “siqnal” versə, bu qanunsuzluq ləğv oluna bilər.
Bugünlərdə mətbuat səhifələrində “Prezidentin tapşırığından sonra Nazirlik yoxlamaları dayandırdı” başlıqlı yazılara rast gəlirik. Elə sevincək xəbər verirlər ki, guya ölkədə islahat başlayıb. Əslində isə baş verənlər qanusuzluğun miqyasını göstərir. Belə çıxır ki, dünənə qədər 100-lərlə obyektdə aparılmış yoxlamalar, lisenziya tələbləri əhəmiyyətsiz imiş. Deməli, bu əhəmiyyətsiz işə görə insanlar var-yoxdan çıxıb, əsəb xəstəliyinə tutulub, sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olub.
Iqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri A.Əliyev mətbuata açıqlamasında bildirib ki, sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Deməli, uzun illər ərzində nazirlik vətəndaşı soymaqla məşğul imiş.
Bir daha aydın olur ki, bu ölkədə qanunlar yalnız kağız parçasıdır. Prezident “stop” deməyənə qədər, istənilən cinayəti davam etdirmək olar. Belə çıxır ki, məlum müşavirənin keçirilməsinə şərait yaradılmasaydı, bu pul tələsi olan yoxlamalar hələ davam edəcəkdi. Əvvəlcə aviabiletlərlə bağlı məsələ gündəmə gəldi, arxasınca dərmanların qiymətinin ucuzlaşması təbliğatı aparıldı, indi də qanunsuz yoxlamaların ləğv edildiyini deyirlər.
Təbii ki, bu da müvəqqətidir və qısa müddətdən sonra sahibkarları sıxmaq üçün başqa “üsul”lar tapılacaq. Əsas odur ki, “prezident problemi həll etdi” mesajı verilsin. Prezidentin dilinə gətirmədiyi problemləri isə həll etmək olmaz.
Bir sözlə, nazirliyin yoxlamaları dayandırması, bu günə qədər sahibkarlara qarşı “rekert”lik edildiyinin etirafı idi.
Samir