Eldar Mahmudov işdən çıxarıldı. Səbəb Beynəlxalq Bank işi ola bilər

eldar mahmudov

Ölkə başçısı İlham Әliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi haqda sərəncam verib. Onun başqa vəzifəyə, eləcə də yerinə başqasının təyinatı barədə sərəncam isə hələlik yoxdur.

E.Mahmudovun işdən çıxarılmasının səbəbi barədə hələ ki, rəsmi izahat olmasa da, bunun Beynəlxalq Bank işi ilə bağlılığını iddia etmək mümkündür. Belə ki, Mahmudov Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevlə qudadır. C.Hacıyev isə Beynəlxalq Bankda dəyəri milyardlarla ölçülən maliyyə fırıldağına yol vermək ittihamı ilə “vurulub”. Bu işə görə çoxlu sayda iş adamı (bankdan kredit götürənlər) xeyli vaxtdır hüquq-mühafizə orqanlarının çək-çeviri altındadır. Hətta nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasının” da Beynəlxalq Bankla yarım milyard dollarlıq maxinasiya ilə əhəmiyyətli dərəcədə bağlılığı haqda məlumatlar var və “Azadlıq” qəzeti bu barədə yazıb.

Belə görünür ki, Z.Məmmədovu hələlik səlahiyyətlərini əlindən almaqla tədrici zərərsizləşdirmək yolu tutan ölkə rəhbərliyi E.Mahmudovu bir sərəncamla qəfil vəzifədən götürməyə qərar verib. Bu, C.Hacıyevin hakimiyyət strukturlarındakı ciddi dayaqlarının sökülməsi anlamına da gələ bilər. Yaxud rəhbərlikdə Hacıyevin bank maxinasiyalarının Mahmudovla bağlılığı haqda qənaətlər formalaşıb. Hadisələrin belə inkişafı C.Hacıyevin həbs ediləcəyi perspektivini də istisna etmir.

Bütün hallarda MTN şefinin “vurulması” hakimiyyət daxilində intriqaların şiddətləndiyini və qruplar arası savaşın pikə qalxdığını göstərir.

Mövzunu diqqətdə saxlayacağıq. “Azadlıq”ı izləyin.

***

Qeyd edək ki, general-polkovnik Eldar Mahmudov prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə birbaşa polis orqanlarından təyinat almışdı.
Onun vəzifədə olan qohumları arasında prezidentin köməkçisi Əli Əsədovu və Sərhəd  Qoşunlarının komandanı general Elçin Quliyevi göstərmək olar.