Bir ay əvvəl guya Nurullayev dəstəsinə qoşulan Elçin Dəmirov orada nələrin baş verdiyini açıb-tökdü
“Razinin keçirəcəyi saxta qurultaya adamların pulla yığıldığını, onların Xalq Cəbhəsinə aidiyyəti olmadığını hər kəsin bilməsini istəyirəm. Bu 20 manatlıq adamları cəmiyyətə cəbhəçi kimi təqdim etsələr də, kimsə bu yalanlara inanmayacaq”
Redaksiyamıza hakimiyyətin AXCP-yə qarşı “Razi əməliyyatı”nı növbəti dəfə ifşa edən sənəd daxil olub. Sənəd bir ay əvvəl mətbuatda Razi Nurullayevin tərəfinə keçdiyi haqda açıqlaması yayılmış Elçin Dəmirov adlı AXCP fəalının bəyanatıdır. Bəyanatdan aydın olur ki, Elçin Dəmirovun guya Razi Nurullayevə qoşulduğu haqda açıqlaması əslində əks-əməliyyatlardan biriymiş. Bəyanatda deyilir:
“Mən hakimiyyətin Xalq Cəbhəsi Partiyasına qarşı planlarını ifşa etmək üçün Razi Nurullayevin başçılıq etdiyi AXCP Etmad Qurultayı adlı qondarama quruma daxil olduğum haqda “Yeni Müsavat” qəzetində bəyant vermişdim. Atdığım addımı öncədən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə razılaşdırmışdım. Mən AXCP-dən istefa bəyanat verdiyim gün Razi Nurullayev mənə bildiri ki, hakimiyyətdən ona söz veribləri, Xalq Cəbhəsinin qeydiyyatını ləğv edib, onun rəhbərlik etdiyi təşkilatı Xalq Cəbhəsi kimi qeydiyyat alacaqlar. Bəyanata görə Razi Nurullayev mənə 600 dollar pul verərək bundan sonra Binəqədi rayon təşkilatının sədri olduğumu bildirdi. Mən deyəndə ki, axı rayon təşkilatı yaratmaq üçün hələ heç bir toplantımız olmayıb, o bildirdi ki, qurultayımıza qədər yaradarsan, əsas odur ki, sən əvvəl AXCP Binəqədi şöbəsində olmusan.
Sonrakı günlərdə bir neçə dəfə də Razi Nurullayev və onun yanındakı şəxslərlə görüşdüm. Razi Nurulayev mənə təklif etdi ki, Binəqədi şöbəsinin konfransı adı ilə 80-100 nəfər toplasam, hər adama görə mənə 20 manat, ümumilikdə isə 2000 manat verəcək. Keçirəcəyimiz tədbir isə belə olmalıydı: mən Xalq Cəbhəsinə heç bir aidiyyəti olmayan adamları “Banuçiçək” şadlıq sarayına yığıram və Razi gəlib orada şəkil çəkdirir, sonra isə toplantıya gəldikləri üçün adamlara 10 manat pul və restoranda yemək verilir. Razi işi təşkil etdiyim üçün mənə əlavə hörmət olunacağını da bildirmişdi. Mən müxtəlif bəhanələrlə bu prosesi uaztmağa başladım. Görüşlərin birində o məndən niyə yığıncağı gecikdirdiyimi soruşdu. Bildirdim ki, gərək Xalq Cəbhəsindən adamları maraqlandırıb qoparım, hələ özümdən başqa ortada elə bir cəbhəçi yoxdur. O da bildirdi ki, kimdir onların cəbhəçi olub-olmadığını yoxlayan, qohum-əqrabana, dost-tanışlarına de yeyib-içmək məclisidir, nə bilim başqa bir səbəb tap de, yubatmadan adamları bir yerə yığ, bir şəkil çəkdirək, bununla da məsələ bitsin. O mənə aylıq 600 manat maaş təyin etdiyini bildirdi və işi sürətlə görməyim üçün “maaşı” əvvəlcədən ödədi. Bildirdi ki, Məclis üzvü olacaq şəxsə də aylıq 300 manat verəcək. Dedi ki, sən məni də başa düş, məni də sıxırlar ki, ortaya nəticə qoy. Şəkil olanda mən də yuxarıya göstərirəm ki, cəbhəni parçalayıram. Kimdir onların cəbhəçi olub-olmadığını yoxlayan.
Mənim keçirəcəyim toplantı yubandığı üçün 3 gün öncə Razi ilə görüşdük və o, bildirdi ki, kim soruşsa, toplantının keçrildiyini deyim və guya mən, Rafiq Daşdəmirli və Razi Nurullayevin özü Binəqədi cəbhəçilərinin konfransında saxta qurultaya nümayəndə seçilmişik. Razi mənə 500 manat pul verərək oktyabrın 18-də keçrilən qurultaya biri 20 manatdan olmaqla, 20 nəfər gətirməyimi istədi. Tapşırdı ki, onları əvvəlcədən təlimatlandırım, mətbuatdan soruşan olsa, desinlər ki, AXCP Binəqədi şöbəsinin üzvləriyik və s.
Mən bu müddətdə əqidəsini pula satmışların, AXCP-yə heç bir aidiyyəti olmayan adamların əslində pul qazanmaq üçün hakimiyyətin oyunlarında alət olaraq insan kimi nə qədər miskin duruma düşdüklərinin şahid oldum. Razinin ofisindəki söhbətlər zamanı görürdüm ki, Cavid, Ehtiram, Səbuhi və Rafiq öz aralarında Razini “dovşan oynadan” adlandır, gülə-gülə ələ salır, bir-birlərinə də “get dovşanını oynat” atmacaları ataraq zarafatlaşırdılar. Razi gələndə isə arxada danışdıqlarının əksinə, ona hörmətlə davarnırdılar. Həta bir dəfə mənə dedilər ki, indi buradan başqa heç yerdə siyasətdə pul yoxdur, ona görə də çalışıb mənə deyilənin öhdəsindən gəlim ki, yaxşı qazanım. Açıq deyirdilər ki, YAP-çılar bizim vəziyyətimizi görsələr paxıllıqları tutar.
Bütün bu şahid olduğum iyrənclikləri açıqlamaqda məqsədim, hakimiyətin AXCP-yə qarşı qurduğu “Razi əməliyatını” ifşa etmək və əslində Razinin ətrafına Xalq Cəbhəsinə heç bir aidiyyəti olmayan adamalrın pul qazanamaq üçün gəldiklərini cəmiyyətə bildirməkdir. Çox şad oldum ki, orada olduğum müdətdə Xalq Cəbhəsinin gerçək üzvlərinin bütün şirnikləndirici təkliflərə baxmayaraq, Raziyə qoşulmaqdan imtina etdiklərinin şahidi oldum. Əgər Razinin hakimiyyətdən pulu kəsilərsə, onun ofisində özündən başqa kimsənin qalmayacağına tam əmin olun. Razinin 18 oktyabrda keçirəcəyi saxta qurultaya adamların pulla yığıldığını, onların Xalq Cəbhəsinə heç bir aidiyyəti olmadığını hər kəsin bilməsini istəyirəm. Bu 20 manatlıq adamları cəmiyyətə cəbhəçi kimi təqdim etsələr də, kimsə bu yalanlara inanmayacaq”.
Xatırladaq ki, Elçin Dəmirovun guya Razi Nurullayevə qoşulduğunu bildirən açıqlaması “Yeni Müsavat” qəzetində “Əli Kərimlinin bayraqdarı Razi Nurullayevi dəstəklədi” başlığı ilə dərc olunmuşdu.
Bu, “Razi əməliyyatı”nı eyni şəkildə ifşa edən ikinci hadisədir. Bundan əvvəl AXCP-nin gənc fəallarından Ruslan Nəsirli razılaşdırılmış şəkildə guya Razi Nurullayevin tərəfinə keçmiş, sonra da şahidi olduğu prosesi açıqlamaqla AXCP-yə qarşı necə və hansı çirkin planın işləndiyini ifşa etmişdi.