ACF-yə sorğunu kim sifariş edib?

secki

Amerikanın «ArthurC. Finkelstein&Associates» PR şirkəti özünəxas şəkildə Azərbaycan üzrə ikinci seçkiqabağı sorğusunu keçirib

Oktyabrın 14-də şirkət noyabrın 1-də keçiriləcək parlament seçkiləri ərəfəsində sorğusunun nəticələri haqqında press-reliz yayıb. Sorğuya əsasən, respondentlərin 77,1%-i bildirib ki, ölkə doğru istiqamətdə irəliləyir, 81,7% Azərbaycanın sabitlik adası olması ilə razılaşıb, 74,4% hakim YAP-a səs verməyi qərara alıb və 82,1% prezidentin işinə yaxşı və əla qiymət verib.

Şirkət ilk dəfə Azərbaycanda 2013-cü il prezident seçkiləri ərəfəsində ortaya çıxıb, keçirdiyi ümummilli sorğunun nəticələrinə görə, respondentlərin 90%-i Ilham Əliyevi dəstəkləyib. Bir halda ki, yerli sosioloji ADAM xidmətinin gəldiyi nəticə belə idi – seçicilərin 43%-i müxalifəti və cəmi 37%-i prezidenti dəstəkləyirdi. Və bu, neft qiymətlərinin yüksək olduğu və gələcəyin bəxtiyar göründüyü bir vaxtda idi. Sonradan seçkidə Əliyevin qələbəsi haqqında nəticələri ATƏT şübhə altına aldı. Qurum bir çox məntəqələrdə seçkiləri qeyri-demokratik hesab edib ki, bu da ACF-nin sorğularını şübhə altına qoyub.

2013-cü ildə Israildə seçkilərdə namizədlərin lobbiçiliyini edən şirkət kimi məşhur olan ACF-ni hökumətyönlü APA informasiya holdinqi Azərbaycanda exit-poll keçirmək üçün dəvət edib. Amma həmin vaxt sifarişin dəyəri, vəsaitin hansı mənbədən ödənildiyi açıqlanmamışdı. Bu sual bu günə qədər açıq olaraq qalmaqdadır.

Bu gün açıqlanan məlumatlara gəlincə, onlar ən azı şübhə və bəzi səbəblərdən hətta anlaşılmazlıq doğurur. Prezident Ilham Əliyev 9 aydır ölkənin 2003-cü ildə onun hakimiyyətə gəldiyi zaman müəyyən etdiyi istiqamətdə irəliləmədiyi haqqında həyəcan təbili çalır. Və onun oktyabrın 12-də hökumətin iclasında son çıxışı vəziyyəti sabitləşdirmək və iqtisdiyyatın tənəzzülünü dayandırmaq iqtidarında olmayan hökumətin ittiham edilməsindən ibarət oldu.

Cəmiyyəti sarsından korrupsiya qalmaqalları, hər bir Azərbaycan ailəsində maddi itkilərə gətirib çıxaran manatın 35 faizlik devalvasiyası, büdcə gəlirlərinin 10 mlrd. dollardan çox azalması, iş yerlərinin getdikcə daha çox itirilməsi və digər problemlər ölkənin YAP-ın rəhbərliyi altında düzgün istiqamətdə irəlilədiyini deməyə imkan vermir.

ACF-nin press-relizində (PRNewswire) sorğunun hansı metodika ilə, kimlərin, neçə respondentin arasında, hansı ərazilərdə aparıldığı göstərilmir. “Bu sorğunun sifarişçisi kimdir” sualının cavabı yoxdur. Qısası, heç bir şəffaflıq yoxdur.

Bu vəziyyətdə belə bir nəticəyə gəlmək olar ki, sorğu xüsusi olaraq ictimai rəyə təsir məqsədilə tərtib edilib. Amma ACF bilməlidir ki, ictimai rəyin ictimai təfəkkürdə çoxdan yox olmuş seçkilər anlayışı ilə heç bir əlaqəsi yoxdur. Hakimiyyət özü də artıq seçkilərdə dövlət institutunun növbəti dövr üçün texniki cəhətdən legitimləşdirilməsindən başqa heç nə görmür. Telekanallarda seçkiqabağı atmosferin olmaması, məhdud sayda namizədlə az sayda bilbordların olması bunu göstərir. Demək olar, təşviqat yoxdur, bir çox seçicilər isə hələ də səsverməyə dəvət almayıblar. ATƏT-in seçkiləri müşahidə etməkdən imtinası vəziyyətin acınacaqlı olduğunu təsdiqləyir. Bu, Azərbaycan cəmiyyətində əhval-ruhiyyənin “ArthurC. Finkelstein&Associates”in sorğusunda təsvir olunduğu kimi olmamasının yetərli arqumentidir.

Təəssüf ki, Azərbaycanda, demokratik ölkələrdən fərqli olaraq, seçkilər ərəfəsində ictimai üstünlüklər haqqında etibarlı məlumatlar təqdim edə biləcək müstəqil sosioloji təşkilatların koalisiyasını yaratmaq imkanı yoxdur.

“Turan” Analitik Xidməti