Zaur Qurbanlı
Arif və Leyla Yunusları məhkəməyə gətirməmişdən tez-tez müxtəlif adamlar girib zalı nifrətlə və scan edirmiş kimi gözdən keçirib çıxırdılar. Mən mülki geyimlilərin, MTN-şiklərin çoxunu üzdən tanıya bilirəm. Bunu ictimai fəaliyyətlə məşğul olan çoxları bacarır. Onların geyimləri, davranışları, üz cizgiləri xüsusi olur. Belələrini çox görmüşəm. Amma bu qədərini bir yerdə heç görməmişdim.
5-10 manat maaşa görə istisnasız olaraq, hər şeyi etməyə hazır sifətlər ard-arda gəlirdi. Etinasızlıq, hörmətsizlik yağırdı üzlərindən. Baxışları ilə adamı döyə bilərdilər. Biri o qədər “protivni” sifətdə idi ki, məhkəmənin sonunda kimsə bunu ona deyəndə qayıtdı ki, “Neyləyim? Allah məni belə yaradıb”. Məqsəd aşkar görünürdü: məhkəməyə gələnləri bezdirmək, Yunusları iyrəndirmək, əsəbləşdirmək, üzmək. Fədakarlığı orta səviyyədə olan adam o sifətləri görməmək üçün o məhkəməyə bir daha getməz. Sırf onları görməmək üçün yəni.
Zala onlarla belə adam girdi, nəzərdən keçirdilər, sıraların yerlərini dəyişdilər. Şüşə qəfəsi təkrar-təkrar yoxladılar. Nəhayət ki, zala əvvəlcə Arif Yunusu gətirdilər. Dərmanlarını çıxarıb düzməyə başladı. Hamımız ona baxırdıq. Əlləri əsə-əsə dərmanlarını düzdü. Pambığı hansısa mayeyə batırıb başının arxasına tutdu, üzü turşudu, pambığı tutanda ağrı hiss etdiyi bilinirdi. Arif bəyi MTN əməkdaşları gətirdilər içəri. Bu da bir biabırçılıq idi ki, ədliyyə əməkdaşlarının xidmət edəcəyi yerdə MTN müdaxilə edirdi.
Sonra Leyla xanımı gətirdilər. Şüşə arxasından danışmağa imkan vermirlər deyə, içəri girəndən həkim tələb etməyə başladı. Mən Leyla xanımı tutulmamışdan da görmüşəm, yeni tutulanda Kürdəxanıda da. Amma zala girən adamı tanımaq zülm idi. Təkcə görünüşündən dəhşətə gəldim. 1 ilə 20 il qocalmışdı elə bil. Onunla birgə zala azı 15 kişi girdi. Leyla xanımı görmək üçün ayağa qalxmışdıq. Amma onu əhatələyən formalı və mülki geyimli işçilər buna imkan verməməyə çalışırdılar. Leyla xanım əlindəki əsa ilə hüquqlarını tələb edə-edə aramla irəliləyirdi. Şüşə qəfəsin qabağında dayandı. Nəzarətçilərdən biri onu xahişlə dilə tuturdu ki, qəfəsə girsin. O isə hüquqlarını tələb edirdi. Onda hakimlər girdilər içəri. 15 kişinin bir qoca qadına qarşı təzyiqlərinə bir az baxdılar, baxdılar, dedilər, “çıxırıq”. Bu 15 nəfərlik dəstə isə proses təxirə salınmasın deyə Leyla xanımı itələməyə başladılar. Ara qarışdı. Əsanı gördüm sadəcə, Leyla xanım qışqırdı. Nəhayət, onu itələyib qəfəsə saldılar.
Orda onu Arif bəy qarşıladı, qucaqladı. Leyla xanım başını onun sinəsinə qoydu. uşaq kimi sıxıldı, nə isə danışırdı, şikayətləndiyi hiss olunurdu. Arif bəy nəzarətçilərə gözü ilə işarə etdi ki, “gedə bilərsiniz”. Nəzarətçilər qəfəsin qapısını bağladılar. Biz onları eşitmirdik. Amma eşitmədən məhv olmuşduq. Prosesin axırına qədər bu vəziyyətdə qaldılar. Arif bəy onu sığallayır, Leyla xanım nəsə danışır, Arif bəyin sinəsinə daha bərk sıxılır, heç buraxmaq istəmirdi…
2 qoca adamı heç bir günahı olmadan elə vəziyyətə salmışdılar ki, sözlə ifadə edə bilmirik. Bir az zəif adamlar ağlayırdı. Acizlik dəhşətli şeydir, xüsusən, kişi qadınını, uşağını müdafiə etməkdə acizdirsə. Arif bəy çox güclü görsənmirdi, bəlkə. Amma o, aciz görünmürdü. Leyla xanım o qədər çıxılmaz vəziyyətdə yenə ona qısılmışdı. Nə bilim, o mənzərəni heç unutmaram.
Orta, xırda məmurların təqsirinin olmaması barədə dediklərimiz orda qüvvəsini itirirdi. O qəddarlıq qarşısında təzyiqdə alət olmaq mənəviyyatı unutmaq deməkdir. Onlarla kişi 60 yaşlı qadına qarşı hücuma keçmişdilər. Arif bəy tək, müdafiəsiz halı ilə onların hamısından güclü idi. Həmişə də güclü olacaq.
Yazı müəllifin facebook səhifəsindən götürülüb. Başlıq redaksiyaya məxsusdur.



