elnurastanbeyli@gmail.com
Iki gün əvvəl informasiya portallarında belə bir xəbərin şahidi oldum: “97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar Isrəfil oğlunun Boluslu və Gürzallar kəndlərində seçiciləri ilə görüşü keçirildi. Görüşlərdə çıxış edən seçicilər bildirdilər ki, Ağalar Vəliyevin rəhbərliyi ilə Murovdağdan rayonun 17 kəndinə içməli su çəkilib, rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var. Biz öz seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs verəcəyik”.
Sən demə, Ağalar Vəliyev adlı bu zati-möhtərəm hazırda da deputat imiş, ancaq Bakı rayonlarından birindən. Indi isə onu əyalətə göndəriblər, bu da orada seçicinin sistemini su və kanalizasiya xətti hesabına satın almaqla məşğuldur. Hansı maliyyə qaynağı hesabına? Əlbəttə, bu məlum deyil. Ümumiyyətlə, Azərbaycan reallığında bu cür sual vermək yerinə düşmür, adama dəli kimi baxarlar, soruşarlar, necə yəni hansı pulla, başın xarab olub-nədi, sən bəyəm bu ölkədə yaşamırsan, yoxsa başqa planetdən-zaddan gəlmisən, bilmirsənmi hansı pulla?!
Mənim heç səsini hansısa maddi vədlərin, təminatların müqabilində satan adamlara da sözüm yoxdur. Bizdə seçki çoxdan ləğv edilmiş, farsa, şouya çevrilmiş, heç bir əhəmiyyəti, marağı, həyəcanı olmayan hadisədir. Adamlar da fikirləşirlər, bir halda ki, seçki yoxdur, seçki adı altında təyinat var, barı fürsətdən istifadə edib, öz yollarını, su xətlərini, kanalizasiyalarını-zadı düzəltdirsinlər.
Bəs Ağalar Vəliyev adlı zati-möhtərəmlə bağlı yuxarıdakı xəbər niyə diqqətimi çəkdi? Deməli, Mərkəzi Seçki… pardon, Saxtakarlıq Komissiyası Azərbaycanın vicdanlı hüquqçularından biri Xalid Bağırovun deputatlığa namizədliyini qeydə almayıb, səbəb kimi isə onu göstərib ki, dostumuz seçicilərdən xeyli imzanı onları müxtəlif vədlərlə aldadaraq toplayıb. Xalid bəyin ləyaqətinə bələdik, ona görə də MSK-nın göstərdiyi bu səbəbin bəhanədən başqa bir şey olmadığına quşqu yoxdur. Belə görünür, Məzahir Pənahovun dəstəsi hamını özü kimi bilir.
Sadəcə, indi mən Pənahovdan və böyür-başındakılardan soruşmaq istəyirəm: təbliğat kampaniyası cəmi-cümlətanı 6 gündür başlayıb, bu 6 gündə isə Ağalar Vəliyev 17 kəndə içməli su çəkdirə bilməzdi, deməli, proses hardasa imzatoplama dövründə başlayıb. Yəni YAP-ın namizədi su, kanalizasiya xətti müqabilində imza yığıb. Amma onu heç bir problemsiz qeydə alıbsınız. Əcəb də edibsiniz. Əlinizin içindən gəlib. Sizin adını “seçki” qoyduğunuz fars onsuz da yalnız səsvermə günündəki saxtakarlıqdan ibarət deyil. O elə imzayığma mərhələsindən biabırçılıqla müşayiət olunur.
Ancaq barı YAP-çıların adını başqasına qoymayın. Onların mandat uğrunda çıxdığı hoqqaları sadəlövhcəsinə seçki farsına qoşulan vicdanlı insanların ayağına yazmayın. Ümumiyyətlə, səmimi davranın, deyin, seçki bizim üçün oğul-qız toyu kimi bir şeydir, kimi istəsək, adına toy dəvətnaməsi (oxu: namizədlik vəsiqəsi!) göndərərik, kimi istəsək yox. Daha durub gülməli səbəblər, komik bəhanələr axtarmağa nə ehtiyac var? Saxtakarlıq eləyəndə də səmimi olun. Açıq-açıq deyin, biz belə istəyirik, vəssalam!
Söhbət “seçki”dən düşmüşkən. Artıq onu Azərbaycanda az-maz maraqlı edən Zahid Orucun şüarlarıdır. Artıq hər deputatlıq “seçkisi”ndən əvvəl hamı oturub maraqla Zahid müəllimin bu dəfə hansı “gül” vuracağını gözləyir. O əvvəlki “seçki”yə “Aylardan müqəddəs Oruc, namizədlərdən Zahid Oruc” şüarı ilə getmişdi. Bu dəfə isə müəllimin şüarı belədir: “Oruc, Ramazan bitincə başlar”. Əsl istedad göstəricisi, xalis zəka dağarcığı bax belə olar. Zahid müəllimi təbrik edir, 2020-ci ildə keçiriləcək deputatlıq “seçki”sindəki şüarını bəri başdan intizarla gözlədiyimi bildirmək istəyirəm.
Yazıya isə onun bu dəruni, fenomenal şüarından təsirlənərək və ruhlanaraq yazdığım bir cümlə ilə nöbqtə qoymaq istərdim: Azərbaycanda seçki, səsvermə bitincə başlar!