Qazaxıstanın milli daşıyıcısı “Air Astana” şirkəti Almatı-Bakı, Almatı-Tbilisi və Almatı – İstanbul marşrutlarını dəyişir.
Məlumata görə, aviaşirkət marşrutları Xəzər Dənizi akvatoriyasında hərbi dəniz qüvvələri gəmilərdən raket buraxılışlarına görə dəyişir.
Hazırda “Air Astana” Rusiya Federasiyasının ərazisi üzərindən bu istiqamətlər üzrə hərəkət etməyə icazə verilməsini gözləyir.
Şirkətdən bildiriblər ki, Almatı-Bakı reysinin uçuş müddəti trayektoriyanın dəyişdirilməsi səbəbindən artıb, həmçinin yanacaq sərfi də artıb, lakin bu biletlərin qiymətinə təsir göstərməyəcək.
“Əlbəttə, biz sərnişinlərdən buna böyük anlayışla yanaşmalarını xahiş edirik, çünki bu, hər halda uçuşların təhlükəsizliyinin artırılması üçün bir tədbirdir”, – aviaşirkətin nümayəndəsi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl aviadaşıyıcılara Xəzər Dənizi üzərindən uçuşlar barədə xəbərdarlıq edilərək, Rusiya Dəniz Qüvvələri gəmilərindən İŞİD-ə raket buraxılışları səbəbindən marşrutların dəyişdirilməsi barədə tövsiyələr verilmişdi.