Gültəkin Hacıbəyli ilə Rafiq Manaflının seçki ilə bağlı tənqidləri hakimiyyəti özündən çıxardı
Noyabrın 1-i parlament seçkilərinin keçirilməsi nəzərdə tutulsa da, ölkədə seçki ab-havası hiss olunmur. Hakimiyyətin mövqeyinin zəifliyi, tənqidə davamsızlığı iqtidarı ünvanına səslənən ittihamlara dözümsüz edir. Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflının seçkiyə bağlı səsləndirdiyi fikirlərə hakimiyyətin sərt reaksiyası sübut edir.
“Seçki şousunun ifşası”
Xatırladaq ki, G.Hacıbəyli seçkiylə bağlı yazısında qeyd etmişdi ki, Milli Şuranın sədri, professor Cəmil Həsənlinin hazırladığı siyahı o dərəcədə realdır ki, hakimiyyət təmsilçilərindən kimsə onu ciddi şəkildə mübahisələndirməyə girişmədi: “Bir-iki nəfər ”dejurnıy” və dişsiz şərh verdi, qalanları abırlarına qısılıb susdu. Ancaq, təəssüf ki, müxalifət düşərgəsindən olan bəzilərinin bu siyahıya münasibəti daha aqressiv və eybəcər oldu. “Məsələn, yaşca Cəmil müəllimin ən kiçik övladından da kiçik olan birisi heç bir ədəb qaydası gözləmədən ağsaqqal professor haqqında yazdı ki, ”Cəmil müəllimə ayıb olsun”. Milli Şura sədri hakimiyyətin seçki saxtakarlığını təkzibolunmaz şəkildə ifşa edən siyahı yayır, özünü müxalifətçi adlandıran birisi isə onu, yaşına və başına uyğun olmayan bir tərzdə aşağılayır. Nə var ki, siyahı bunların “mübarizə”lərinə maneə olacaqmış. “Mübarizə” arqumentini, daha doğrusu arqumentsizliyini dəyərli dostumuz Rafiq Manaflı çox tutarlı şəkildə tərk-silah etdiyindən mən bu mövzuya toxunmuram. Sadəcə, onu deyəcəyəm ki, kimsə hava ilə, su ilə, yel dəyirmanı ilə sorağı Biləcəridən uzağa çıxmayan mübarizə aparmaq istəyirsə, buyursun”.
“Mübarizəni Leyla xanım aparır, Xədicə xanım aparır, Intiqam müəllim, Tofiq bəy, Ilqar bəy, Anar bəy, Seymur bəy, Ilkin bəy aparır. Bu fədakar insanların ölüm-dirim mübarizəsinin fonunda bütün bu mandat söhbətləri necə də ucuzdur, bir anlasalar!”,- deyə G.Hacıbəyli qeyd etmişdi. Milli Şura üzvü seçkiyə qatılanların buna bəraət üçün göstərdikləri arqumentlərə də münasibət bildirmişdi: “Seçkilərdə iştirak tərəfdarlarının sığındığı ikinci arqument seçki saxtakarlığının ifşası ilə bağlıdır. Saxtakarlıq faktları bir qayda olaraq ifşa olunaraq beynəlxalq təşkilatlara, seçkinin monitorinqi ilə məşğul olan qurumlara təqdim edilir. Həmin təşkilatlar – ATƏT və Avropa Parlamenti isə seçkiləri izləməkdən nəinki imtina edib, hətta Avropa Parlamenti bu seçkilərdə iştirakı saxta seçkiyə legitimlik qazandırmaq cəhdi adlandıraraq Avropa Birliyi ölkələrini Azərbaycana müşahidəçi göndərməməyə çağırıb”.
Hakimiyyətdən tənqidə dözümsüz yanaşma…
O sıradan R.Manaflının da seçkiylə bağlı müstəqil fikrini iqtidar mətbuatı birmənalı qarşılamayıb. R.Manaflı da facebook səhifəsində paylaşdığı bir qeydlə seçki şousunda iştirak edənlərə ciddi zərbə vurub: “Şou seçkidə rejimin dayağı olan qaragüruh aqressivləşib. Xüsusən də Məmmədəmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin yadigarları – Səxavət Soltanlı, Elman Fəttah, Valeh Hümmətoğlu. Mövqe qoymağa məəttəlsən, pırtlayırlar, arqumentləşdirirsən – partlayırlar.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli siyahı dərc edir. Dərc edildikdən sora bu artıq sadəcə siyahı deyil, sabah seçki saxtakarlıqlarının ən əhəmiyyətli sübutu olacaq sənəddir. Hədəfi də rejimdir. Amma rejim qalıbÿbir yanda, bu yuyulmamış qaşıqlar meydan sulayır. Məqsədləri də deputat-zad olmaq deyil, eləcə mübarizədir”.
“Sizinki mübarizə deyil. Sizinki satılmaq da deyil, doğrusu heç satlıq da deyilsiz. Bu hikkədir. Kindən, hiddətdən, nifrətdən doğan bir hikkə. Xəyanətə bərabər bir hikkə”, deyə R.Manaflı vurğulayıb.
Rafiq Manaflı: “Azərbaycanın reallığı və baş verənlər hər şeydən, partiya mövqeyindən də üstündür”
Hakimiyyət mətbuatının hazırda Milli Şura üzvlərinin səsləndirdiyi fikirlərə görə onları hədəf seçməsinə münasibət öyrəndik. Elə ilk danışdığımız şəxs də R.Manaflının özü oldu. R.Manaflı bildirdi ki, onun sosial şəbəkədə paylaşdığı fikir seçkiylə bağlı düşündükləri və şəxsi müşahidələridir: “Biz mövqeyimizi ortaya qoyuruq. Düşündüyümüzü, reallıqları yazırıq. Bu, milli məsələdir, Azərbaycanın sabahı deməkdir. Gültəkin xanıma qarşı da hakimiyyət mətbuatında təbliğat aparılır, söylədiyi fikirlərə görə. Mənim üçün Azərbaycanın reallığı və baş verənlər hər şeydən, partiya mövqeyindən də üstündür. Bizim qoyuduğumuz məsələlərə arqumentli cavab verilmir”.
Namizəd Səfərov: “Gültəkin Hacıbəyli tutarlı arqumentlərlə hakimiyyətin bəhanələrini darmadağın edib”
Milli Şuranın üzvü Namizəd Səfərov isə bildirdi ki, taleyimizə olduqca qəribə bir hakimiyyətin 23 ildən bəri əsarəti altında yaşamaq nəsib olub: “Heydər Əliyevin qurduğu və Ilham Əliyevin davam etdirdiyi bu hakimiyyətin dünyada analoqu və praktikası olmayan idarəçilik üsulları formalaşıb. Bu hakimiyyətin idarəçiliyinin ən başlıca istiqamətlərindən biri xalqa açıq şəkildə yalan danışmaqdir. Bu hakimiyyətin təmsilçiləri bütün səviyyələrdə ucdantutma, utanmadan, çəkinmədən istənilən yalanı cəmiyyətə buraxmaqdan zərrə qədər də çəkinmir. Məddahlıq bu hakimiyyətin idarəçilik metodunda yalandan sonrakı yeri tutur. Bu hakimiyyətin yalanlarına inanmayan, ona məddahliq etməyən, təpədən-dırnağa qədər korrupsiya içərisində olan bu hakimiyyəti tənqid etməyə cürət edən hər bir vətəndaş bu hakimiyyətin hədəfinə çevrilir”.
N.Səfərovun sözlərinə görə, bu ölkədə 1993-cü ildən sonra keçirilən seçkilərin hamısının ucdantutma saxtakarlıqla həyata keçirildiyinə bu cəmiyyətdə şübhəsi olan insanın olmadığını sübuta ehtiyac yoxdur. Hələ 1995-ci il parlament seçkiləri zamanı, o dövrdə Prezident Aparatında işləyən Nemət Pənahlı H.Əliyevin rəhbərliyi altında hazırlanmış, parlamentə buraxılacaq deputatların siyahısını xalqa bəyan etdi: “Nemət Pənahlı o zaman bu saxtakarlığa və qanunsuz əməllərə etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verdi. Elə o dövrdən başlayaraq bu ölkədə keçirilən bütün seçkilər – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri yalnız formal xarakter daşıyıb. Belə ki, istər parlamentə, istərsə də yerli özünüidarəçilik orqanları hesab edilən bələdiyyələrin tərkibi Prezident Administrasiyasında tərtib olunan siyahılar üzrə təyin olunur. Bu fakt artıq yüz dəfələrlə sübuta yetirilıb”.
N.Səfərov vurğuladı ki, G.Hacıbəyli də bunu qeyd edərək qarşıdan gələn parlament seçkilərində iştirakı özünüaldatma, seçki imitasiyasında iştiraketmə kimi qiymətləndirir. “Özünü müxalifət adlandıraraq bu seçkilərə qatılan şəxslərin seçkilərdə iştirakına haqq qazandıra biləcək arqumentləri hər hansı tənqidə tab gətirmək iatidarında deyildir. Gültəkin xanım tutarlı arqumentlərlə bu bəhanələri darmadağın edib. Ona görə də bu gün hədəfə tuş gəlmiş mahiyyəti bəlli hücumlara məruz qalır. Lakin, xalqın gözü tərəzidir, hamı yaxşı bilir ki, parlamentə düşəcək şəxslərin siyahısı artıq hazırdır. Noyabrın 1-də keçirilməsi imitasiya olunacaq seçkilər yalnız bir oyundur. Əlbəttə, bununla bağlı hakimiyyət dairələrinin və bu oyunun digər iştirakçılarının arqumentlərini puça çıxararaq reallığı səsləndirən şəxslərə qarşı göstərilən aqressivlik başadüşüləndir”, deyə N.Səfərov vurğuladı. N.Səfərovun sözlərinə görə, C.Həsənli parlamentə “salınmış” deputatların siyahısını mətbuatda yaymaqla hakimiyyəti çətin vəziyyətə salıb: “Hakimiyyət təmsilçiləri fakt qarşısında nokautdan birtəhər qalxıb, noqdauna düşüblər. Bu onları özündən çıxarıb, müvazinətlərini itirib, balanslarını pozub və aqressivləşdirib. Onlar bu siyahıda ən kiçik belə dəyişikliklər, korrektə aparmaq iqtidarında deyillər. Çıxış yolu bir dənədir opponentləri söymək, onlara qara yaxmaq, uysada-uymasa da”.
Xəyal