“Üzən məzənnə” təklifi ajiotaj yaratdı

mehemmed_yeniMəhəmməd Talıblı: «Hökumət ictimaiyyəti hazırlamalıdır ki, sonradan ajiotajın təsiri altında hər hansı dalğalanma baş verməsin»

Son günlər Azərbaycanda dollara olan təlabat xeyli artıb. Azərbaycanda “üzən məzənnə”yə keçidlə bağlı xəbər açıqlandıqdan sonra artıq dolların qiyməti bahalaşmağa başlayıb. Manatın dollar qarşısında yenidən ucuzlaşacağından ehtiyat edən vətəndaşlar isə dollar almağa başlayıblar. Bununla da Azərbaycanda dollara olan təlabat xeyli artıb.

Bunu valyuta mübadiləsi şöbələrinin satıcıları deyiblər. Mərkəzi Bank bu gün üçün dolların rəsmi məzənnəsini 1.0473 AZN müəyyən etsə də, mübadilə məntəqələrində dollar 1.051 AZN-ə satılır.

Xarici valyutaya maraq artıb

Valyutadəyişmə fəaliyyəti ilə məşğul olan Bəhruz Hüseynov dolların məzənnəsində ciddi artımın olmadığını, amma vətəndaşların bu xarici valyutaya marağının artdığını deyir. Onun sözlərinə görə, dolların yenidən bahalaşacağı ilə bağlı fikirlər bu valyutanın satışını artırıb. Onun sözlərinə görə, qarşıdakı günlərdə də müştərilərin sayının artacağı gözlənilir.

Dollarla yanaşı avronun məzənnəsində də artım var. Xarici valyuta satışı ilə məşğul olan Azər Ələsgərov deyir ki, avronu 3-4 gün əvvəl 1.187 AZN-ə alıb 1.190 AZN-ə satırdıq. Bu gün isə qiymətlər nisbətən artıb.

Indi isə alış qiyməti yüksələrək 1.193 manat olub. Biz də məcburuq ki, 1.198 AZN-ə sataq. Ancaq buna baxmayaraq satışda xeyli artım var. Son günlər avro alanların sayı xeyli artıb. Düşünürəm ki, insanlar çevik məzənnənin nə olduğunu daha yaxşı başa düşdükdən sonra satış daha da sürətlənəcək”.

Elman Rüstəmovun açıqlaması təşviş yaradır”

Elman Rüstəmov son çıxışı zamanı çevik məzənnə barədə açıqlama verib. “Mərkəzi Bankın keçmək istədiyi çevik məzənnə rejiminin mahiyyəti odur ki, tətbiq edildiyi zaman valyutanın məzənnəsi ona olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini ”hamarlaya” bilər”.

Bir müddət əvvəl maliyyə naziri Samir Şərifov da çevik məzənnə siyasətinə keçidlə bağlı müzakirələrin getdiyini bildirmişdi.

Hazırda Azərbaycanda da bunun tətbiqi ilə bağlı işlər aparılır. Qazaxıstan artıq bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Ancaq, fikrimcə, hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq” (anspress).

Bəs üzən kursa keçməklə bağlı deyilənlər ölkə iqtisadiyyatına nə vəd edir? Yaşanan ajiotaj Mərkəzi Bankın hansı həcmdə resurslarını əridəcək?

Vətəndaşlar etibarlı valyuta kimi ABŞ dollarını seçir”

Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, devalvasiyanın nisbəti və “üzən” məzənnəyə keçidlə bağlı Qazaxıstan təcrübəsini təkrarlamağa monetar qurumlar daha çox can atır. Bu sadəcə “köçürmə” deyil, təcrübədir. Yəni onun spesifikliyinə, bazar şərtlərinə və ölkənin tədiyyə balansına nəzər salaraq aparılması daha düzgün olardı: “Yəni, deyək ki, devalvasiya qərarı xarici ticarət əməliyyatlarında valyuta-manat proporsiyasını nəzərə almadan aparmaq daim Mərkəzi Bankın valyuta bazarına intervensiyası ilə baş verməlidir. Bunu isə həmişə dəyişən şərtlər altında həyata keçirmək çətin olur. Devalvasiya qərarından sonra məndə belə bir qənaət formalaşıb: bazar iştirakçılarında müxtəlif informasiyaların təsiri altında maliyyə gözləntiləri formalaşıb. Bu isə bazarda süstlüyün və işgüzar aktivliyin azalmasının əsas səbəblərindəndir. Devalvasiya qərarının şoku onlarda belə təəssürat yaradıb ki, analoji hal nə vaxtsa təkrarlana bilər. Bu qeyri-müəyyənlik bazar iştiraçılarında məyusluğun əsas səbəbidir”.

M.Talıblı bildirdi ki, ona görə, belə vəziyyətlərdə xarici ölkə təcrübələrində biz treyderlərin bazarda fəal oyunçu olaraq oynayıb gəlir əldə etmək fürsəti kimi baxırlarsa, bizdə isə həmin oyunçular gəlir əldə etməkdən daha çox öz vəsaitlərini qorumaq haqqında düşünürlər: “Devalvasiya necə baş verdi – sualının cavabında indiki situasiyaya cavab tapmaq olar. Müəyyən bir qrup bazardan dolları yığırsa, demək, valyuta bazarı hansısa hədəfinə və nəyəsə hazırlanır. Bu valyuta qorxusunun özü bəlkə də baş verəcək maliyyə təhlükəsinin özündən qorxulu görünür. Bu prosesə o zaman start verildi ki, artıq fiskal və monetar qurum rəhbərləri ”üzən məzənnəyə” hazırlıq haqqında danışmağa başladılar. Dünya təcrübəsi də sübut edir ki, hər hansı ölkədə fikirlərinə böyük önəm verilən və ya yüksək reputasiyalı tanınmış mütəxəssisin, hökumətin yüksək çinli təmsilçilərinin söylədikləri hər hansı bir fikir bazarda psixoloji təsir gücündə olur. Ona görə hökumət qurumları nə etmək istədiyini aydın söyləyib ictimaiyyəti ona hazırlamlıdır ki, sonradan treyderlərin yaratdığı ajiotajın təsiri altında hər hansı bir dalğalanma baş verməsin”.

M.Talıblının fikrincə, bütün bunlara görədir ki, vətəndaşlar etibarlı valyuta səbəti kimi ABŞ dollarını seçir və onu yığım vasitəsi kimi istifadə edir. “Məhz buna görədir ki, bazarda hamı manatı yox, dolları yığır”, deyə M.Talıblı vurğuladı.

Xəyal