xanbahadir@mail.ru
Komandanın əski-yeni çıxışı. Bu çıxış faktiki olaraq başında durduğu komandanı darmadağın edən (sözdə!) komandan çıxışıdır. Komandan komandasına qarşı! Ancaq, bu yeni çıxış deyil, əski-yeni çıxışdır. Indiyədək belə çıxışlar çox olub, hamısı da sonucsuz. O danışır, komandası yazır. Düz 12 ildir o danışır, onlar yazırlar. Sonra da arxayınçılıqla illərdən bəri getdikləri yolla gedirlər…
Hərdən mən də özümü nazir yerinə qoyub onun çıxışından gərəkli bildiyim yeri bloknotuma köçürürəm. O köçürmələrdən birinə baxaq: “Mənə məmurların yaratdıqları problemlərlə bağlı siqnallar gəlir. Bu problemləri aradan qaldıracağıq. Hər yerdə qanun, qanunçuluq olmalıdır. Monopoliyalara son qoyacağıq. Azərbaycanda hamı hər şeyi bildiyindən burada nəyisə gizlətmək çətindir”. Bu, indiki çıxışdan alıntı deyil; 2004-cü ildə, 12 illik hakimiyətin birinci ilinin sonunda edilmiş çıxışdan alıntıdır. O çağdan indiyədək rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq-monopoliya prezidentliyin dəmir-beton konstruksiyası olaraq özünü göstərməkdədir. Sumqayıtda 17 zavodu keçi qiymətinə özəlləşdirib “Sumqayıt Texnologiya parkı” adı altında əlaltı parlamentdən keçirməklə yeddi illiyə vergidən yayındırma faktından sonra özündən aşağıdakıları vergidən yayınmada suçlamanın effekti suçlananların bloknota söz köçürməsindən uzağa gedə bilməz. Getmir!
Bəs indi türməlik edilmiş Xədicə Ismayılın üstünü açdığı, Əfqan Muxtarlının Gürcüstana sığınıb ardını gətirdiyi korrupsiya-monopoliya faktları?! Bəs Dubaydan ofşorlaradək milyardlarla dollarlıq oğurluq-mənimsəmə faktları?! Ən yaxın çağlaradək Ölkəyə böyük axınla gəlmiş neft milyardları indi yerli-dibli yox yerindədir. Neft pullarını INSAN KAPITALINA yönəltməməkdən! Insan kapitalına yönəltmək necə olardı? Güclü, çağdaş, effektli EKONOMIKA üzərində yalandan deyil, gerçəkdən SOSIAL DÖVLƏT qurulardı. Bunlar yoxdur, bunların yerində nə var: 25 milyard dış borc; neftin ucuzlaşmasının ardınca 5 milyard büdcə əskiyi; yoxsulluq üzündən 500 min adamın (üstəlik, erməni Martirosyanların!) ünvanlı sosial yardıma bağlanması; 2,5 milyon yurddaşımızın kredit ilgəyinə keçməsi. Sonuncu bu rejimin necə antixalq xarakteri daşıdığını bütünlüklə açıb ortaya qoyur. Baxın, yurddaşlarımızın 1 milyonunu ermənilər qaçqına çevirirkən, 3 milyondan çoxunu bunlar qaçqına çeviriblər. Dolanışıq dözülməzliyindən ölkə boşalıb. Qalanların da çoxu kredit ilgəyindən asılı qalıb! Xalqı aldatmaq üçün bütün bunlara INKIŞAFIN AZƏRBAYCAN MODELI adını veriblər. “Iqtisadi inkişaf modelimiz bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər”, – deyəndən soruşmaq gərəkir: dolanışıq dözülməzliyindən ölkədaşları ölkədən qaçıran, qalanlarını kredit ilgəyinə keçirib qaçılmaz ölümə sürükləyən bir “iqtisadi model” kimə “cəlbedici” görünə bilər?! Indiki “inkişaf modeli” Azərbaycanı Afrikanın ən geridə qalmış ölkələrilə bir sıraya qoyursa, bu “inkişaf modeli” Təhsil, sağlamlıq sistemlərini dağılmış duruma gətirib çıxarıbsa, siz bu modellə ancaq böyük NEFT pulları üzərində ÖRNƏK-MODEL kefi çəkə bilərdiz – o da bitdi, qurtardı!
Elə buna görə də indi ortaya belə bir fraza çıxır: “Daha hövsələm qalmayıb”. “Hövsələ ərəbcədir, bizim dildə bu, DÖZÜM deməkdir. Bu rejimin patriarxı qayıdışının ilkin çağlarında belə demişdi: ”Bizim xalqımız dözümlü xalqdır”. Xalq 22 il bu rejimə dözdü. Dözdü, bircə yol da dözüm limitinin tükəndiyini demədi, üzə vurmadı. Olduqca ilginc çevrilmə-metamorfoza-transformasiya faktıdır: 22 il bir xalqın dözdüyünə bu rejimin başçısı dözmədiyini, dözüm limitinin tükəndiyini bildirir; ancaq… NEFT ucuzlaşınca! Indi hamı “ayağını yorğanına görə uzatmalıdır” – oliqarxlar xalqdan oğurladıqları milyardlarla santimetrlik “yorğanlarına”, müəllim, həkim, AMEA-nın elmi əməkdaşı 150 santimetrlik “yorğanına” görə! “Yorğanı” yalnız şortikliyə yarayan milyonların canı cəhənnəm!!! Bacaran getsin “yorğanına” yamaq vursun…