Hövsələsi çatmadı

turkel azerturkTürkel Azərtürk

İlham Əliyev yenə nazirləri başına yığıb, iclas keçirdi. Oturub hövsələ ilə cənab prezidentin çıxışını dinlədim. Ümumiyyətlə, başqasını bilmirəm, şəxsən mənim nə qədər vacib işim olsa da, nə qədər tələssəm də, əgər televizorda Ilham Əliyev çıxış edirsə, mütləq onu sonadək dinləyirəm. Bu dəfə də ənənəni pozmadım. Prezident bu dəfə həmişəkindən daha aqressiv, daha əsəbi idi. Çıxışından görünürdü ki, illərdən sonra nəhayət ki, ölkədə baş verənlərdən xəbər tutmuşdu. Yəqin əsəbi olmasının da səbəbi bu idi. Prezident çıxışında bildirdi ki, sən demə, o, etibarlı mənbələrdən xəbər tutub ki, ölkədə sahibkarları incidirlər, onlardan aylıq “haqq” alırlar. Hətta rüşvət müqabilində aidiyyatı orqanların lisenziya satdıqlarını da söylədi. Hələ yenidən prezidentin göstərişinə məhəl qoymadan yumurtanın qiymətinin qaldırılmasından danışmırıq. Yəqin ki, bununla bağlı xüsusi müşavirə keçiriləcək. Çünki yumurta məsələsi həssas məsələdir. Axı o bizim neftdən sonra ən dəyərli sərvətimizdir. Onunla bağlı hansısa müşavirədə ötəri danışmaq düzgün olmaz. Ölkədəki vəziyyətin görünəndən və gözləniləndən daha ağır olduğu da çıxışdan açıq-aydın görünürdü. Görün harasıdır ki, hətta dözümlü xalqın prezidenti belə daha dözə bilmədiyini, hövsələsinin tükəndiyini dilə gətirdi. Bununla da, o, min bir əziyyətlə xalqın şüuraltısına yeridilmiş “prezidentin xəbəri yoxdur” mifini darmadağın etdi. Daha onun hər şeydən xəbəri var. Bütün ixtilaflı məsələlər də şəxsi nəzarətindədir. Deyir ümid ən sonda ölür. Mən də hələ də ümid edirəm ki, sonda şəxsi nəzarətdə olan məsələlər, elə prezidentin şəxsi nəzarəti altında rəhmətə gedən Habil Əliyevin aqibətini yaşamayacaq. <br> Əslində yazını bu yerdə bitirib, redaksiyaya göndərməli idim. Lakin, “facebook”a daxil olanda yazar Günel Mövludun iki qardaşının narkotik ittihamı ilə həbs edilməsi və satirik şair Tofiq Həsənlinin oğurlandığını oxudum. Yazımın əvvəlində prezidentin “hövsələm yoxdur” ifadəsini hətta onun belə bu qədər haqsızlığa dözə bilməməsiylə əlaqələndirmişdim. Görünür yanılmışam. Sən demə prezidenti hövsələdən çıxaran başqa məsələlər var imiş. Məsələn, bu qədər təzyiqlərə rəğmən, bu qədər məhdud şəraitdə hələ də “Meydan tv” ilə əməkdaşlıq edən yazarların olması, şairlərin, yazıçıların böyük əksəriyyətinin məddaha çevrildiyi ölkədə hələ də haqqı yazan şairlərin olması və.s. Əslində təxminimdə yanılmamalı idim. Axı biz cənab Əliyevlə köhnə tanışlarıq. Bir-birimizin xasiyyətinə də bələdik. Amma bu dəfə təxmin etmirəm, dəqiq bilirəm ki, bu həbslər təsadüfi deyil. Bu həbslərə rəvac verən ciddi amillər var. Məsələn, parlament seçkiləri. Seçkilər yaxınlaşdıqca hər kəs ölkədə seçki ab-havsının olmamasından şikayətlənirdi. Hamı deyirdi ki, bu ondan irəli gəlir ki, hakimiyyət bunda maraqlı deyil. Çünki deputatlar təyin edilir, seçki formaldır. Cənab prezident də bunun belə olmadığını isbat etmək üçün əvvəlcə Məmməd Ibrahimin həbsinə razılıq verdi. Əhval-ruhiyyənin yenə də aşağı olduğunu görüb, bir gecəyə 3 nəfəri həbs etdirərək, məsələni həll etdi. İndi seçki ab-havası normadan daha yüksək hiss olunur. Deməli istəyəndə “işləmək” olur. Yetər ki, istəyəsən. Baş verənlər bir daha Ziyafət müəllimin dediklərini təsdiqlədi. Həqiqətən də xalqla hakimiyyət arasında çox sıx bağlar var. Ona görə də hökumət xalqın rəyinə əsaslanaraq addım atır. Zahid Orucun təbirincə desək, BIRMƏNALI DƏSTƏKLƏYIRIK.