Vüqar Əliyev Qobustan həbsxanasında ölüm aclığı keçirir VİDEO

vuqar-eliyev

Keçmiş nazir müavininin oğlunun qətlilə bağlı qalmaqal yenidən gündəmdə

Bu iş üzrə ömürlük həbs olunan Vüqar Əliyev dövlət başçısı və xanımına məktubunda nələr yazıb?

Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlilə əlaqədar ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyev oktyabrın 3-dən ölüm aclığına başlayıb. Bu barədə “Azadlıq”a Vüqar Əliyevin anası Məlahət Ismayılova məlumat verib. O bildirib ki, Vüqar Əliyev illərdir davam edən ədalətsizliyə etiraz olaraq, bu addımı atmaq qərarına gəlib.

Məlahət Ismayılovanın sözlərinə görə, müxtəlif dövlət orqanlarının rəhbərlərinə, o cümlədən ölkə başçısı Ilham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub ünvanlayaraq, onu ölüm aclığına vadar edən səbəblər barədə ətraflı məlumat verib. Həmçinin səlahiyyət sahiblərindən ona qarşı ədalətsizliyin aradan qaldırılmasına kömək istəyib. Qeyd edib ki, uzun illərdir məruz qaldığı ədalətsizliyə etiraz olaraq, oktyabrın 3-dən müddətsiz aclıq aksiyası keçirir: “Vüqar bütün səlahiyyətli adamlardan bu haqsızlığın aradan qaldırılması üçün kömək istəyir. Deyir ki, başqa çarəm yoxdur, dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edib. Amma şikayətinə baxan yoxdur. Bu adam 12 il yarımdır ki, Aslan Aslanovun sifarişilə zülm altındadır. Bu zülmün bir sonu olmalıdır axı… Ona görə də Vüqar deyir ya bu ədalətsizliyə son qoyulsun, ya da ölüm qurtarım. Vüqar oktyabrın 3-dən aclığa başlayıb, ayın 4-də bu barədə həm həbsxananın rəisinə, həm də həkiminə yazılı şəkildə məlumat verib. Amma üstündən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də Vüqarı müayinə edən, onun səhhətilə maraqlanan yoxdur”.

Məlahət Ismayılova Vüqar Əliyevin dövlət başçısı və xanımına, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Zakir Qaralova, parlamentin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri Əli Hüseynliyə, Ombudsman Elmira Süleymanovaya, Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Fuad Ələsgərova və digər vəzifəli şəxslərə ünvanladığı məktubun surətini “Azadlıq”a da təqdim edib. Vüqar Əliyev müraciətində yazır:

Son ümid kimi, yazıb sizlərə müraciət edirəm. Uzun illərdir məruz qaldığım ədalətsizliyə etiraz olaraq, 3 oktyabr 2015-ci ildən dinc xarakterli, müddətsiz aclıq aksiyasına başlayıram.

Dəfələrlə ərizə və şikayətlərlə aidiyyəti orqanlara müraciət edib, Şəmkirin keçmiş icra başçısısı, həmçinin Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun bir zərəəkmiş kimi öz nüfuzundan və pulundan sui-istifadə edərək, mənimlə bağlı istintaq və məhkəmə prosesini məqsədli şəkildə əleyhimə yönəltdi. Ünvanıma açıq-aşkar yalanlar söylənildi, faktlar təhrif olundu, dəfələrlə fiziki işgəncələrə, qeyri-insani rəftara məruz qaldım. Son nəticədə də qərəzli, ədalətsiz məhkəmə hökmü ilə ən ağır cəzaya məhkum edildim.

1990-cı illərdən 2004-cü ilə qədər Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanov rayonda atasının hegemonluğundan sui-istifadə edirdi. Ruslanın belə hərəkətlərinin sonuncu qurbanı olan mənim keçmiş nişanlım Lamiyə Quliyeva öz namusunu təmizləmək naminə Ruslanı qətlə yetirdi. Aslan Aslanov oğlunun ölümünün gerçək səbəbini ört-basdır etməyə çalışdı. Cinayət baş verərkən də Aslan Aslanov Şəmkirin icra başçısı idi. Ona görə də ölümün səbəbini belə rəsmiləşdirdilər ki, guya mənim atam Ibrahim Ismayılov Şəmkir şəhərində Nizami və Vaqif küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini özbaşına zəbt edib və bununla əlaqədar onunla icra başçısı Aslan Aslanov arasında münaqişə yaranıb. Mən də Aslan Aslanovdan qisas almaq üçün oğlu Ruslanı qətlə yetirmişəm. Bu yalan ittihamı mənə qarşı irəli sürüb, işi də məhkəməyə bu cür göndərdilər. Aslan Aslanov son nəticədə mənə ömürlük həbs cəzası verilməsinə nail oldu.

Aslan Aslanovun sifarişi əsasında fərziyyələr üzərində qurulan bu ittihamı təkzib etmək üçün atam həmin torpaq sahəsinin qanuni sənədlərini məhkəməyə təqdim etdi. Lakin məhkəmə qeyri-qanuni olaraq, bizim dəlil-sübutlarımızı qəbul etmədi.

Artıq 12 ildir ki, bütün aidiyyəti orqanlara 100 faizlik günahsızlığımı və cəzaya layiq olmadığımı sübut edən dəlillərlə müraciət etsəm də, hamısından eyni cür şablon cavablar alıram.

Nəhayət, Lamiyə Quliyeva olayı. 2015-ci ilin əvvəlində bu iş üzrə ictimai səs-küy qalxandan sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin əməkdaşı Səttar Rzayev fevralın 14-də Qobustan həbsxanasına gələrək, məhkum olunduğum cinayət işi, ibtidai istintaq zamanı məruz qaldığım işgəncələr, haqsızlıqlar barədə izahat aldı, araşdırma aparılacağına söz verdi.

Lamiyə Quliyeva azadlığa çıxandan bir müddət sonra mənə xəbər göndərərək bildirdi ki, onu şərtlə buraxıblar. Şərt də bundan ibarət olub ki, Lamiyə Quliyeva prokurorluqda əleyhimə ifadə verməli, qətli mənim törətdiyimi deməlidir. Əgər bu şərti pozsa, yenidən həbsxanaya qaytarılacaq.

Bütün bunlar bir daha göstərir ki, mən törətmədiyim cinayətin cəzasını çəkirəm.

Sizlərdən xahiş edirəm, mənə qarşı bu ədalətsizliyin aradan qaldırılmasına kömək edin!”

 

Aytən