Ərdoğan Ankara terroruna görə 3 məmuru istefaya göndərdi

 

erdogan-3Davudoğlu: «Terrorçular Şimali İraqda təlim keçib»

Türkiyə hökuməti terror qurbanlarına təzminat ödəyəcək, aylıq maaş  kəsəcək 

Ötən şənbə günü Ankarada baş verən terroru kimlərin törətdiyi məlum olub. 97 nəfərin həyatını itirdiyi qanlı olayın “canlı bomba”ları Yunus Əmrə Alagöz və Ömər Deniz Dündardır. Yunus Əmrə Alagöz bir neçə ay əvvəl Suruçda 32 nəfərin həyatına son qoyan məlum qətlimaın “canlı bomba”sı  Abdurrahman Alagözün qardaşıdır.

Terrorçular Suriyadan gəlib

Ömər Deniz Dündar isə Türkiyə polisinin axtardığı IŞID-in 20 “canlı bomba”sından biridir. Terrorçuların hər ikisi ayrı-ayrı vaxtlarda Suriyadan Qaziantepə, oradan da Ankaraya gəlib. Polis onları paytaxta gətirən sürücüləri də həbs edib.

Ankaradakı terrora görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə məmurun istefasına qərar verib.

Ankara Polis Idarəsinin rəisi, idarənin MIT (Milli Istihbarat Təşkilatı) şefi və təhlükəsizlik rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.ÿ Ankara Polis Idarəsinin rəhbərliyinə rəisÿmüavini Əhməd Hakan Arıkan gətirilib.

Istefa qərarına qarşı çıxan CHP başqanı Kamal Kılıçdaroğlu bildirib ki, hökumət məmurları yox, daxili işlər naziri və ədalət nazirini istefaya göndərməli idi: “Məmurun nə günahı var” Onu niyə işdən uzaqlaşdırırsız? Onlar məmurdur, hökuməti idarə etmirlər ki?! Hökuməti idarə edən baş nazir Əhməd Davudoğludur, nazirlərdir. Onlar getməli idilər. Bu işin bir siyasi məsulu var. O məsul şəxs mən deyiləm. Dükanda işləyən vətəndaş da deyil”.

Iş və pulsuz təhsil…

Türkiyə hökuməti qanlı terrorda həyatını itirən və yaralanan vətəndaşlarına maddi təzminat ödənməsinə və aylıq maaş kəsilməsinə qərar verilib.

Terrorda həyatını itirənlərin hər birinin ailəsinə  29 min lirə, agır yaralananların (əlillərin) hər birinin ailəsinə 2 min 326 lirədən 41 min 874 lirəyədək (xəsarət dərəcəsindən asılı olaraq) təzminat ödənəcək.

Terrorda ölənlərin hər birinin ailəsi ayda 789 lirə maaş alacaq. Əlil olanlar üçün nəzərdə tutulan aylıq maaş isə 473 lirədən 789 lirəyədək (xəsarət dərəcəsindən asılı olaraq) olacaq.

Qurbanların yaxınlarına dövlət müəssisələrində iş veriləcək, övladları pulsuz təhsil hüququndan yararlanacaq.

Ərdoğan hadisə yerinə getdi

Dünən Türkiyə prezidenti Ankarada terrorun baş verdiyi meydana gedib. Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, həmçinin Finlandiyanın prezidenti və onun xanımı da olub. Prezidentlər və xanımları yerə qərənfillər düzüblər, partlayışın baş verdiyi ərazini gəziblər.

Qonaq prezidentin adından meydana gül çələngi də qoyulub.

Qeyd edək ki, hələ ki hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Baş nazir Əhməd Davudoğlu açıqlama verib ki, hökumətin əlindəki bilgilər təşkilatçılarla bağlı izin IŞID  və PKK-ya getdiyini göstərir. Baş nazir onu da bildirib ki, hökumət “canlı bomba”ların Şimali Iraqda təlim keçdiyi və Türkiyəyə göndərildiyi barədə də məlumatlara sahibdir.

Gültəkin