1621 sahibkar cinayət məsuliyyətinə cəlb olunub
Ölkə başçısı Ilham Əliyev bir neçə gün öncə Nazirlər Kabinetində ilin doqquz ayının yekunlarına həsr olunan geniş müşavirə keçirdi və bu müşavirə günün əsas mövzusuna çevrildi. Məlum müşavirədə xeyli etiraflar səsləndi, maraqlı məqamlara toxunuldu.
Biz bu yazıda konkret olaraq ölkə başçısının sahibkarlarla bağlı səsləndirdiyi fikirlərə toxunmaq istəyirik. Səbəbini isə aşağıda izah edəcəyik: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq. Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək. Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”- deyə ölkə başçısı bildirmişdi.
Məsələ burasındadır ki, ölkə başçısının odlu-alovlu çıxışından sonra 1621 sahibkara cinayət işinin açılması haqqında məlumat yayıldı. Bəli, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 1621 sayda cinayət işi başlanıb. Bu barədə Fins.az-a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, onlardan 305-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 174-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələri, 1277-si vergi borcunun ödənilməməsi, 38-i operativ vergi nəzarəti tədbirlərinin (bunlardan 19 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 18 iş aksiz markası ilə markalanmamış məhsulların saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş material üzrə başlanıb.
Göründüyü kimi, ölkə başçısının toxunduğu məqamların əlamətləri bu cinayət işlərində də özünü göstərir. Böyük ehtimalla cinayət işi açılmış sahibkarlar ya “qodovoy”u ödəməyib, ya da “qodovoy”u ödədiyinə görə əlavə vergiləri ödəyə bilməyib. Yəni 1621 cinayət işinin əksəriyyəti yenə də qanunsuz tələblərin nəticəsində ortaya çıxıb. Bu qədər cinayət işinin açılması, vergi ödəyicilərini bu formada sıradan çıxarılması kütləvi işsizliyə, pul dövriyyəsinin azalmasına səbəb olur. Ancaq, ölkə başçısının hədələrindən sonra bu işlərə yenidən baxılmalı və əsassız cinayət işlərinə xitam verilməliydi.
Görünür, “cinayət kolleksiyası” düzəldənlər müşavirədə səslənən fikirlərin daxili auditoriyaya hesablandığını bilir və buna görə də “fəaliyyət”i davam etdirirlər.
Bir daah qeyd edirik ki, sahibkarlar 5-6 struktura “haqq” ödədikləri üçün, bəzən dövlətin vergisini ödəmək iqtidarında olmurlar. Yaxud qanuni vergini ödəyib, qanunsuz tələbləri yerinə yetirə bilmədikləri üçün təzyiqlə üzləşirlər. Nəticədə isə barələrində qondarma cinayət işləri açılır və daha çox pul tələb olunur.
Bir sözlə, ölkə başçısı bütün müşavirələrdə “günahkarlar cəzalanacaq” vədi versə də, günahsızların cəzalandırılması davam edir. Yəni “siyasi soyqırım” davam edir.
Samir