Türkiyədə gərgin anlar: polislə etirazçılar toqquşdu

ankara-terror

Polis gözyaşardıcı qazdan və dəyənəkdən istifadə etdi

Ötən şənbə Ankarada baş verən qanlı olayla bağlı təhqiqat davam etdirilir. Olayın bir nömrəli şübhəliləri Suriyadan gəldiyi iddia olunan iki IŞID üzvüdür. Hələlik istintaq yekun rəyini açıqlamayıb.

Davudoğlu hadisə yerində oldu

Dünən baş nazir Əhməd Davudoğlu terrorun baş verdiyi Ankara Dəmir Yolu Vağzalının yaxınlığındakı meydana gedərək yerə qərənfillər düzüb, həyatını itirənlər üçün dua oxuyub. Davudoğlu ilə birlikdə xanımı Sare Davudoğlu, həmçinin müavinləri Yalçın Akdoğan, Cevdet Yılmaz, AKP yetkililərindən Ömər Çelik də terror qurbanlarını yad edib. Davudoğlunun ziyarəti müddətində əraziyə media mənsublarının girişinə icazə verilməyib.

Avropalı diplomatlardan 97 qərənfil

Avropa Birliyi ölkələrini təmsil edən 27 səfir də dünən hadisənin baş verdiyi ərazidə olub. Diplomatlar meydana ölənlərin sayına uyğun olaraq 97 qərənfil düzüblər.

“Hadisə yerinə birlikdə gələrək qurbanların ailələri və yaxınlarının acısını paylaşdığımızı bəyan edir, terroru rədd edir, Türkiyədə barış çağırışlarına dəstək veririk” deyə, diplomatlar bildiriblər.

Səfirlərin gəlişindən əvvəl ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Istanbulda gərgin anlar

Həmkarlar təşkilatlarının təşəbbüsü ilə dünən 10 oktyabrÿterrorunaÿetiraz olaraq Istanbulun bir neçə bölgəsində aksiyalar təşkil olunub. Etirazçılar Kadıköydə, Sirkəcidə, Bəyazıt meydanında və Cərrahpaşa Xəstəxanası yaxınlığında toplaşıblar. Polis aksiyaçıların yürüş keçirməsinə imkan verməyib.

Xəstəxananın bağçasında ÿpolislə etirazçılar arasında qarşıdurma olub. Aksiyaçıların dirəniş göstərdiyini görən polis dəyənəyə əl atıb və gozyaşardıcı qazdan istifadə edib. Polis səsgücləndirici ilə aksiyaçıları dağılmağa çağırsa da, etirazçılar geri çəkilməyib.

Sirkəcidəki nümayişçilər isə etirazlarını oturaq aksiya ilə ifadə ediblər.

Polislə aksiyaçılar arasında növbəti gərginlik Bəyazıt meydanında yaşanıb. Polis IŞID-ə etiraz edən aksiyaçılarla əlbayaxa olub. 23 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Qeyd edək ki, ilkin versiyaya görə, Ankaradakı qanlı terroru IŞID üzvü olan iki “canlı bomba” törədib. Aksiyanın IŞID əleyhinə təşkili də bununla bağlıdır.

Terror olan meydanda növbəti partlayış

Partlayışın baş verdiyi ərazidə dünən yenidən həyəcanlı anlar yaşanıb. Polislər meydanda sahibsiz çantanı görərək bomba mütəxəssislərini əraziyə çağırıblar. Mütəxəssislərin müdaxiləsi ilə çanta partladılıb. Şübhə yaradan çantanın içindən ehtimal olunduğu kimi, partlayıcı maddə yox, yemək qalıqları çıxıb.

Aydın Taş