Milli Şuranın Koordinasiya Mərkəzi nələri müzakirə edib?

milli sura

«Belə düşünülməmiş eksperimentlər ölkənin maliyyə həyatının iflası ilə nəticələnə bilə

Oktyabrın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkənin siyasi, sosial-iqtisadi həyatı və beynəlxalq aləmdə baş verən ümdə məsələlərlə bağlı məsələlər müzakirə edilib.

Koordinasiya Mərkəzinin üzvləri Türkiyədə baş vermiş qanlı terror hadisəsilə bağlı təəssüfünü ifadə edərək, Azərbaycan xalqının bu ağır günlərdə Türkiyənin yanında olduğunu bildirib.

Azərbaycanda sosialı-iqtisadi durumun sürətlə pisləşməsi, maliyyə böhranının dərinləşməsi, işsizliyin kütləvi xarakter alması, əhalinin sosial vəziyyətinin ağırlaşması ilə bağlı müzakirələrin gedişində Milli Şuranın bu mövzuda dəyirmi masa keçirməsi məqsədəuyğun hesab edilib. Aparılan müzakirələrdə qeyd edilib ki, son vaxtlar hökumətin ayrı-ayrı məsul şəxslərinin manatın “üzməyə” adaptasiya etmək fikirlərinin heç bir maliyyə-iqtisadi əsaslandırması yoxdur və belə düşünülməmiş eksperimentlər ölkənin maliyyə həyatının iflası ilə nəticələnə bilər.

Koordinasiya Mərkəzinin üzvləri hazırda müzakirəyə çıxarılan 2016-cı ilin dövlət büdcəsində gəlirlər və xərclərin ciddi şəkildə azalmasının qarşıdakı ildə əhalinin sosial həyatına ağır təsir göstərəcəyini qeyd ediblər. Müzakirələrin gedişində qeyd edilib ki, manatın devalvasiyası nəzərə alınmaqla, 2015-ci illə müqayisədə büdcə xərclərinin qarşıdakı ildə yarıbayarı azalması iqtisadi böhranın dərinləşməsini qaçılmaz edir.

Toplantıda Avropa Insan Haqları Məhkəməsinin qərarından sonra Ilqar Məmmədov və Tofiq Yaqublu haqqında Azərbaycan Ali Məhkəməsinin oktyabr ayının 13-də çıxadığı qərar pislənilib və adıçəkilən siyasi məhbusları azad etmək əvəzinə, işin yenidən Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi siyasi məhbusların azad edilməsinə yaradılan siyasi əngəllər kimi qiymətləndirilib.

Eyni zamanda, toplantıda son vaxtlar azad sözə qarşı hücumların davam etməsi, “Meydan.TV”nin əməkdaşı Günel Mövludun eyni gündə iki qardaşının həbsi, siyasi mövzuda şeirlər yazan Tofiq Həsənlinin saxlanılması, hüquq müdafiəçisi Tale Xasməmmədov haqqında saxta hökmün Şəki Apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılması, Leyla Yunusun səhhətində yaranmış ciddi problemlərlə bağlı məsələlər və siyasi məhbuslarla bağlı digər problemlərdən ciddi narahatlıq ifadə olunub.