Əhalinin gəlirləri artıb, yoxsa azalıb?

mehemmed-talibliMəhəmməd Talıblı: «Devalvasiya qərarından sonra iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsi əhalinin gəlirlərinə neqativ təsir göstərib»

Prezident Ilham Əliyev 2015-ci ilin  doqquz ayına dair sosial-iqtisadi inkişafın yekunlarıyla bağlı iclasda çıxış edərək əhalinin pul gəlirlərinin 5,8 faiz artdığını bildirib.

Xatırladaq ki, hələ ilin əvvəlində baş verən devalvasiya qərarı ölkə əhalisinin ziyanına işlədi. Belə ki, təkcə devalvasiya qərarıyla əməkhaqqı və pensiyalar dollar mərhələsində dəyər itirdi. Eləcə də 21 fevral qərarı mərhələli şəkildə ərzaq məhsullarının qiymətinin qaldırılmasına rəvac verdi. Belə olan halda, görəsən əhalinin gəlirlərinin artması necə mümkün ola bilər?

Iqtisadçı-ekspert Məhəmməd Talıblı söyləyir ki, əslində, son 9 aylıq hesabat heç də ürəkaçan olmayıb. Ekspert hesab edir ki, bu müddət ərzində ölkədə tədiyyə balansında geriləmələrin olduğu məlum olub: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsində 32 faizlik azalmalar baş verib. Hətta neft dominantlığı üzərində qurulan neftin ixracatdan daxilolmalar azalıb. Devalvasiya qərarından sonra belə iqtisadi fəallıq səviyyəsi aşağı düşüb ki, bu da ölkədə əhalinin gəlirlərinə neqativ təsir göstərib. Manatın dəyərinin 33 faiz itirilməsi fonunda əhalinin gəlirlərinin artmasından yox, daha çox azalmasından danışmaq lazım idi. Hətta ÜDM-in nominal artımında belə dinamika nəzərə çarpmayıb. Bütün bunlar həm pul gəlirlərini, həm də yoxsulluğu pozitiv mənada stimullaşdıran faktorlar yox, onları təhdid edən faktorlardır. Təbii ki, belə bir vəziyyətdə əhalinin gəlirlərinin artmasının nə dərəcədə düzgün olması aydın deyil”.

Nigar