Obama Rusiya və İranı Əsədə təzyiq göstərməyə çağırdı

obama-putin-bmt2«Suriya münaqişəsinin hərbi yolla həll olunmayacağına əminəm»

ABŞ prezidenti Barak Obama Suriya münaqişəsinin hərbi yolla həll edilməyəcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, problemin yalnız siyasi həllindən danışmaq olar. Bunun üçün də prosesdə əsas oyunçuların hamısının iştirakı vacibdir.

Obama CBS telekanalında yayımlanan “60 dəqiqə” proqramına müsahibəsi zamanı onu da bildirib ki, ABŞ Rusiya və Iranın Suriya liderinə təsir edə biləcəyinə inanır. Və hesab edir ki, hər iki ölkə Bəşər Əsədə təzyiq göstərməlidir.

“Rusiya Əsəd rejiminin çökəcəyindən qorxurdu”

Rusiyanın Suriya strategiyasını tənqid edən və səhv adlandıran Obama qeyd edib ki, Əsəd hakimiyyətdə qaldıqca Suriyadakı sivil müxalifət gücünü IŞID-ə qarşı yönəldəÿbilməyəcək: “IŞID üzərində qələbə qazanmaq üçün lazımi şərtlər olmalıdır. Əsas şərtlərdən biri əhalinin sünni məzhəbinə aid hissəsinin IŞID-ə qarşı mübarizəyə qoşulmasıdır”.

Obama qeyd edib ki, ABŞ Rusiyanın Suriyada hərbi əməliyyatlara başlayacağını əvvəldən ehtimal etmişdi: “Biz bilirdik ki, Rusiya Suriyaya hərbi dəstək verməyi planlaşdırır. Rusiya bölgədəki yeganə müttəfiqinin – Bəşər Əsəd rejiminin çökəcəyindən qorxurdu”.

Prezident onu da bildirib ki, Birləşmiş Ştatlar Suriyaya quru qoşunları göndərmək fikrində deyil. Lakin orada hava əməliyyatlarını davam etdirəcək.

Səudiyyədən xəbərdarlıq: “Ekstremistlər axın edəcək”

Səudiyyə Ərəbistanın müdafiə naziri şahzadə Məhəmməd ibn Salman Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Suriyadakı hərbi əməliyyatları gündəmə gətirib. Nazir Putinə bu əməliyyatların ağır nəticə verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. M.Salman bildirib ki, Moskvanın müdaxiləsi və münaqişənin geniş miqyas alması Suriyaya daha çox ekstremist və cihadçıların axışmasına səbəb olacaq.

NATO: “Rusiya öz dəstəyi ilə münaqişəni alovlandırır”

Növbəti xəbərdarlıq NATO baş katibi Yens Stoltenberqdən gəlib. Baş katib Norveç parlamentindəki çıxışı zamanı bildirib ki, Rusiya ÿDəməşqə dəstək verməklə Suriyadakı münaqişəni daha da alovlandırır.

Stoltenberq hesab edir ki, Rusiya IŞID-lə mübarizədə konstruktiv mövqe tutmalıdır: “Bəşər Əsəd rejiminə dəstək isə konstruktiv mövqe deyil və yalnız savaşın uzanmasına xidmət edir”.

Baş katib NATO qüvvələrinin Suriya münaqişəsində iştirak etməyəcəyini də diqqətə çatırıb.

IŞID-in işi çətinləşir

Dünən Iraq güclərinin IŞID lideri əl-Bağdadinin avtomobil karvanına endirdiyi hava zərbələri ilə də bağlı yeni məlumat yayılıb. Iranın IRNA agentliyi hava zərbələri zamanı Bağdadinin ağır yaralandığı, üç müavininin – əl-Şişani, əl-Suri və əl-Kərbulinin isə öldüyü barədə məlumat yayıb.

Əl-Şişani IŞID-in təbliğat məsələlərinə nəzarət edirdi,ÿƏl-Kərbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab olunurdu.

Xatırladaq ki, oktyabrın 11-də Iraq əsgərləri Bağdadinin Suriyanın Ənbər vilayətindən Kərbəla şəhərinə yollanan avtomobil karvanını hava zərbələri ilə vurub. Karvanın yola çıxdığı barədə kəşfiyyat məlumatı əldə edən Iraq ordusu dərhal hərəkətə keçib.

Gültəkin