Hökumət sözçüsündən terrorla bağlı mühüm açıqlama VİDEO

turkiye-hokumet-sozcusu-kurtulmush“Arxasında bir və ya bir neçə dövlət ağılının durduğu terror hücumu ilə qarşı-qarşıyayıq”

Ankaradakı terrorda 5 kq. partlayıcıdan istifadə olunub. Çoxlu sayda şübhəli saxlanılıb

Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş oktyabrın 12-də Nazirlər Kabinetinin baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilən iclasından sonra Ankaradakı terrorla bağlı önəmli açıqlamalar verib.

Hökumət sözçüsü deyib ki, oktyabrın 10-da törədilən terrorda yaralanan 137 nəfər xəstəxanalarda müalicə alır, onlardan 58 nəfərin vəziyyəti ağırdır. Ölənlərin sayı isə bilindiyi kimi, 97-ə çatıb.

Kurtulmuş bildirib ki, hadisə ilə bağlı istintaq demək olar, başa çatıb: “Hadisəni 2 kamikadzenin törətdiyi aşkarlanıb. İstintaqla bağlı geniş açıqlama verə bilmirik. Sadəcə onu deyə bilərik ki, 5 kiloqram TNT partlayıcılarından istifadə edilib. Baş verənlər Suruçdakı terrorla eynilik təşkil edir. Hadisə ilə bağlı çoxlu sayda saxlanılanlar var”.

Hökumət sözçüsü bu miqyasda terrorun qarşısında təhlükəsizlik orqanlarının aciz qala biləcəyini də diqqətə çatdırıb. “Dünyanın ən yaxşı qorunan yerlərində də təhlükəsizlik orqanlarının nəzarətindən yayınıb, terror törədə bildiklərinə şahid oluruq. Terror təşkilatı deyəndə, yalız partlayıcını daşıyan canlı bomba nəzərdə tutulmur. Arxasında ciddi bir ağılın, bir və ya bir neçə dövlətə məxsus ağılın durduğu terror hücumu ilə qarşı-qarşıyayıq”, – deyə o qeyd edib.

Hökumət sözçüsü yaşanan terrordan siyasi məqsədlər üşün istifadə etməməyə də çağırıb. “Terrora qarşı gerçəkdən, sözdə deyil, könüldən, bütün mənliyimizlə ortaq bir hərəkat yaratmalıyıq. Sülh və qardaşlıq bloku yaratmaq və 78 milyonu birləşdirmək məcburiyyətindəyik. Türkiyə özündən asılı olmayan səbəblərə görə dərin böhranlar keçirir. Terrorun yaradacağı görüntünü heç kim siyasiləşdirməməlidir. Burada bütün siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının hamısını sülh və qardaşlıq dilini istifadə etməyə, qütbləşdirici dildən uzaqlaşmağa dəvət edirəm. Yasımızın üzərindən bir dostluq və qardaşlıq birliyi yaratmağı bacarsaq terror təşkilarları uğursuz olacaqdır”, – deyə Kurtulmuş bildirib.

Hökumət sözçüsü Nazirlər kabinetinin iclasında Rusiya hərbi təyyarələrinin Türkiyə sərhədlərini pozmasının da müzakirə edildiyini bildirib. “Biz Türkiyə-Rusiya münasibətlərinin Rusiyadakı gərginliyin bir parçasına çevrilməməsi üçün diqqətli olmağın lazımlığına inanırıq. Rusiya ilə münasibətlərimizin həssaslığına diqqət yetirməklə, Türkiyənin suverenliyini qorumağa davam edəcəyik”, – deyə o hökumətin bu xüsusda mövqeyini açıqlayıb.