Gələn il bankları fəlakət gözləyir

mehemmed-talibliMəhəmməd Talıblı: «Neft pullarının digər makroiqtisadi göstəricilərdə yaratdığı dinamika getdikcə, üzü aşağı enməyə başlayıb»

Beynəlxalq kredit reytinqi agentliyi Standard&Poor’s (S&P), Avropa, Orta Şərq və Afrika regionunda (EMEA) pul vahidlərindəki zəifləmənin banklar üçün riskləri artırdığını açıqladığı barədə məlumat vermişdik. S&P-nin kredit analitiki Timuçin Enginin hazırladığı hesabatda, Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriyanın bank sistemləri üçün risklərin “ən yüksək”, Rusiya, Gürcüstan və Türkiyə üçün isə “yüksək” olduğu qeyd edilib.

Hesabatda, Cənubi Afrika, Polşa, Macarıstan və Xorvatiyada bank sektoru üçün nisbi olaraq məhdud təsir gözlənildiyi vurğulanıb.

Engin, hesabatında, ölkədən-ölkəyə dəyişiklik göstərən üç əsas risk olduğunu, bunların; Valyuta kreditlərində yüksək kredit itkiləri (problemli kreditlər), xalis açıq valyuta mövqelərindən gələn məzənnə ilə bağlı itkilər və xarici borclanmaya asılılıq səbəbindən maliyyələşmə və likvidlikdə potensial çətinliklər olduğunu bildirib.

“EMEA regionundakı bir çox inkişaf etməkdə olan ölkədə pul vahidləri dollar qarşısında ötən 12 ay ərzində kəskin şəkildə ucuzlaşıb. Bu vəziyyət bu ölkələrdəki banklar üçün riskləri artırır”,- hesabatda deyilir.

S&P-dən edilən açıqlamada da, “Pul vahidlərinin dəyərdən düşməsinə qarşı bank sistemləri ən həssas olan ölkələrin Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriya olduğuna inanırıq. Bu ölkələrin ardına Rusiya, Gürcüstan və Türkiyə gəlir” deyilir.

O da məlumdur ki, ölkə banklarında problemli kreditlərin sayı durmadan artır. Eyni zamanda əhali banklardakı əmanətlərini də geri çəkir. Və ən əsası, son iki ay üçün bankların kreditləşməsi çox aşağı həddə olub. Banklardan kredit götürənlərin sayı kəskin formada aşağı enib. Bütün bunlar Azərbaycan banklarını heç də xoş olmayan gələcəyin gözlədiyini deməyə əsas verir.

Iqtisadçı Məhəmməd Talıblının sözlərin görə, problemli kreditlərin artması gözlənilən idi. Devalvasiya qərarından sonra fərqli bir iqtisadi situasiyanın formalaşdığını deyən M.Talıblı bildirdi ki, çoxlu ticarət mərkəzləri bağlanıb, iş yerlərində çoxlu ixtisarlar başlanıb, ökənin xarici ticarət dövriyyəsində 1/3 qədər azalmalar var: “Bu idxal-ixrac əməliyyatlarının azalmasını, bu isə bir çox hallarda isə yerli istehsal və istehlakın səviyyəsinin aşağı düşməsi demək idi. Bu isə özlüyündə ölkədə işgüzar fəallığın azalması fonunda baş verib. Bütün zəncirvari reaksiyalara görə əksər sektorlarda tənəzzül elementləri güclənib. Bütün bunlara görə, sahibkarların və sadə bank müştərilərinin ödəmələrində gecikmələr qeydə alınıb.

Demək, əsas səbəb ölkədəki sosial-iqtisadi vəziyyətlə, gərginliklə bağlıdır. Digər tərəfdən isə ölkəyə neft pullarının daxil olduğu maliyyə kanalının daralması və onun sayəsində digər sektorlarda yaranmış “köpüyün” yatmasıdır”.

M.Talıblının sözlərinə görə, neft pullarının digər makroiqtisadi göstəricilərdə yaratdığı dinamika getdikcə, üzü aşağı enməyə başlayıb. Dövlət büdcəsi vasitəsilə həyata keçirilən layihələrdə büdcədən birbaşa və dolayı faydalanma dərəcələri aşağı düşüb. “Bütün çoxsaylı səbəblər müştərilərin bank gecikmələrinə birbaşa və dolayı formada təsirləri şərtləndirir”, deyə M.Talıblı vurğuladı.

Xəyal