Bizim də hövsələmiz qalmayıb, cənab prezident…

zumrud-yagmur-yeniZümrüd Yağmur

Keçən gün keçirdiyi toplantıda ölkə prezidenti İlham Əliyev ölkədəki problemlərdən danışdı. Sonda da belə bir ifadə işlətdi: “Daha hövsələm qalmayıb!”

Cənab prezident, siz bildiyiniz problemləri sayıb hövsələdən çıxdınızsa, indi görün hər gün yaşayışında o problemləri ən acımasız şəkildə hiss edən vətəndaşın hövsələsi qalıbmı? Qalmayıb, hələ üstəlik hövsələsi daraldığından küçəyə çıxıb etiraz edəndə də həbs edib onun hövsələsini daha da daraldırlar.

Çox sayda iş yerlərinin açılmasını eşidib, amma o iş yerlərini tapa bilməyən vətəndaş üsyan etməsin də, nə etsin?

Ən adi insani haqlarından, işləmək, az qala yaşamaq hüququndan məhrum edilmiş insanların hövsələsi necə daralmasın axı?!

Sizə ölkədəki durumu gerçək şəkildə çatdırmırlarmı? Yanan bina ilə bağlı keçirdiyiniz müşavirədə dediniz ki, sizi aldadırlar…

Mən sizin səmimiliyinizə bir anlıq inanmaq istəyirəm və açıq şəkildə bəyan edirəm: Biz bu ölkədə insan kimi yaşamaqdan məhrumuq. Bu qədər sadə və bəsit?

Toplantıda dediniz ki, lisenziyaları artırıblar… Yox, bizim yaşamaq və işləmək, azad şəkildə özünü ifadə etmək “lisenziyamızı” əlimizdən alıblar.

Bu ölkədə insan boğulur. Rahat nəfəs almaq haqqını bizdən qoparıblar…

Niyə bu ölkədə nazir övladları hər gün milyonluq maşınlarının, mülklərinin şəkillərini şoşial şəbəkələrdən yayıb ac xalqa göz dağı verir? Niyə hansısa atası nazir olan, özü bir işə yaramayan ərköyün hər şeyə sahibdir, amma yoxsulun övladı məktəbə ayaqqabı, çanta ala bilmədiyindən intihar edir?

Necə olur, harın bir generalın özü qədər harın olan övladı ofisantı bıcaqlayır, bu hadsənin video görüntüləri saytlardan düşmür, amma o harının burnu belə qanamır, azadlıqda gəzir?

Niyə banklara milyonlarla borcu olan hakimiyyətə yaxın iş adamları o borcları geri qaytarmır, sadəcə hansısa polis şöbəsinə dəvət olunub necə deyərlər, başı sığallanır, amma yoxsul biri banka olan borcunu, yüz manatı bir az gec ödəyəndə məhkəməyə çəkilir?

Qanunlar ancaq yoxsulamı görə qəbul olunur bu ölkədə?

Bir məmurun övladı əsgərlikdə ölmür, elə ölən, öldürülən yoxsulun balasıdır. Niyə bu ölkənın cəfasını yoxsul, səfasını zənginlər çəkməlidir?

Azərbaycanda polis insanların cibinə narkotik maddə atıb tutur, polis şöbələrində insanlar sorğuya çəkmək adi ilə döyülüb öldürülür.

Vətəndaş kiçik bir sənəd üçün açdığı idarə qapısından üzərinə yağan rüşvət istəklərindən cana doyub.

Sizə hansı problemdən deyim daha?

Bəlkə səhiyyəni deyim? İnsanlar xəstəxanalarda savadsız həkim müayinələrinə qucaq-qucaq pul töküb hələ üstəlik səhhətlərini itirir, bundan xəbəriniz varmı?

Hələ təhsil sistemini demirəm. Hardan deyim? Deyim ki, məktəblər kütləvi və potensial cahillər, cinayətkarlar və rüşvətxorlar yetişdirir? Tv-lərlə birgə təbii…

Tv-lər bu cəmiyyətin bütün dəyərləri və mənəviyyatına sanki kislota töküb aşındırmaqla məşğuldur. Hətta kim daha çox məhv edə bilər yarışına giribmiş kimi efir söyüş, bayağılıq, təhqir və dedi-qodu ilə dolub daşır. Tv-lər topluma yalan sırımaqla yanaşı, həm də mənəviyyatsızlıq tirajlayan məkana çevrilib.

Ölkədə ədəbiyyat, musiqi, bir sözlə, ciddi sənət adına nə varsa məhv olub, olmayan da çabalayır.

Beləcə, idarə etdiyiniz ölkənin qısa mənzərəsi budur…

Azərbaycanda yaşamaq ölkə vətəndaşı üçün mənəvi, psixoloji və fiziki işgəncədir. Bu üzdən hər kəsin içində ən böyük arzusu bilirsinimi nədir? Bu ölkədən getmək, bacara bildiyi qədər uzaqlara və bir daha geri dönmədən getmək!

Qürbətə gedənləri xöşbəxt sayırlar bu ölkədə, “canını qurtardı” deyirlər. Tanımadığı, bilmədiyi bir ölkədə yaşamağın nisgilini, qəribçiliyini gözə alır, burdakı yaxınlarının məzarını belə tərk edib gedir. Çünki insanın bədəni, həyatı, arzuları ölmədən bura məzara çevrilir.

Lütfən, bu sözləri qərəzli də saymayın. Mən yazaram və tək istəyim öz ölkəmi cəhənnəmin şöbəsi deyil, azad, rahat görməkdir…

Hər gün qəzetləri açıb intihar xəbərləri, əgsərlərin öldürülüməsi, məmurların harınlığı, hər şeyin və bütün dəyərlərin üzərinə çıxarılmış bayağı müğənnilərin dedi-qodusunu görməkdən, oxumaqdan mən və mənim kimi minlərlə insanın da hövsələsi qalmayıb.

Bir də bilirsinizmi mənim nəyə hövsələm qalmayıb? İndi bu yazı dərc olunacaq, sonra bir-birinin ardınca yaxınlar, tanışlar mənə deyəcək ki, niyə yazmısan, başını bəlaya salacaqsan… Sizcə, niyə mənim başım bir yazıya görə bəlaya girməlidir?

Beləcə, mən hər yazı yazandan sonra ətrafımdakı insanlara nigarançılıq yaşadıram və o insanların “niyə yazmısan” sualına cavab verməyə hövsələm qalmayıb.