600 milyonluq kreditin vaxtı uzadıldı

kredit1Azərbaycanda banklar ilin əvvəlindən əhalinin 600 mln. manat məbləğində kreditini təkrar strukturlaşdırıblar.

Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov çərşənbə axşamı parlamentdə 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.

“İlin əvvəlindən banklar 600 mln. manat məbləğində 110 min krediti təkrar strukturlaşdırıblar. Bu, əhalinin borc yükünü yüngülləşdirməyə kömək edib”, – deyə E.Rüstəmov bildirib.

Onun sözlərinə görə, təkrar strukturlaşdırma çərçivəsində kreditlərin ödənilməsi müddəti uzadılıb, faiz ödənişləri üzrə güzəştlər olunub.

E.Rüstəmov əlavə edib ki, banklar bu prosesdə daha fəal iştirak etməlidirlər.

Xəbər verildiyi kimi, 2015-ci ilin fevral ayında manatın 33,5% devalvasiyasından sonra kreditlərin təkrar strukturlaşdırılmasına zərurət yaranıb.