Ankaranı qana boyayan «canlı bombalar» Suriyadan gəlibmiş

ankara-partlayishTürkiyənin həmkarlar ittifaqları 3 günlük tətil qərarı verdi

Ötən şənbə Ankaradakı mitinqdə törədilmiş dəətli partlayışda ölənlərin sayı 97-yə çatıb. Həmkarlar təşkilatlarının keçirdiyi aksiyada baş vermiş partlayış nəticəsində ölənlərdən 92-sinin şəxsiyyəti müəyyənləşdirilib. 91 nəfərin cəsədi artıq ailələrinə təhvil verilib. Hazırda xəstəxanalarda müalicə alan yaralılardan isə 40-nın vəziyyətinin ağır olduğu bildirilir. Məlumatlara görə, cəsəd qalıqları arasında terrorçulara məxsus olduğu güman edilən iki kişinin bədən hissələri də var.

Twitter”dəki iddiaları ilə Türkiyə gündəminə gələn Fuat Avni Ankara terroru ilə əlaqədar bəzi vəzifəli şəxslərin işdən çıxarılacağını bildirib. F.Avni şəhər valisinin və kəşfiyyət xidmətinin Ankara şöbəsinin rəhbərinin vəzifəsini itirəcəyini qeyd edib. O yazıb ki, hökumət əhalini sakitləşdirmək üçün adı çəkilən məmurları işdən azad edəcək.

Türkiyənin baş nazir Əhməd Davudoğlu NTV kanalının canlı yayımında Ankarada törədilən terror aktı ilə bağlı maraqlı açıqlamalar verib. Davudoğlu canlı bombaların meydana necə gəldiyi haqda məlumatlara malik olduqlarını bildirib. O, bu şəxslərdən birinin şəxsiyyətinin müəyyənləşdiyini də açıqlayıb: “Terroru törədənlərdən birinin kimiliyini müəyyən etmişik. Bu şəxsin hansı terror təşkilatına yaxın olduğunu da bilirik”.

Türkiyə mətbuatı terrorla bağlı bir nömrəli şübhəli kimi IŞID-in göstərildiyi barədə məlumat yayıb. Məlumata görə, hər iki canlı bomba kişi olub və onların hər ikisi Türkiyəyə Suriyadan gəlib.

Dünən o da məlum olub ki, Ankaradakı dəətli terror aktı ilə əlaqədar Türkiyənin həmkarlar ittifaqları 3 günlük tətil qərarı veriblər. Şənbə günü Ankaranın Gənclik meydanında nümayişi təşkil edən həmkarlar təşkilatlarının tətil qərarına digər təşkilatlar da qoşulub. “Basın-Iş”, “Çev-Bir”, “Türkiyə Curnalistlər Sendikatı” və “Yayım Əməkçiləri Kollektivi”i də terrora etiraz olaraq 12-13 oktyabr tarixlərində işi dayandıracaqlarını bildiriblər.

Bundan başqa ölkədəki apteklərin və hüquq firmalarının da əksəriyyəti tətilə qoşulmaqla bağlı qərar verib. Ankarada fəaliyyət göstərən vəkillərin və müstəqil hüquqşünasların hamısı məhkəmə proseslərinə qatılmayacaqlarına bəyan ediblər.