Sadə amerikalıların “dostu” Bəxtiyar Sadıqov

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Iqtidarın Qarabağ zonasından deputat seçimindəki siyasəti digər regionlara nisbətən daha fərqli, daha ehtiyatlıdır. Bu zonadan təyin edilmiş deputat ilk növbədə müti, siyasətdən uzaq və ən əsası, xarizmasız olmalıdır. Qarabağın işğalı bu şəxsin həyatında əsla hiss olunmamalıdır. Əksinə, işğaldan əvvəl cəmiyyətdə tutduğu (əksəriyyəti tanınmamış olur-X.Ə.)  mövqe ilə sonrakı arasında böyük fərq olur. Əlbəttə, vəzifə, səlahiyyət ən əsası, maddiyyat baxımından. Ənənəvi olaraq, bu məsələ onun qohumlarına da şamil olunur. Yəni deputatın yaxın ətrafı iş və yaxşı güzəranla təmin olunur.

Məsələyə daha geniş nəzər salsaq, bu təkcə deputatlara aid deyil, hər köçkün rayonu bir neçə məmur və deputatın yaxın qohum-əqrəbası tərəfindən idarə olunur. Işlərin başında isə “Qaçkınkom” adlı qurumun sədri, baş nazirin müavini Əli Həsənov durur. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vazkeçilməz adamı olan bu şəxsin isə obrazlı desək, “kəsdiyi başa sorğu-sual yoxdur”. Əli Həsənov məlum regionu təmsil etməyən yeganə iri məmurdur ki, buraxın yaxınlarını, hətta uzaq qohum hesab edilən kirvəsi belə Cəbrayılın deputatıdır. Özü də deputat, nə deputat… Ölkə ictimaiyyəti belə bir deputatın varlığından yalnız 9 ildən sonra – ikinci “srok”un son ilində xəbər tutdu. Təkcə bir kəndində 50-yə yaxın alim olan rayondan “seçilmiş”  deputatın ictimaiyyətə verdiyi açıqlama bundan ibarət oldu ki, “Azərbaycan nə Qərbə, nə də Avrasiya Ittifaqına inteqrasiya edir, Azərbaycan… özü-özünə inteqrasiya edir”.

Nəticəni özünüz çıxarın…

Belə deputatlardan biri də Ağdamdan “seçilmiş” və seçiciləri tərəfindən daim axtarışda olan Bəxtiyar Sadıqovdur. Milli Məclisə üçüncü dəfə seçiləcək olan bu şəxsin 50 yaşına qədər ən böyük uğuru bölgə müxbirliyidir. Əslən Ağdamdan olan yüzlərlə alim və ziyalı arasından iqtidarın Bəxtiyar Sadıqov seçimi olduqca ilgincdir.

Mətbuatda, daha doğrusu, rəhbərlik etdiyi “Azərbaycan” qəzetində tez-tez Bəxtiyar Sadıqovun tənqidi, alovlu yazılarına rast gəlirik. Mövzu eynidir – Avropa, ABŞ, onun keçmiş və indiki prezidentləri və əlbəttə ki, AXCP və Milli Şuranın timsalında müxalifət. Sanki Ağdam köçkünlərinin bütün problemləri həll edilib, növbə tənbəllikdən yeməyi restorandan evə sifariş edən ABŞ vətəndaşlarına çatıb. Bəxtiyar Sadıqov heç yerdə işləməyən və ayda 2000 min dollar müavinət alan sadə amerikalının bu günə düşməsinin səbəbkarı kimi Barak Obamanı ittiham edir. Ona görə ayda 250 manat alan azərbaycanlı həkim, illik gəliri 105 min dollar alan amerikalı həkimdən daha bəxtiyardır.

Əlqərəz, Bəxtiyar Sadıqov sadə amerikalının halına Alabama ştatından olan Respublikaçı konqresmendən çox yanır. Onun yazdıqlarından sitat gətirmək fikrindən uzağam, sadəcə, prezident Barak Obama və ABŞ-a iki qiyabi mesajından birincisini nöqtə-vergülünə toxunmadan nəzərinizə çatdırıram: “Bizim demokratiya yoluna düşməyimiz 24 ildirsə, Amerikanınkı 200 ildir. Səndə olan nöqsan bizdəkindən də çoxdur”.

Keçən yazılarımın birində Mübariz Qurbanlının məşhur “Peyğəmbərlərdən sağ qalanı olsaydı, yəqin ki, yaşamaq üçün Azərbaycanı seçərdi” kəlamı haqda yazdığım kimi, elə bilməyin ki, Bəxtiyar Sadıqov bunu söz xatirinə deyir. Işin ən dəhşətli tərəfi odur ki, o, buna inandığını iqtidara sübut edə bilib. Bunu bacarmasaydı, yəqin ki, hələ də bölgə müxbiri işləyirdi…

Onun Barak Obama və komandasına ikinci mesajı daha maraqlıdır: “O problemlər ki sizin özünüzdə (yəni ABŞ-da)  bizdən də min dəfə çoxdur, onu biz niyə deməyək? Bizə bir şey deyib, özünüz başqa şeyi niyə edirsiz? Nədi, nə olubdu? Bu nə ikili standartdır? Leyla Yunusdan, Xədicə Ismayılovadan hər gün danışanlar niyə bir dəfə də Şahbazdan, Dilqəmdən demirlər?”

Kədərlə bildirmək istəyirəm ki, özündə cəsarət tapıb, doğma Kəlbəcərə gedən, oradan Azərbaycan Ordusuna mesaj verərək, – “bura qorxulu deyil, Vətəndir, siz də gəlin” deyən Dilqəm Əsgərovun oğlu bugünlərdə bir parça çörək dalınca Rusiyanın paytaxtı Moskvaya qara fəhləliyə getdi.

Bir neçə il əvvəl bir kitab elanı diqqətimi cəlb etdi. Görüşdük, orta yaşlı elmlər namizədi, ali məktəb müəllimi idi. Kitabxanasını dəyər-dəyməzinə satırdı. Səbəbini soruşdum. Dedi ki, ailəlikcə ABŞ-a daimi yaşamağa gedirik. Məlum oldu ki, Virciniya ştatına… tütün plantasiyasına işləməyə gedirlər.

Sevinirdi…