“Bu, tərbiyəsizlikdir”

cemil-hesenli-itv5Milli Şuranın sədri, professor Cəmil Həsənli bu günlərdə Gəncədə Cumhuriyyətimizin banisi Rəsulzadənin abidəsinə qarşı edilmiş hörmətsizliyə sərt reaksiya verib. Cəmil Həsənli özünün Facebook səhifəsində yazır:

“Dostlar! Bloger Mehman Hüseynov Gəncədən ağrılı bir xəbərlə qayıtdı. Özünün Facebook səhifəsində o, bu millətin üz ağlığı olan Məhəmməd Əmin Rəsulzadənin başına ağ torba keçirilmiş büstünün görüntülərini yaydı. Bu mənzərəni görmək son dərəcə ağrılıdır. Rəsulzadə kimdir? Hələ, 1928-ci ildə böyük fikir adamı Zəki Vəlidi Toğan Saint Cluda Topçubaşovla görüşəndə, həyatının payızına qədəm qoymuş Əlimərdan bəy kövrələrək “Azərbaycan istiqlalını Məmməd Əmin bəyə əməanət edirəm” demişdi. Vaxtilə böyük şair Bəxtiyar Vahabzadə Rəsulzadənin kimliyinin sadə bir izahını vermişdi:

Bu torpağın özü boyda bu torpağa məhəbbətlə doluydun,

Bu torpağın yolunda da canını qoydun.

Borclu ikən Vətən Sənə, Xalq Sənə, Hər şey döndü tərsinə!

Bu torpaqdan verilmədi bir məzarlıq yer Sənə.

Görünür, bu izah bəzi harılamış məmurlar üçün yetərli olmayıb. Əgər olsaydı, canını bu millətin azadlığı və müstəqilliyi üçün fəda etmiş Rəsulzadə kimi bir dahinin başına belə rüsvayçılıq torbası keçirməzdilər. Bu tərbiyəsizlik, bir müddət əvvəl gündəliyə gəlmişdi. Həmin vaxt idarələr bunu biri-birinin üzərinə atır, həmin parkın gah dəmir yol idarəsinə, gah da şəhər hakimiyyətinə məxsus olduğu haqda mübahisələr gedirdi. Görünür bu parka sahib duran hələ də tapılmayıb. İş bunda deyil. Məsələ ondadır ki, başına cuval keçirilən bu bust Rəsulzadənin ölkədə çox azsaylı abidələrindən biridir. Sabah oktyabr ayının 13-də Gəncədə XIII Beynəlxalq Atatürk Konfransı işə başlayır. Tədbirin əsas təşkilatçısı kimi Ankarada fəaliyyət göstərən Atatürk Arşdırma Mərkəzi dünyanın müxtəlif ölkələrindən çoxsaylı alimləri, ziyalıları bu tədbirə dəvət edib. Yaponiyadan, Koreyadan, Hindistandan tutmuş Amerikaya qədər geniş bir coğrafiyanı əhatə edir, dəvətlilərin dairəsi. Dəvət edilən alimlərin, araşdırmaçıların bir çoxu Rəsulzadənin keçdiyi həyat yolundan, onun böyük mübarizəsindən dissertasiyalar, kitablar yazıblar. İndi onlar üçün bir şansdır ki, Azərbaycan istiqlalının beşiyi olan Gəncə şəhərində “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamının ölməz müəllifinin vətənində onun abidəsini ziyarət etsinlər, müstəqil dövlətimizin banisinə, istiqlalımızın böyük memarına öz sevgilərini izhar etsinlər. Rəsulzadənin ucaltdığı üç rəngli, ay ulduzlu bayrağın gölgəsində XIII Beynəlxalq Atatürk konfransıını açıb, açılış mərasimində Məmməd Əmin bəyin ideyalarından mayalanmış Azərbaycan himnini oxuyub onun Gəncə parkında başına cuval keçirilmiş büstünü görənlər nə deyər bu millətə, bu dövlətə. Bunun bircə qiyməti var: Rəzalət! Lap deyək Gəncənin icra başçısının düşüncəsi çatmır belə incə mətləbləri anlamağa. Bu hökumətdə, bu hakimiyyətdə, bu dövlətdə 3-5 normal ağıl sahibi yoxdur ki, beyni piylənmiş harın məmurlara bunun yolverilməz olduğunu başa salsın? Tarixin və taleyin qəribə ironiyasıdır: natəmiz əməllərinə görə başına torba keçəcək vəzifə sahibləri bu ölkənin, bu millətin istiqlal simvolu, müstəqillik mücəsiməsi olan bir mücahidin, bir milli liderin, yoxdan bir bayraq ucaldan şəxsiyyətinin daşlaşmış abidəsinin başına cuval keçirir. Bircə şey bəllidir: bu ölkəyə rəhbərlik edən şəxslərin içində milli-mənəvi irsə, cümhuriyyət qurmuş nəslin nümayəndələrinə sayğılı münasibət olsa, Gəncənin icra başçısı belə tərbiyəsizliyə cəsarət edə bilməz. Onlar bunu ölkə başçısının xoşuna gəlmək üçün edirlər”.