Bu ölkənin baş nazirinin Azərbaycana qəfil səfərindən sonra Əliyevin Gürcüstana getməsi ciddi mətləblərdən xəbər verir
Gürcüstan baş naziri Irakli Qaribaşvilinin Bakıya səfəri və aparılan gərgin danışıqlar onu deməyə əsas verir ki, Tiflis enerji təhlükəsizliyi siyasətinə yenidən baxır. Virtualaz.org xəbər verir ki, məlumata əsasən, baş nazir Qaribaşvili və dövlət başçısı Ilham Əliyev ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Azərbaycan prezidentinin “Zuğulba” iqamətgahında keçirilən görüş 3 saat davam edib. Görüş zamanı qərara alınıb ki, I.Əliyev də yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
“Gürcüstan yeni qaz partnyoru axtarır”
Qeyd edək ki, Gürcüstan baş nazirinin Bakıya səfəri qəfil olub və qonşu ölkə rəsmilərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından sonraya təsadüf edib. Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, “Qazprom”la Gürcüstanın qaz təchizatına dair danışıqlar aparılır, habelə Irandan qaz alınmasına dair intensiv müzakirələr gedir.
Kaladze Gürcüstanın qazla təchizatının böyük ölçüdə (90 faizə yaxın) Azərbaycandan təmin edilməsinin qaneedici olmadığını, qaz mənbələrinin şaxələndirilməsinin vacibliyi haqda danışıb. Bütün bunlar isə uzun müddətdir Gürcüstana ucuz qaz satan, eyni zamanda bu ölkənin energetika bazarında əsas oyunçu olan Azərbaycanı narahat etməyə bilməzdi.
Ekspertlərin fikrincə, Gürcüstanın bu addımı heç də təsadüfi dəyərləndirilməməlidir. Çünki Qərbyönümlü siyasət aparan Gürcüstan Rusiyanın yanında olan bir dövlətin enerji asılılığında qalmaq istəmir. Çünki regionda gərginləşən vəziyyət Gürcüstanı da yürütdüyü xarici siyasət kursuna görə zərbə altında qoya bilər. Ona görə Gürcüstan artıq indidən müəyyən sığorta addımları atmaq istəyir. Düzdür, alternativ variant kimi seçilən tərəfdaşlar sırasında Rusiya da var. Amma Iranın da adının hallanması Gürcüstanın daha çox bu seçimin üzərində qalacağını deməyə əsas verir. Iran tərəfi də bunda maraqlı ola bilər. Çünki Irana qarşı beynəlxalq sanksiyalar götürüləndən sonra belə bir sazişin imzalanması iqtisadi baxımdan həm Gürcüstana, həm də Irana sərf edə bilər.
“Gürcüstan sırf iqtisadi maraqlar güdür”
Məsələnin iqtisadi tərəflərinə gəlincə, ekspert Ilham Şaban bildirdi ki, Gürcüstan il ərzində 2.2 milyard kubmetr qaz istehlak edir. Onun 300 milyon kub metrini Rusiyadan tranzit haqqı olaraq alan Gürcüstan eyni zamanda Azərbaycanda da tranzit haqqı alır. Bu da ilə 250-260 milyon kubmetr qaz deməkdir. Yerdə qalan tələbatını isə sırf Azərbaycanın hesabına ödəyən I.Şaban vurğuladı ki, Gürcüstanın enerji nazirinin açıqlaması diqqət çəkir: “Azərbaycanın Gürcüstana əlavə qaz vermək imkanları məhduddur. 2016-cı ildən Azərbaycan Gürcüstana hazırkı səviyyədə qaz göndərmək imkanlarında olmayacaq. Buna görə Azərbaycan bir qədər həcmləri azaldacaq. Digər tərəfdən, Rusiya Ermənistana qaz nəqlini artırmaq niyyətindədir. Bu baş verərsə o zaman Gürcüstanın aldığı tranzit haqq da artacaq”.
I.Şaban vurğuladı ki, Gürcüstan qaza olan tələbatını çatmayan hissəsini Rusiyanın vasitəsilə ödəmək niyyətindədir. Amma Gürcüstan Rusiyadan alacağı qazın qiymətlərinin Azərbaycanın satdığı qazın qiymətindən çox yüksək olmamasını istəyir.
Ekspertin fikrincə, amma hazırda aparılan danışıqlara baxmayaraq regionun qaz təchizatı ilə bağlı xəritəsində ciddi dəyişiklik gözlənilmir.
Xəyal