Gürcüstan baş nazirinin administrasiyası bu dəqiqələrdə baş nazir İrakli Qaribaşvilinin Bakıya səfərinə dair rəsmi məlumat yayıb.
Məlumata əsasən baş nazir Qaribaşvili və prezident İlham Əliyev ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Gürcüstan baş nazirinin Bakıya işgüzar səfəri çərçivəsində baş tutan bu görüş Azərbaycan prezidentinin “Zuğulba” iqamətgahında keçirilib və 3 saat davam edib. Görüşün əvvəlində Azərbaycan prezidenti Gürcüstan baş nazirinin səfərinin əhəmiyyətini qeyd edib. Gürcüstan baş naziri isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri haqda danışıb.
İki ölkə liderləri siyasi-iqtisadi mövzuları və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. İnfrastruktur, energetika və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyəti, münasibətlərin dərinləşməsi perspektivləri müzakirə edilib. Daha sonra görüş dostluq naharında davam edib. Qərara alınıb ki, prezident İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Qeyd edək ki, Gürcüstan baş nazirinin Bakıya səfəri qəfil xarakter daşıyıb və qonşu ölkə rəsmilərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından sonraya təsadüf edib. Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, “Qazprom”la Gürcüstanın qaz təchizatına dair danışıqlar aparılır, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələr gedir.
Kaladze Gürcüstanın qazla təchizatının böyük ölçüdə (90 faizə yaxın) Azərbaycandan təmin edilməsinin qanedici olmadığını, qaz mənbələrinin şaxələndirilməsinin vacibliyi haqda danışıb. Bütün bunlar isə uzun müddətdir Gürcüstana ucuz qaz satan, eyni zamanda bu ölkənin energetika bazarında əsas oyunçu olan Azərbaycanı narahat etməyə bilməzdi. Belə görünür ki, Qaribaşvili ilə Bakıda aparılan, saatlarla davam edən danışıqlarda nəticə əldə olunmayıb və prezident İlham Əliyev özü Tiflisə səfər etməyi qərara alıb (Virtualaz.org).