Azərbaycanın xarici borcu 2 milyard artıb

kredit borcuMaliyyə Nazirliyi xarici dövlət borcu haqda informasiyanı açıqlayıb. İlin əvvəlindən 1 iyula kimi borclar və faizlərin ödənilməsi nəzərə alınmaqla xarici dövlət borcu 146 mln dollar və ya 2,2% artıb.

Maliyyə Nazirliyinin məlumatına görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 12.2 faiz təşkil edib. İlin əvvəlində bu göstərici 3,6 faiz bəndi az (8,6%) olub.

Maraqlıdır ki, ilin I yarısında xarici dövlət borcu manat ifadəsində 36,6% artıb (1 mlrd 859,5 mln manat).

Xarici dövlət borcunun 7%-i yaxın 10 ildə, 59,7%-i 10-20 ildə, 33,3%-i 20 ildən artıq olan müddətə ödənilməlidir, deyə hökumət ictimaiyyəti sakitləşdirir.

Maraqlıdır ki, təkcə 2016-cı ildə dövlət büdcəsinin xarici borca xidmət üzrə xərcləri 1 mlrd 249,7 mln manat və ya xərclər hissəsinin 7,7%-i qədər olacaq. 2015-ci ildə bu məqsədlə 691,5 mln manat yönəldiləcək. Ekspertlər bildirir ki, bir çox hallarda dövlət şirkətlərinin beynəlxalq kredit təşkilatlarından aldığı borc dövlət büdcəsi hesabına ödənilir. (contact.az)