Rusiya ilə ticarət dövriyyəsində 2 milyard dollar fərq

azerb-rusRusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsinin rekord səviyyəsi qiymətlərə necə təsir edəcək?

Vahid Məhərrəmov: «Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi heç də Raqozin səsləndirdiyi kimi 4 milyard dollar deyil, 2 milyard civarındadır»

Rusiya Azərbaycanla milli valyutalarda hesablaşmaların genişləndirilməsi üzrə iş aparmaq niyyətindədir. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov məlumat verib. “Əgər rublla olan göstəricilərə (qarşılıqlı ticarət) nəzər salsaq, hər iki tərəfdə 25-26% səviyyəsində davamlı artım görürük və vurğulayırıq ki, RF Mərkəzi Bankı ilə milli valyutalarda qarşılıqlı hesablaşmaların genişləndirilməsi üzrə iş aparacağıq”,- o, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında bildirib.

A.Lixaçov hesab edir ki, bu, mal dövriyyəsinin inkişafına və diversifikasiyasına, xarici aləmlə bağlı risklərdən uzaq olmağa imkan yaradır.

Sanksiyalar Azərbaycanın keyfiyyətli məhsullarına təlabatı artırır”

Rusiya Azərbaycanı kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükü sahəsində daha sıx əməkdaşlığa dəvət edir. Bu mövzu isə cümə günü Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunub: “Qeyd edim ki, sənaye malları və kənd təsərrüfatı məhsulları ölkələrimiz arasında ticarətdə mühüm yer tutur. Azərbaycanın kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir. Rusiyanın Qərb ölkələrinə sanksiyaları bazarda Azərbaycanın keyfiyyətli məhsullarına tələbatı daha da artırır”.

O, tədarükçüləri ərzaq meydançalarından biri ilə birbaşa əlaqə qurmağa dəvət edib. “Azərbaycan tədarükçülərinin Moskvada açılan ”Fud-siti” topdansatış ticarət meydançası ilə birbaşa əlaqə qurmasına dair razılıq əldə etmişik. Azərbaycanlı nümayəndələr artıq orada olublar”,- deyə D.Raqozin əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Moskvaya və Rusiyanın digər şəhərlərinə birbaşa tədarükü mühüm, sərfəli işdir.

RF iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçov məlumat verib ki, ölkələr kənd təsərrüfatı məhsullarının tədarükündə böyük artıma nail olublar: “Biz (Azərbaycanı) əks-sanksiyalar sahəsində əməkdaşlığa dəvət edirik”.

Azərbaycan şirkətləri boşalan yerləri tutur

A.Lixaçov qeyd edib ki, Rusiya dost olmayan ölkələrə qarşı ərzaq embarqosu tətbiq edəndən sonra bazarda yer boşalıb: “Biz Azərbaycan şirkətlərinin həmin yeri tutduqlarının şahidi oluruq. ASK məhsullarına tələbat böyükdür, burada ehtiyatlar da var və bu gün bizim Kənd Təsərrüfatı nazirlikləri ASK məhsulları bazarına qarşılıqlı çıxış şərtlərini müzakirə ediblər”.

D.Roqozin isə onu da vurğulayıb ki, Rusiya və Azərbaycan qarşılıqlı ticarətin həcminə görə rekord vurublar. “Ötən ilin yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12% artaraq tarixi maksimuma – 4 mlrd. ABŞ dollarına çatıb”.

Bu, ikitərəfli ticarət göstəricilərinin dinamikasına görə MDB ölkələri arasında ən yaxşı nəticələrdən biridir. 2009-cu ildən etibarən RF ilə Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi 2 dəfədən çox artıb.

Onun sözlərinə görə, son zamanlar mənfi tendensiya müşahidə olunur. “Əfsuslar olsun ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən biz ticarətin tempində azalmanın şahidi oluruq – ticarət dövriyyəsi 23,2% – 1,7 mlrd. ABŞ dollarına qədər azalıb”.

O, bunu ərzaq tədarükünün ümumi həcminin olduğu kimi qalması ilə izah edib (Interfaks-Azərbaycan).

Bəs Rusiya ilə bu sahədə əməkdaşlığın dərinləşməsi və Rusiyadan asılı vəziyyətə düşməsi nə vəd edir? Qarşılıqlı əlaqələrdə dollardan imtina edilməsi Azərbaycana nə vəd edir?

Ekspert Vahid Məhərrəmov bildirdi ki, Roqozin vurğulayıb ki, Rusiya və Azərbaycan qarşılıqlı ticarətin həcminə görə rekord vurublar. “Ötən ilin yekunları üzrə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12% artaraq tarixi maksimuma – 4 mlrd. ABŞ dollarına çatıb”. V.Məhərrəmovun fikrincə, Dövlət Statistika Komitəsinın təqdim etdiyi 2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər cədvəlində Rusiyadan Azərbaycana idxal olunan malların dəyəri 1 milyard 314 milyon dollar təşkil edib. Bu da 2013-cü ilin göstəricisinə nisbətən 12,7 faiz az olub. Həmçinin DSK-nın məlumatında ixracın da çox ciddi azaldığı göstərilir: “Belə ki, 2014-cü ildə Rusiya Federasiyasına ölkəmizdən 640,2 milyon dollar dəyərində mal ixrac olunduğu göstərilir. Bu göstərici də əvvəlki ilə nisbətən 40,6 faiz azdır”. V.Məhərrəmovun sözlərinə görə, rəsmi statistikaya əsasən demək olar ki, keçən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi xeyli, yəni 20 faizədək azalıb: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi heç də Raqozin səsləndirdiyi kimi 4 milyard ABŞ dolları deyil, 2 milyard civarındadır. Onu da qeyd etməliyəm ki, əvvəllər də Raqozin səsləndirdiyi rəqəmlərlə Azərbaycan dövlət orqanlarının təqdim etdiyi rəsmi rəqəmlər arasında fərq 2 dəfədən çox olub. Ona görə də hökumətlər ciddi nəsə planlaşdırmaq istəyirsə, əvvəlcə statistikanı dəqiqləşdirməlidirlər. Rusiya hökumət nümayəndəsi bu ilin 7 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin 23,2%-1,7 mlrd ABŞ dolları qədər azaldığını qeyd edir. Bununla yanaşı Azərbaycanla milli valyutalarda hesablaşmaların aparılması təşəbbüsü ilə çıxış edir. Əlbəttə, ölkələr arasında ticarət dövriyyəsinin azalmasının ciddi səbəbləri var. Bu səbəblərdən biri də məhz Rusiyanın milli valyutasının ”zəif” olmasıdır. Ona görə də Rusiya hökumətinin Azərbaycanla milli valyutalarda hesablaşmaların aparılması təşəbbüsündə olması siyasi gedişdir. Bu təşəbbüsün perspektivi yoxdur”.

Xəyal