Türkiyədə QARA ŞƏNBƏ: Canlı bombalar “Barış mitinqini” qana boyadı

Ölkədə 3 günlük matəm elan olundu. Təhqiqat başladılıb, şübhəlilər siyahısında İŞİD və PKK var

Türkiyənin baş naziri Əhməd Davudoğlu Ankaradakı partlayışın təşkilində dövlətin kimdən şübhələndiyi barədə açıqlama verib: “Bu cür terror aktı törətmək üçün potensiala yalnız IŞID terror qruplaşması, PKK, solçu Inqilabi Xalq Azadlıq Ordusu Cəbhəsi və Marksist-Leninçi Partiyası malikdirlər. Araşdırmalar davam edir”.

***

Ankarada törədilən terrorla bağlı Nazirlər Kabineti yanında yaradılan Koordinasiya Mərkəsi tələfat barədə yeni məlumat açıqlayıb. Türkiyə vaxtı ilə saat 23:10 üçün olan məlumata görə, terror nəticəsində ölənlərin sayı 95-ə çatıb. 246 nəfər isə xəstəxanalarda yaralıdır. Mərkəz həyatını itirənlərdən 52 nəfərin adını açıqlayıb.

HDP böhran mərkəzi isə iddia edir ki, bu saatlara qədər qeydə alınan tələfatı daha böyükdür. HDP-lilərin iddiasına görə, 128 nəfər ölüb, 516 nəfər isə yaralanıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Obama Ərdoğana telefon açaraq Ankarada çoxsaylı insan ölümü ilə nəticələnən terror aktını şiddətlə qınadığını, terrorla mübarizə mövzusunda Türkiyənin yanında yer almaqda davam edəcəklərini bildirib. Terrorda həyatını itirənlər üçün başsağlığı, yaralılar üçün şəfa diləyən Obama Türkiyənin acısını paylaşdıqlarını ifadə edib. Prezidentlər qarşıdakı günlərdə mövzunu daha geniş müzakirə etməklə bağlı da razlığa gəliblər.

***

Oktyabrın 10-da Ankarada törədilən terrorla bağlı AXCP sədri Əli Kərimli başsağlığı yayıb. O, facebook səhifəsində yazıb:

Mənfur qüvvələr israrla qardaş Türkiyəni qeyri-sabitlik bataqlığına çəkmək istəyirlər. Bu gün Türkiyədə son illərin ən amansız terror hadisəsi baş verib. Dinc mitinq iştirakçılarının toplandığı meydanda ard-arda baş vermiş 2 partlayış nəticəsində bu dəqiqələrə olan məlumata görə, 97 nəfər ölüb, 400 nəfər də yaralanıb.

Türkiyə xalqına dərin hüznlə baş sağlığı verirəm. Qardaşlarımızın kədəri kədərimiz, sevinci sevincimizdir. Ölənlərə Allahdan rəhmət diləyirəm. Allah Türkiyəni bədxahlarının mənfur planlarından qorusun!

***

ABŞ-ın Milli Təhlükəsizlik Şurası Ankarada törədilən terror hücumunu ən sərt şəkildə qınadıqlarını bəyan edib.

“Hücumun barış üçün planlaşdırılan mitinqdən öncə təşkil olunması hücumun arxasındakıların nə qədər əxlaqsız olduğunu göstərir. Bu hücum bölgədə ortaq təhlükəsizlik məsələlərinə müdaxilə edilməsinin nə qədər zəruri olduğunu göstərir. Bu alçaq hücumlar terrorla mübarizə səylərimizi nəinki əngəlləyəcək, əksinə, qərarlılığımızı daha artıracaq”.

***

Prezident Ərdoğan Ankarada baş verən terrorla əlaqədər Türkmənistana planlaşdırdığı səfəri ləğv edib. Məlumata görə, Ərdoğan, bazar ertəsinə planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının I zirvə toplantısına qatılmaqdan imtina edib. Xatırladaq ki, Ərdoğan, qanlı hücumun ardından İstanbuldakı proqramlarını da ləğv etmişdi.

***

Türkiyə Futbol Federasiyası (TFF) Ankarada yaşanan terror hücumunun ardından elan olunan 3 günlük matəm səbəbilə 10, 11 və 12 oktyabrda keçiriləcək bütün rəsmi və yoldaşlıq görüşlərini təxirə salıb.

TFF-nın rəsmi internet saytında bildirilir: “Ankarada yaşanan terror hücumu nəticəsində həyatını itirən bütün vətəndaşlarımız, şəhid polislərimiz, əsgərlərimiz üçün elan edilən 3 günlük matəm əbəbilə, Türkiyə Futbol Federasiyası 10, 11 və 12 oktyabrda keçiriləcək bütün oyunları təxirə salır”.

***

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə 3 gün matəm elan olunduğunu deyib: “Bu hücum ölkəmizin bütövlüyünə, demokratiyamıza qarşı  yönəlmiş hücumdur . Aldığımız qərarla 3 gün milli yas elan edirik.  Bu ana qədər  97 vətəndaşımız dünyasını dəyişib. Terror aktını canlı bombanın törətməsi ehtimalı  çox yüksəkdir. İki canlı bomba olduğuna dair ciddi əsaslar var. Xalqımızı terrora qarşı çiyin-çiyinə dayanmağa dəvət edirəm”.

***

Türk Təbiblər Birliyi (TTB) Ankarada baş verən partlayşda ölənlərin sayının 97-yə çatdığını açıqlayıb. TTB yaralı sayının isə 400 ətrafında olduğunu bildirib. TTB-nin açıqlamasında 69 nəfərin partlayış baş verdiyi yerdə, 28 nəfərin isə xəstəxanalarda dünyasını dəyişdiyi vurğulanır.

***

Türkiyənin səhiyyə naziri Mehmət Müəzinoğlu bu dəqiqələrdə verdiyi açıqlamada, ölü sayının  86-ya çatdığını bildirib. Nazir 186 nəfərin isə yaralı olduğunu açıqlayıb.

***

Ankaradakı terrorla bağlı ilk rəsmi açıqlama yayılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, partlayışdan 47 nəfərin öldüyü, 126 nəfərin isə yaralandığı deyilir. Məlumatda, partlayışı canlı bombanın törətdiyi iddiası da yer alır.

***

Ankarada çoxsaylı insanın ölümü ilə nəticələnən terror aktına Türkiyə prezidenti Ərdoğan da münasibət bildirib. O, əvvəlki terror aktları ilə bu gün baş verənlər arasında heç bir fərq görmədiyini bildirib:

“Bu mənfur hücumu şiddətlə qınayıram. Qaynağı, ifadəsi, məqsədi, adı nə olursa olsun, hər cür terror aktının və terror təşkilatının qarşısındayıq. Terrora ən böyük dəstəyi, terror aktları və terror təşkilatları qarşısında ikili standartlarla hərəkət edənlər verir. Daha öncə müxtəlif məkanlarda əsgərimizə, polisimizə və günahsız vətəndaşlarımıza qarşı edilən terrorla, bu gün Ankarada vətəndaşlarımızı hədəf alan terror hücumu arasında heç bir fərq yoxdur. Millət olaraq, xüsusilə də siyasi partiyalar, qeyri-hökumət təşkilatları və media olaraq, bu hücumların qarşı eyni həssaslıqla, eyni səmimiyyətlə, eyni insani və əxlaqi duruşla münasibətimizi ortaya qoymalıyıq”.

***

Ankara Dəmiryol Vağzalının yanındakı meydanda törədilən partlayışın baş vermə anını göstərən videogörüntü sosial mediada yayılıb. Videogörüntüdən görünür ki, meydanda mitinq üçün toplaşan bir dəstə gənc əl-ələ tutaraq şüar deyə-deyə halay çəkir. Elə bu an arxada güclü partlayış baş verir. İki partlayış səsi eşidilir.

Ankaradakı terrora görə Türkiyənin baş naziri, AKP-nin sədri Əhməd Davudoğlu seçki proqramını 3 günlük təxirə salıb. CHP lideri Kamal Kılıçdaroğlu da hadisəyə görə bu gün seçki proqramını ləğv edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İstanbuldakı proqramını təxirə salıb. Ərdoğan bu gün İstanbulda iki toplantıya qatılmalı idi.

Baş nazir Davudoğlu terror hadisəsi ilə bağlı daxili işlər və səhiyyə nazirləri ilə təcili müzakirələr aparıb.

***

Türkiyənin paytaxtı Ankarada partlayış baş verib. Partlayış Dəmiryolu Vağzalının yanındakı meydanda olub. İddialara görə ərazidə canlı bomba partladılıb. Partlayışın iki dəfə baş verdiyi deyilir. Türkiyə medaisının məlumatına görə, partlayış nəticəsində azı 20 nəfər həlak olub, çoxlu sayda yaralı var. Əraziyə təcili tibbi yardım maşınları cəlb olunub. Partlayışın törədildiyi ərazidə bu gün “Əmək, sülh və demokratiya” şüarı ilə mitinqinin keçirilməsi planlaşdırılırdı.

ankara-partlayish