Bilal Ərdoğan İtaliyaya qaçıb?

bilal-erdoganTürkiyə prezidenti iddialara cavab verdi: «İftiradır, alçaqlıqdır»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Italiya mətbuatının gündəminə gəlib. Italiyanın rəsmi informasiya agentliyi ANSA, həmçinin ölkədə nəşr olunan “Il Sole 24 Ore” “La Stampa” ”Bologna Today” qəzetləri öz səhifələrində prezident oğluna geniş yer ayırıblar. Və Bilal Ərdoğanın Italiyaya qəfil gəlişinin səbəblərini araşdırmağa çalışıblar. Əslində Italiya mediasını maraqlandıran Bilal Ərdoğanın ölkədən qaçdığı ilə bağlı Türkiyə KIV-lərində yayılan iddialardır.

Bu iddianı da ilk dəfə “Twitter” hesabından yaydığı sensasion məlumatları ilə Türkiyədə interenet fenomeninə çevrilən, ölkədə baş verəcək olayların bir neçə gün əvvəldən anonsunu verən Fuat Avni səsləndirmişdi.

Avninin iddiasına görə, 1 noyabr seçkisində uğur qazanacağından əmin olmayan Ərdoğan yavaş-yavaş ailəsini və pullarını ölkədən çıxarır. Ilk addım kimi də sentyabrın 27-də oğlu Bilalı ailəsi ilə birlikdə Italiyaya göndərib. Üstəlik Bilal gedərkən özü ilə böyük miqdarda pul da aparıb. B.Ərdoğana həmçinin Italiya, Isveçrə və digər ölkələrdəki bank hesablarına nəzarət etmək təlimatı da verilib. Bu iddianın yayılmasından bir neçə gün sonra hökumətə yaxın media Bilal Ərdoğanın Italiyaya getdiyini təsdiqlədi. Və bildirildi ki, prezident oğlu Italiyaya yarımçıq qalmış təhsilini davam etdirməyə gedib. Məlumatlara görə, B.Ərdoğan Cohns Hopkins Universitetində beynəlxalq əlaqələr ixtisası üzrə təhsilini iki il müddətinə dondurubmuş, indi isə davam etdirməyə qərar verib.

Türkiyənin “Cumhuriyet” qəzeti Bilal Ərdoğanın axtarışına çıxaraq onu Italiyanın Florensiya şəhərində tapmış və fotolarını çəkərək yaymışdı.

Fuat Avininin dediyinə görə, Ərdoğan oğluna silahlı mühafizəçilər də ayırıb. Lakin Italiya hökuməti silah məsələsində problem yaratdığı üçün mühafizəçilər Türkiyənin Milandakı konsulluğunun əməkdaşları kimi rəsmiləşdirilib. Və yalnız bundan sonra onların silah gəzdirməsinə icazə verilib.

Fuat Avni iddia edir ki, bütün bu tədbirlər Ərdoğan ailəsinin ölkədən qaçmasına hazırlıqdır: “Qorxu içindədilər. Əvvəlcə pulları çıxarırlar, sonra da özləri qaçmağı düşünürlər. Bilal seçkiyə qədər Italiyada qalacaq. Seçkinin nəticəsindən asılı olaraq vəziyyət dəyişə də bilər. 1 noyabrdan sonra özünün və ailəsinin xaricə qaçması üçün plan hazırdır”.

Türkiyə prezidenti son açıqlamalarının birində bu iddialara münasibət bildirib və oğlu ilə bağlı çıxan xəbərləri cəfəngiyyat adlandırıb: “Heç bir ölkənin liderinə bu qədər təhqir yoxdur. Min cür təhqirdən istifadə edirlər. Ailəmə hücum edirlər. Oğlum Bilal haqqında yazdıqlarına baxın. Təhsil üçün Italiyaya gedib. Yazırlar ki, guya 1 milyard dollarlaÿ Italiyaya qaçıb. Belə yalan olarmı?! Sosial mediada da iftiralar davam edir. Bu cür alçaqlıq dünyanın heç bir yerində xoş qarşılana bilməz. Amma bizdə bəzi media orqanları və müxalifətçilər siyasətlə bu cür məşğul olur. Bu iftiralara qarşı vəkillərimiz lazımi hüquqi addımları atır”.