AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvü, tarix elmləri doktoru, professor Elmira Muradəliyevanı yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli Elmira xanım! Sizi, istedadl alim, peşəkar pedaqoq, fədakar, əqidəsinə sadiq cəbhəçi, gözəl dost, zərif xanım, millətin siması olan ziyalımızı, yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bakı Dövlət Universitetinin professoru olaraq sizin doğma Azərbaycan, paytaxt Bakının tarixi, xüsusilə neft sənayesi sahəsində araşdırmalarınız ixtisasınıza nə qədər dərindən bələd olduğunuzun bariz nümunəsidir. 100-dən artıq elmi əsərin, monoqrafiyanın, məqalənin müəllifi kimi vətənimizin gerçək tarixini gələcək nəsillərə çatdırmaqda misilsiz xidmətləriniz var. Buna görə dəfələrlə beynəlxalq konfranslarda xalqımızı, elmimizi ləyaqətlə təmsil etmisiniz, tarixçi alim kimi xaricdə medallarla təltif olunmusunuz.
Pedaqoji və elmi fəaliyyətinizdəki gərgin əməyinizlə bərabər siz partiyamızın sıralarında da daim öndə, mübarizədəsiniz. Sizin kimi vətənpərvər və fədakar xanımlar həm millətin, həm də əqidədaşlarının qürur mənbəyidir. Dərin intellektiniz, alicənablığınız və mübarizliyinizlə cəbhədaşlarınızın məhəbbətini və yüksək etimadını qazandığınıza görə siz dəfələrlə AXCP Ali Məclisi və Rəyasət Heyətinin üzvü seçilmisiniz. Azad söz, ədalətli seçki, siyasi məhbuslara azadlıq və demokratiya naminə keçirilən bütün etiraz aksiyalarında iştirakınızla gənclərimizə daim örnək olmusunuz. Elmə verdiyiniz töhfələrlə bərabər azadlıq və demokratik dəyərlər uğrunda mücadilədə də bizimlə bu haqq yolunda bərabər yürüdüyünüzə görə sizinlə fəxr edirəm.
Əzizimiz Elmira xanım, sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, siyasi və elmi fəaliyyətinizdə daha böyük uğurlar, ədalətin bərqərar olduğu bütöv Azərbaycanda uzun sağlıqlı ömür diləyirəm.
TANRI SİZİ QORUSUN!”